Müqəddəs Ruh Şagirdlərin Üzərinə Enir

Müqəddəs Ruh Şagirdlərin Üzərinə Enir

İncil, Həvarilərin İşləri, 2-ci fəsil, 1-41-ci ayələr

Məbədin meydanı çox izdihamlı idi. Bu gün Yəhudilərin Əllinci Gün bayramını qeyd etdikləri gün idi. Bunun üçün bir çox zəvvar Yerusəlimə toplanmışdı. Bayram mərasimi, Pasxa Bayramından sonrakı əllinci gündə olurdu.

Bir çox imanlı Yerusəlimdəki evlərdən birinin böyük otağına yığılmışdı. Onlar danışıb dua etdilər. Birdən göydən əsən güclü külək uğultusu kimi bir səs eşitdilər. Səs getdikcə yüksəldi və bütün otağı bürüdü.

Alova bənzər bir şeylərin parçalanaraq dillərə bölündüyü göründü. Sonra isə həvarilərin və İsa Məsihə iman edənlərin üzərinə endi. Bu, əsl alov deyildi, bu, Müqəddəs Ruhun bir əlaməti idi.

Bu hadisə zamanı görünən görüntüdən daha vacib olan şey, insanların daxillərində hiss etdikləri dəyişiklik idi. O anda sevinc içində uca səslə ibadət etməyə başladılar. Bir anda İsanın nə qədər yaxşı şey söylədiyini və etdiyini dərk etdilər. Allahın onlara qarşı nə qədər səxavətli olduğunu və Onu görməsələr də, Onun varlığını hiss etdiklərini anladılar. Həvarilər böyük bir həyəcanla Allaha şükür etdilər. Dua etdilər, ilahilər oxudular və çox sevindilər ...

Qısa bir müddət içində sadəcə öz dillərində deyil, əvvəllər heç eşitmədikləri dillərdə də ibadət etdiklərini gördülər. Həvarilər, müxtəlif şəhərlərdən və ölkələrdən gələn insanlar bir-birlərini başa düşə bilirdilər.

Hər kəs öz dilini; Yunan, latın, ərəb, fars və bir çox başqa dilləri eşidə bilirdi.

Bəziləri bunun fövqəltəbii bir şey olduğunu düşünərək qorxdular. Digərləri gülərək dedilər: “Onların hamısı sərxoşdur!”

Həvarilərdən biri, Peter ayağa qalxdı və izdihama müraciət etmək istədiyini göstərmək üçün əlini qaldırdı. O, belə danışmağa başladı:

“Ey yəhudilər və Yerusəlimdəki hər kəs, icazə verin bu vəziyyəti sizə izah edim. Sözlərimə qulaq asın. Bu adamlar, düşündüyünüz kimi sərxoş deyillər. İndi hələ səhərdir! Biz bu gün uzun illər əvvəl Yoel peyğəmbərin qabaqcadan söylədiyi Müqəddəs Ruhu qəbul etdik. Son bir neçə həftə ərzində Müqəddəs Yazılarda yazılmış bir çox şey baş verdi. Bu gün şahid olduğunuz şey Müqəddəs Ruhun enməsidir. Nazaretli İsanın başına gələn hər şeyi peyğəmbərlər qabaqcadan xəbər vermişdilər. Allahın Oğlu olduğunu sübut edərək bir çox möcüzələr etdi. Amma bütün bunlara baxmayaraq, siz Romalıların köməyi ilə İsanı çarmıxa çəkdiniz. Lakin Allah Onu diriltdi”.

“Biz iman edirik, çünki hamımız bunun şahid olduq. Çarmıxa çəkilmədən sonra onu gözümüzlə gördük, dirildiyini bilirik. Onun göyə qalxdığını gördük. İndi də bizə Müqəddəs Ruhu göndərdi. Bunu bilin ki, Allah İsanı Rəbb etdi”.

Oradakı insanların çoxu Allahın birbaşa Peter vasitəsilə onlarla danışdığını görə bilirdi. Həvarinin verdiyi məlumatın doğruluğuna şübhə etmədilər. Üstəlik, onun çıxışından dərin təsirləndilər.

“İndi nə etməliyik?” deyə Peterdən soruşdular.

Peter cavab verdi: “Tövbə edin, hamınız İsa Məsihin adı ilə vəftiz olun. Onda günahlarınız bağışlanacaq və bəxşiş olaraq Müqəddəs Ruhu alacaqsınız. Çünki bu vəd … Allahımız Rəbbin çağırdığı hər kəs üçündür”.

Minlərlə insan Peterin vəzini dinlədi. Həmin gün üç min insan vəftiz olundu. Onların hamısı İsa Məsihin Müjdəsini böyük sevinclə qəbul etdi.

İlk imanlılar cəmiyyəti, Müqəddəs Ruhun endiyi gün, Əllinci Gün bayramında belə quruldu.

SUALLAR

1) Həvarilərin Müqəddəs Ruhu qəbul etdiyini biz necə bilirik? Bu niyə belə aydındır?

2) Peter nə haqqında danışdı?

3) O gün neçə nəfər vəftiz olundu? Bunu niyə etdilər?

4) Hansı bayram imanlılar cəmiyyətinin doğulduğu gün olaraq hesab olunur?

93. Müqəddəs Ruh Şagirdlərin Üzərinə Enir00:00 / 03:58