İman Etdiyi Üçün Vəftiz Olunan Hərəmağası

İman Etdiyi Üçün Vəftiz Olunan Hərəmağası

Müqəddəs Kitab, Həvarilərin İşləri, 8-ci fəsil, 26-39-cu ayələr

Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: “Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx”. Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. Ruh Filipə dedi: “Get, bu arabaya çatıb yanında qal”. Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: “Görəsən oxuduğunu başa düşürsənmi?” Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: “Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?” Filip dedi: “Əgər bütün qəlbinlə iman edirsənsə, mümkündür”. Hərəmağası cavab verdi: “İsa Məsihin Allahın Oğlu olduğuna inanıram”.

Möhtəşəm bir at arabası boş yolda yavaş-yavaş irəliləyirdi. Zəngin geyinmiş afrikalı bir adam arabada oturmuş və diqqətlə Müqəddəs Yazıları oxuyurdu. Bu adam Həbəşli bir hərəmağası idi.

O, vətəni Həbəşdə mühüm bir məmur idi, zəngin və əsilzadə bir insan kimi şöhrət qazanmışdı. Buna baxmayaraq, özünü xoşbəxt və sülhlü hiss etmirdi. “Mən nə üçün yaşayıram? Öləndən sonra mənə nə olacaq? Kim mənim günahlarımı bağışlaya bilər? Məni kim olduğum kimi sevə bilər?” kimi bir çox suallara cavab tapa bilməmişdi.

Həbəşli bu vəzir qədim zamanlarda Allahın İsrail xalqını seçdiyini eşitmişdi. Allah onlarla birlikdə olmaq, həyatlarını düzgün yaşamağı öyrətmək üçün onları seçmişdi. Bu səbəbdən Həbəşli adam məbəddə ibadət etmək və maraqlandığı suallarına cavab tapmaq üçün Yerusəlimə getmək istəyirdi. Lakin Həbəşli hərəmağası yəhudi olmadığı üçün, onu məbədə buraxmamışdılar. Bir çox şey onun üçün qaranlıq qalmışdı.

Yerusəlimdə daha çox vaxt keçirmək istəmədi, içində uzun illər əvvəl yazılmış peyğəmbər Yeşayanın kitabının da olduğu Müqəddəs Yazıları aldı.

Qayıdanda, arabasında oturub kitabdan bir adam haqqında hekayə oxuyurdu. Peyğəmbərliyə görə, bu adam özünü qurban verəcək və bir çox insanı xilas edəcəkdi. Hərəmağası, “Bu nə deməkdir?” - deyə maraqlandı.

Elə bu vaxt biri, “Görəsən oxuduğunu başa düşürsənmi?” deyə soruşdu.

Bu şəxs Filip idi. Allah ona səhrada yol getməsini demişdi. Filip, Afrikalı harəmağasının Yeşaya peyğəmbərin kitabını ucadan oxuduğunu eşitmişdi.

Həbəşli, “Mən heç nə başa düşmədim. Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar? Xahiş edirəm mənimlə gəl!” - deyə cavab verdi.

Filip arabaya mindi və hərəmağasının yanında oturdu.

Harəmağası Filipə, “Peyğəmbər kimdən bəhs edir?” deyə soruşdu.

Filip cavab verdi: “O, İsadan bəhs edir”.

Hərəmağası ona dedi: “İsa kimdir?

Filip də ona Allahın və İsanın hökmranlığı haqqında danışdı. İsanın xəstələrə necə şəfa verdiyini, insanlara necə kömək etdiyini və möcüzələr yaratdığını, fariseylərin Ona necə nifrət etdiyini və sonda Romalıların köməyi ilə Onu necə öldürdüklərini danışdı.

Həbəşli belə dedi: “Çox təəssüf edirəm. Mən onunla görüşmək istərdim”.

Filip də, “İsa dirildiyi üçün bu indi də baş verə bilər!” dedi.

Filip, həvarilərin şahidi olduqları hər şeyi Həbəşliyə danışdı. İsanın dirilməsini, göyə qalxmasını, Müqəddəs Ruhun gəlişini izah etdi. O, həmçinin İsanın şagirdlərinin Ona məxsus olduqlarını göstərmək üçün vəftiz olduqlarını bildirdi.

Hərəmağası, “Mən də vəftiz olmaq istəyirəm” dedi.

Filip dedi: “Əgər İsaya iman edirsənsə, səni məmnuniyyətlə vəftiz edərəm”.

Həbəşli başıyla təsdiqlədi və belə dedi:

“Mən İsa Məsihin Allahın Oğlu olduğuna iman edirəm!”

Yolda gedərkən su olan bir yerə gəldilər. Onlar arabadan düşüb suya girdilər və Filip onu vəftiz etdi.

Hərəmağasının ürəyi sevinclə doldu. Filipə təşəkkür etmək istədi, lakin onu bir daha görmədi. Hərəmağası artıq İsanın əbədi olaraq onunla olacağını bilirdi. Beləcə sevinclə yoluna davam etdi.

SUALLAR

1) Filip səhra yoluna necə çıxdı?

2) Hərəmağası nə üçün Yerusəlimə getmişdi?

3) Müqəddəs Kitabdan hansı kitabı oxuyurdu? Filipdən nə soruşdu?

4) Vəftiz olunmazdan əvvəl Həbəşli nəyə şəhadət etdi?

5) Nə üçün yoluna sevinclə davam etdi?

96. İman Etdiyi Üçün Vəftiz Olunan Hərəmağası00:00 / 03:24