
İsa Göyə Qalxır
Müqəddəs Kitab, Luka, 24-cü fəsil, 44-53-cü ayələr; Həvarilərin İşləri, 1-ci fəsil, 9-11-ci ayələr
İsa onlara dedi: “Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz. Budur, Mən Öz Atamın vəd etdiyini sizə göndərəcəyəm....”
İsa onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək gətirdi və əllərini qaldırıb onlara xeyir-dua verdi; xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı. Şagirdləri də İsaya səcdə etdilər və böyük sevinclə Yerusəlimə qayıtdılar.
Dirilmiş Xilaskarın, şagirdləri ilə görüşüb danışdığı günlər necə də gözəl idi! Lakin o günlər uzun sürmədi. İsa göyə, Atasının yanına qayıdacaqdı.
Zeytun dağı sakit, gözəl yer idi və İsa dostlarını ora gətirdi. Şagirdlər məyus idilər. İsanın tezliklə gedəciyini bilirdilər. Pasxa bayramından qırx gün keçmişdi.
İsa belə dedi: “Kədərlənməyin. Səmavi Atamın yanına getsəm də, sizinləyəm. Mənim haqqımda Müjdəni bölüşmək üçün dünyanın dörd bir tərəfinə getdiyinizdə, Müqəddəs Ruh vasitəsilə sizinlə birlikdə olacağam. Sizə dəfələrlə söylədim: Göyə getdiyimdə, sizə bir Vəsatətçi göndərəcəyəm”.
Şagirdlər çaşbaş qaldılar. İsa belə davam etdi:
“Yəhya su ilə vəftiz etdi. Bununla insanlar tamamilə fərqli bir həyat yaşamaq istəklərini göstərə bildilər. Müqəddəs Ruh da eyni şəkildə işləyir. Bu sizi yeni bir insan edir. Müjdəni paylaşmaq üçün sizə yeni bir güc verir. Müqəddəs Ruh vasitəsilə Mən sizə rəhbərlik edəcəyəm. Onun sayəsində Mənimlə ünsiyyətiniz olacaq və Məni sevəcəksiniz. Burada Yerusəlimdə, sonra bütün İsrail və dünyanın hər yerində Mənim haqqımda Müjdəni yaymaq üçün Allah tərəfindən sizə səlahiyyəti veriləcək”.
Sonra İsa əllərini qaldırdı, şagirdlərinə xeyir-dua verdi və göyə qalxmağa başladı! Bir bulud Onu şagirdlərdən tamamilə gizlədənə qədər yüksəldi. Belə ayrılmaq heç gözlənilməz idi. İsanın bu şəkildə, hər kəsin önündə göyə yüksələrək Atasının yanına qayıdacağını kim bilərdi ki?
Şagirdlər yuxarıya baxaraq durdular. İndi nə edəcəkdilər?
Elə bu vaxt göz qamaşdıran ağ geyinmiş iki şəxs şagirdlərin qarşısına çıxdı. Bunlar mələklərdi. İsanın göydən yer üzünə təkrar gələcəyini şagirdlərə söylədilər. İkinci dəfə İsa bir Körpə olaraq deyil, Hakim, Uca Padşah kimi gələcəkdi. Onun nüfuzu və əzəməti göz qabağında idi. Onun gəlişinə qədər İsa, imanlıların qəlbində olacaq və göydə hökm sürəcək.
Şagirdlər İsanın son sözlərini xatırladılar. Onlar sevinərək Yerusəlimə qayıtdılar.
SUALLAR
1) İsa, şagirdləri ilə vidalaşdımı? Onlara nə dedi?
2) Rəbb onlardan necə ayrıldı?
3) Mələklər şagirdlərə nə dedilər?