
Şaul İsaya İman Edir
Müqəddəs Kitab, Həvarilərin İşləri, 9-cu fəsil, 1-30-cu ayələr
Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” Şaul ona dedi: “Ey Ağam, Sən kimsən?” O cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. Qalx ayağa, şəhərə get və nə etmək lazımdırsa, sənə deyiləcək”.
Stefanın ölümünü qeyd edən bir adam var idi. Bu adam, məsihçiləri təqib edən gənc farisey idi. Rəbbin yeni-yeni yaranan imanlı cəmiyyətində əhəmiyyətli yeri olan Stefan öldürülmüşdü. Bunu bilən Şaul, sevincini gizlədə bilmirdi. Stefanın ölümündən sonra imanlılara qarşı vəhşicəsinə təqiblər başlamışdı və bu təqibdə Şaulun böyük payı vardı. Belə edərək Allaha xidmət etdiyinə inanırdı.
Bir dəfə Şaul Dəməşqə gedirdi. Orada çox sayda məsihçilər var idi. Onları həbs etmək üçün Yerusəlimə gətirməyi düşünürdü. Baş kahindən də bunu etmək üçün yazılı icazə aldı.
Dəməşqə yaxınlaşarkən, həyatını tamamilə dəyişdirən bir hadisə baş verdi. Birdən göz qamaşdıran bir işıq onu kor etdi. Şaul yerə yıxıldı və göydən bir səs eşitdi. Ona deyirdi:
“Şaul, Şaul, niyə Məni təqib edirsən?”
Şaul qorxaraq soruşdu: “Ey Ağam, Sən kimsən?”
Səs cavab verdi: “Mən sənin təqib etdiyin İsayam”.
Şaul qorxudan titrəyirdi və İsaya görə çaşbaş olmuşdu. Onun həmişə saxta peyğəmbər və yalançı olduğunu iddia etmişdi. İsa Məsihin imanlı cəmiyyətinin qorxduğu təqibçisi Şaul indi yanıldığını başa düşdü. Qəflətən göydən onunla danışan İsanın, peyğəmbərlərin bəhs etdiyi Allahın Oğlu, Məsih olduğunu başa düşdü.
İsa ona dedi: “Qalx ayağa, şəhərə gir və nə etmək lazımdırsa, sənə deyiləcək”.
Şaul yerdən qalxdı amma gözlərini açanda heç bir şey görə bilmədiyini başa düşdü. Buna görə də onunla birlikdə olanlar əlindən tutub onu Dəməşqə apardılar. Orada üç gün ərzində gözləri görmədi və o nə yedi, nə də içdi. Bütün bu müddət ərzində Allaha yalvardı və Ondan bağışlanmasını dilədi. Üç gün sonra Allah Şaulun yanına Xananya adlı bir nəfəri göndərdi. Xananya əllərini Şaulun üzərinə qoyub Allaha dua etdi ki, onun gözləri açılsın. Gözləri açıldıqdan sonra Şaul vəftiz olundu və imanlılar cəmiyyətinə qoşuldu.
SUALLAR
1) Şaul nə üçün Dəməşqə getdi? Nə etməyi düşünürdü?
2) Qurduğu planlar üçün kimdən icazə alıb?
3) Şaulu Dəməşq yaxınlığında nə dayandırdı?
4) Yolda kor olanda Şaul nəyi başa düşdü?