İsa Uğrunda Ölən İlk İnsan

İsa Uğrunda Ölən İlk İnsan

Müqəddəs Kitab, Həvarilərin İşləri, 6 və 7-ci fəsillər

Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. O dedi: “Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm”. Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: “Ya Rəbb İsa, ruhumu qəbul et”. Sonra diz çöküb ucadan nida etdi: “Ya Rəbb, bunu onlara günah sayma”. Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.

Yerusəlim imanlılar cəmiyyətinin sayı artmışdı. İmanlılar cəmiyyətində minlərlə imanlı var idi. Həvarilər, ehtiyacı olan insanlara qayğı göstərirdilər və bu, onların çox vaxtını alırdı. Buna görə də, bu işlərlə məşğul olmaq üçün hörmətli şəxslər təyin etmələrinin lazım olduğu nəticəsinə gəldilər. Bu insanlar sadəcə kasıbların qayğısına qalmır, həm də təbliğ edirdilər. Stefan onlardan biri idi. Müqəddəs Ruhun gücü ilə dolu olan Stefan, bir çox insana tövbə etmələri üçün səsləndi və Rəbb İsanın adı ilə möcüzələr yaratdı. Bütün bunlar bir çox Yəhudi arasında paxıllıq və nifrət oyatdı.

Bu, Stefanın Ali Şuraya aparılmasına səbəb oldu.

Onun çıxışı vəz kimi idi. Orada olanlar əvvəlcə onun sözlərində yersiz heç nə tapmadılar, çünki Stefan Allah və xalqı arasındakı münasibətin hekayəsini yenidən danışırdı. Amma sonra Stefan onları məzəmmət etməyə başladı.

“Siz Allahın sözünə qarşı inadkar və karsınız! Atalarınızın peyğəmbərləri qəbul etmədiyi kimi, siz də İsanı qəbul etmədiniz” dedi.

Stefan göyə baxıb dedi: “Allah mənim gözlərimi açdı. Mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm”.

Ali Şuranın üzvləri bunu eşidəndə qəzəblərini saxlaya bilmədilər. Hamısı birlikdə Stefanın üstünə hücum çəktilər və onu şəhərdən kənara çıxardılar. Qəzəblə onu itələyib döydülər. Şəhərdən çıxanda Stefanı mühasirəyə aldılar və öldürmək üçün onu daşqalaq etdilər.

Ağır yaralanan Stefan belə yalvardı: “Ya Rəbb İsa, ruhumu qəbul et!”

Daşın zərbələri o qədər güclü idi ki, diz çöküb ucadan nida etdi:

“Ya Rəbb! Bunu onlara günah sayma!”

Bu sözlər İsanın çarmıxdakı sözlərinə çox bənzəyirdi.

Stefan öldü. Lakin tam İsanın etdiyi kimi, düşmənləri üçün dua etdi. Stefan, Xilaskar Rəbb İsaya iman etdiyi üçün öldürülən ilk imanlı oldu.

Müzakirə üçün suallar

4 sual
  1. Həvarilərin nə üçün çox vaxtı yox idi?

  2. Həvarilər bu çətinliklərin öhdəsindən necə gəldilər?

  3. Stefan kim idi? Yəhudilər niyə ona qəzəbləndilər?

  4. Stefan daşqalaq ediləndə nə üçün dua edirdi?

94. İsa Uğrunda Ölən İlk İnsan00:00 / 02:06