Cəbrayıl Mələk, Məryəmə Görünür

Cəbrayıl Mələk, Məryəmə Görünür

Müqəddəs Kitab, Luka, 1-ci fəsil, 5-38-ci ayələr

Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: “Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir... Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq”.

Qalileyanın kiçik Nazaret şəhərində Məryəm adlı gənc bir qız yaşayırdı. O, dülgər olan Yusiflə nişanlanmışdı. Yusif və Məryəm kasıb olsalar da, Davud padşahın nəslindən idilər. Onlar tezliklə evlənəcəkdilər. Bir gün Məryəm ev işləri ilə məşğul idi ki, birdən Cəbrayıl mələk ona göründü. Allah Onu yer üzünə göndərmişdi. Cəbrayıl dedi:

“Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir”.

Məryəm çox qorxdu və düşündü:

“Bu günə qədər heç kim məni belə salamlamamışdı.”

Cəbrayıl dedi: “Qorxma, Məryəm. Sən Allahın lütfünə nail oldun. Bir Oğul doğacaqsan və adını İsa qoyacaqsan (bu, Xilaskar deməkdir). O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək və Onun Padşahlığının sonu olmayacaq”.

Məryəm mələyin nə dediyini tam başa düşməmişdi.

O, titrək səslə “axı mən hələ evli belə deyiləm...” dedi.

Mələk dedi: “Hər uşağın bir atası var. Ancaq sənin doğacağın Oğul qeyri-adi bir körpə olacaq. Onun Atası Allahdır. Buna görə Allahın Oğlu olacaq dedim”.

Məryəm, mələyə inandı. Allahın yüz illər əvvəl vəd etdiyi şey gerçəkləşəcək! Məryəm vəd edilmiş Xilaskarın anası olacaqdı! Amma Məryəm bütün bunların necə olacağını anlaya bilməmişdi, çünki o, hələ evli deyildi. Buna görə də mələkdən soruşdu: “Bu necə ola bilər?”

Cəbrayıl belə cavab verdi:

“Müqəddəs Ruh sənin üzərinə enəcək, Kainatın Padşahına həyat verəcək. Doğacağın körpə Müqəddəs Allahın Oğlu adlanacaq!”

Məryəm Allaha itaət etmək istəyirdi, buna görə də belə dedi:

“Mən Rəbbin quluyam. Qoy mənə dediyin kimi olsun”.

Bundan sonra mələk onu tərk etdi və göyə qayıtdı.

SUALLAR

1) Cəbrayıl mələk kimə göründü? Məryəm harada yaşayırdı? Kimlə nişanlanlı idi? Onlar kimin nəslindən idilər?

2) Mələk nə olacağını söylədi?

3) Mələyin gətirdiyi xəbərə Məryəmin reaksiyası necə oldu?

50. Cəbrayıl Mələk, Məryəmə Görünür00:00 / 02:03