Şərqdən Gələn Müdrik Adamlar

Şərqdən Gələn Müdrik Adamlar

Müqəddəs Kitab, Matta, 2-ci fəsil, 1-12-ci ayələr

İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib dedilər: “Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik”.

Uzaq bir ölkədə müdrik adamlar yaşayırdı. Niyə onları müdrik adlandırdılar? Çünki, onlar müxtəlif və xüsusi mövzular üzərində işləyirdilər. Onlar müxtəlif fənlər öyrənirdilər və ən çox sevdikləri mövzulardan biri də ulduzları öyrənmək idi.

Bir gecə onlar səmanı araşdırarkən, qəfil yeni bir şey gördülər. Bu, parlaq işıldayan bir ulduz idi. Şərq səmasında çoxlu ulduzlar var idi, amma bu ulduz digərlərindən tamamilə fərqli idi. Onu əvvəllər heç görməmişdilər. Bəli, digər ulduzlardan xüsusi və fərqli idi.

Niyə Allah onlara bu parlaq yeni ulduzu göstərdi? Bu, Padşahın yer üzündə bir yerdə doğulduğuna işarə idi. Ulduzun arxasınca getsəydilər, ulduz, onları həmin yerə aparacaqdı. Müdrik adamlar bunu eşitdiklərinə görə çox sevindilər! Onlar səyahətə hazırlaşmağa başladılar. Özləri ilə Padşah üçün hədiyyələr götürdülər və yığışıb yola düşdülər.

Onların yolu uzun idi; onlara rəhbərlik edən parlayan ulduzun ardınca getdilər. Nəhayət, onlar müqəddəs Yerusəlim şəhərinə çatdılar. Müdrik adamlar yeni doğulmuş Padşahı görmək arzusunda idilər, ona görə də dərhal padşah sarayına yollandılar. Onlar Onu orada tapacaqlarına ümid edirdilər.

Hirod onları qonaq etdi. Axşam yeməyində onlara xoş davranıb, gəlişlərinin səbəbini soruşdu. Müdrik adamlar gördükləri ulduzu və onun mənasını, yəni Padşahın doğulmasını izah etdilər.

Müdrik adamlar dedilər: “Biz onu padşah sarayında taparıq deyə bura gəldik”.

Hirod dedi: “Düz etdiniz. Təəssüf ki, burada yeni doğulmuş körpə yoxdur. Bununla belə, axtarışda sizə kömək edəcəyəm. Mənim padşahlığımda çoxlu müdrik adamlar var. Onları toplayıb bütün bu baş verənlər haqqında məlumat alacam”.

Doğrudan da, ölkənin savadlı adamlarının axtarışda böyük köməkləri oldu. Onlar dedilər:

“Padşah Bet-Lexemdə doğulmalı idi. Müqəddəs Kitabda Mikeya peyğəmbərin kitabında elə deyilir.”

Hirod qonaqlarına belə dedi: “Bet-Lexem buradan çox uzaq deyil. Günortadan sonra çıxıb cənuba doğru getsəniz, hava qaralmadan ora çatarsanız. Xahiş edirəm uşağı diqqətlə axtarın, tapanda mənə xəbər verin. Mən də yeni doğulan Padşaha hədiyyələr vermək istərdim”.

Hirod hiyləgər və pis təbəssümünü güclə gizlədə bildi. Körpəyə hədiyyə vermək fikrində deyildi. Onu öldürməyi planlaşdırırdı. Lakin müdrik adamların bundan xəbəri yox idi.

Onlar sevinclə yola çıxdılar; Bet-Lexemə çatanda artıq hava çoxdan qaralmışdı. Onlar səmada ulduzları görə bilirdilər. Müdrik adamlar çox sevinirdilər, bütün səyahət boyu o qədər ulduz arasında onlara bələdçilik edən ulduzu görürdülər. Ulduz onlardan qabaqda gedirdi. Körpənin olduğu yer üzərində dayandı.

Müdrik adamlar, “Bura olmalıdır! Bax bu evdə! Allah bizə yol göstərdi!” deyə sevinirdilər.

Kiçik sığınacağına hörmətli adamların girdiyini görən Yusif gözlərinə inanmadı.

Məryəmin evində indiyədək uzaq ölkədən gələn nüfuzlu qonaqlar heç olmamışdı.

Ziyarətçilər, “Biz İsrailin yeni doğulmuş Padşahını axtarırıq!” dedilər.

Yusif, “Uşaq buradadır” deyərək körpəni göstərdi.

Müdrik adamlar körpə İsanın qarşısında yerə qapandılar . Onu Allah kimi izzətləndirdilər. Bu cür savadlı, hörmətli, səliqəli geyinmiş insanların bunu etməsi təəccüblü idi.

Bəs sonra nə oldu? Müdrik adamlar qızıl, kündür və mirra kimi bahalı hədiyyələrini çıxarıb İsaya təqdim etdilər.

Bu xüsusi ziyarətçilər körpə İsa, Məryəm və Yusiflə vidalaşdıqdan sonra oradan ayrıldılar.

Gecə Allah hammı yatarkən Hirodun əsl niyyətini müdrik adamlardan birinə röyada bildirdi.

Müdrik adam dostlarına belə dedi: “Allah mənimlə röyada danışdı. O, mənə dedi ki, padşah Hirod göründüyü qədər mehriban deyil. Körpəyə hədiyyə verməyəcəkmiş. Onun məqsədi Ona zərər verməkmiş. Ona görə də biz heç vaxt padşah sarayına qayıtmamalıyıq”.

Beləliklə, onlar öz ölkələrinə qayıtdılar. Körpəni tapdıqlarını padşaha xəbər vermədilər.

Növbəti gecə Allah, Yusifə röyada görünərək danışdı. Ona arvadı və uşağı ilə Misirə qaçmasını söylədi. Yusif gecikmədən ayağa qalxdı, körpə İsanı və Məryəmi götürüb gecə vaxtı yola düşdü. Misirə gedən yol uzun idi. Sonralar öyrəndiklərinə görə, Allah onları böyük bəladan qorumuşdu. Hirod, müdrik adamların ona heç nə deməməsinə çox qəzəblənmişdi. Buna görə də o, Bet-Lexem və bütün ətrafında olan iki və iki yaşından kiçik oğlan uşaqlarının hamısını öldürtdü. O, yeni doğulmuş Padşahı tapmağa ümid edirdi, lakin İsa artıq çoxdan təhlükəsiz yerdə idi.

Qısa bir müddət sonra Hirod öldü.

Hirodun ölümündən sonra Allahın mələyi Yusifə röyada göründü. Artıq təhlükədə olmadıqlarını, İsrailə geri qayıda biləcəklərini söylədi. Yusif ayağa qalxıb Məryəmi və İsanı özü ilə götürdü və vətəni Nazaretə qayıtdı. Bu şəhər İsanın uşaqlığını və gənclik illərini keçirəcəyi yer idi.

SUALLAR

1) Müdrik adamlar səmada qeyri-adi bir şey gördülərmi? Bu nə idi?

2) Müdrik adamlar Yerusəlimdə kimi tapmağa ümid edirdilər? Kimin yanına gəldilər?

3) İsaya hansı hədiyyələri gətirdilər?

53. Şərqdən Gələn Müdrik Adamlar00:00 / 05:46