
Çöldəki Çobanlar
Müqəddəs Kitab, Luka, 2-ci fəsil, 8-20-ci ayələr
O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı... Mələk onlara dedi: “Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız”. Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi: “Ən ucalarda Allaha izzət, yer üzündə Onun razı olduğu insanlara sülh olsun!”
Bet-Lexem yaxınlığında bəzi çobanlar sürülərini otarırdılar. Qoyunları, xüsusən də quzuları ac yırtıcılardan qorumaq üçün gecələr oyaq qalmalı olurdular. Hər gecə, istənilən hava şəraitində çobanlar sürülərinə baxırdılar.
Ancaq birdən Rəbbin ehtişamı onların üzərinə göz qamaşdıran nur saçdı! Çobanlar nə baş verdiyini anlaya bilmədilər. Parlaq, nurlu biri, göydən onlara doğru enirdi! Çobanlar dəhşətə gəldilər. “Ola bilməz! Bu, Rəbbin Mələyidir!” onlar dedilər.
Mələk yavaş-yavaş onlarla danışmağa başladı və dedi:
“Qorxmayın! Sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm!”
O, çobanlara Müjdə vermək üçün göydən endiyini dedi. Bu Müjdə həmin gecə Bet-Lexemdə doğulan ecazkar Körpə haqqında idi. Bu Körpə, Xilaskar olan Rəbb Məsih idi.
Çobanlar uzun müddətdir gözlənilən Xilaskarın gəldiyini biləndə heyrətləndilər. Bu, həqiqətən əla xəbər idi! Ancaq sonra eşitdikləri daha da təəccübləndirici idi. Körpəni görmək üçün saraya getmək lazım deyildi. Onlara dedilər ki, axurda yatan körpəni tapacaqlar. Onların etməli olduğu ilk şey, bu tövləni tapmaq idi.
Çobanlar bir-birinə söz deyə bilmədilər. Sonra mələklər göydən belə bir ilahi oxudular:
“Ən ucalarda Allaha izzət, yer üzündə Onun razı olduğu insanlara sülh olsun!”
Dünyanın ən gözəl ilahisi bu olmalı idi.
Sonra mələklər gözdən ittilər.
Çobanlar bir-birlərinə baxıb dedilər: “Gəlin Bet-Lexemə gedək və Allahın bizə bildirdiyi Xilaskarı tapaq!”
Onlar həqiqətən də Müjdənin Allahın özündən gəldiyinə inanırdılar. Çobanlar qoyunlarını çöldə qoyub getdilər. Onlar ümid edirdilər ki, Allah onların sürülərinə baxacaq. Onlar dərhal Bet-Lexemə getdilər. Onlar tövləni tapdılar. Məryəmi, Yusifi və axurda yatmış körpəni gördülər. Hər şey Allahın onlara dediyi kimi idi. Çobanların ürəkləri sevinclə doldu, çünki onlar Allahın Oğlu Xilaskar İsanı, göydən göndərilmiş Məsihi ilk görənlər idi.
SUALLAR
1) Gecə kimlər tarladaydı? Onlar orada nə edirdilər?
2) Mələyi çobanlara kim göndərdi? Mələk onlara nə dedi?
3) Mələklərin ilahisi nə haqqında idi?
4) Çobanlar mələyə inanırdılar? İsanı görməyə tələsdilərmi, yoxsa səhərə qədər gözlədilər?