
Gənc Peyğəmbər
Müqəddəs Kitab, Birinci Şamuel, 3-cü fəsil
Gənc Şamuel Elinin başçılığı altında Rəbbə xidmət edirdi. O vaxt Rəbbin sözünün nazil olması və görüntülərin görülməsi nadir hallarda baş verirdi.
İsraillilər Vəd Olunmuş Torpaqlara məskunlaşdılar və illərlə orada yaşadılar. Özlərinə evlər tikdilər, torpağı becərib, üzüm bağları saldılar. Eyni zamanda, torpaqlarını düşmənlərdən qorudular. Onlar “Hüzur çadırını”, “Məbəd” adlandırırdılar, çadır indi dağda yerləşirdi. Üzərində On Əmrin yazıldığı lövhələri bu çadırda saxlayırdılar. O zamanlar kənddə sərgərdan gəzir, köçəri həyat tərzi keçirirdilər. Xalq, Allaha dua etmək və ya əhd-peyman etmək istəyəndə, görüş çadırına gedirdi.
Kahin Eli məbədin qapısında oturub gələn insanlara baxırdı. Yaşına görə artıq kahinlik etmirdi, bu işi oğulları yerinə yetirirdi. Təəssüf ki, onlar Allaha itaət etmirdilər, pislik edirdilər. Elinin bundan xəbəri vardı. O, onların nalayiq hərəkətlərini acı ilə dilə gətirsə də, oğulları heç vaxt atalarının sözünə qulaq asmayıblar.
Bir gün, bir qadın əlindən tutduğu uşaqla Elinin yanına gəldi. Belə dedi:
“Salam! Mən Xannayam. Məni xatırlayırsan? Bir neçə il əvvəl burada məbədin qarşısında idim. Allaha mənə oğul verməsi üçün yalvarmışdım. O vaxt mən ümidsizlik içindəydim. Necə ağlayıb fəryad etdiyimi xatırlayırsanmı? Amma indi xoşbəxtəm. Bu mənim oğlumdur”. Qadın şəfqətlə oğluna baxıb sözünə davam etdi: “O vaxt sən mənə Allahın duama cavab verəcəyini demişdin. Oğlumun adı Şamueldir. Sizinlə qalmalıdır. Oğlum, Rəbbə xidmət edərkən sizə kömək edər. Mən Rəbbə söz vermişəm, oğlumu Ona həsr etmək istəyirəm”.
Eli belə dedi: “Allah sənə xeyir-dua versin, Şamuel. Mənimlə gəl. Sənə qalacağın yeri göstərəcəyəm”.
Eliyə kömək etmək Şamuelin xoşuna gəldi.
Bir gecə Şamuel yorğun idi, müqəddəs sandığın yanında uzanıb yuxuya daldı. Birdən kiminsə adını çağırmasına oyandı.
Şamuel, “Nə oldu?” deyə səsləndi.
Cavab gəlmədi. Şamuel qalxıb Elinin yanına qaçdı.
“Məni çağırdınmı?” deyə soruşdu.
Eli dedi: “Xeyr, mən çağırmadım. Get yat”.
“Necə də qəribədir” deyə Şamuel düşündü. Gedib yatdı.
Uşaq “Şamuel!” deyən səsi yenə eşitdi və qorxudan ürkdü.
Cəld Elinin yanına qaçdı.
“İndi məni çağırdın, elə deyilmi? dedi.
Eli başını silkələdi. “Yox, mən səni çağırmadım, oğlum. Yatağına get!” dedi.
Şamuel yenidən yuxuya daldı. Yenə kiminsə yüksək səslə adını çağırdığını eşitdi.
“Səhv edə bilmərəm” deyə Şamuel düşündü və Elinin yanına qaçdı.
“Buradayam, Eli! Nəyəsə ehtiyacın var?” dedi.
Kahin, Şamueli çağıranın Allah olduğunu anladı.
O dedi: “Get yat, Şamuel. Allah səni adınla çağıranda deyərsən: «Danış ya Rəbb, qulun Səni eşidir!»”
Şamuel sakitcə yatağına qayıtdı və gözləməyə başladı. “Şamuel, Şamuel!” deyən səs bir daha eşidildi.
Şamuel titrək səslə yavaş-yavaş cavab verdi: “Danış, ya Rəbb, qulun Səni eşidir!”
Allah ona dedi:
“Mən Elinin ailəsini mühakimə edəcəyəm. Oğullarının, etdiklərinə görə Allaha hörmətsizlik etdiklərini bilirdi. Buna baxmayaraq onlara mane olmadı. Ona görə də onu cəzalandıracağam. Oğulları da elə həmin gün öləcək”.
Allahdan gələn bu qorxulu xəbəri eşidən Şamuel, səhərə qədər gözünü qırpmadı. Günəş çıxanda, Şamuel məbədin qapılarını açdı.
Eli ona: “Dünən gecə Allah sənə nə dedi?” deyə soruşdu.
Şamuel cavab verməkdən çəkindi. O, Rəbbin ona bildirdiyini Eliyə deməkdən qorxdu. Amma sonra hər şeyi Eliyə danışdı. Kahin bir müddət susdu, sonra başını aşağı salıb kədərlə dedi: “O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin”.
Bir neçə il içində, Allahın Şamuelə dediyi hər şey həyata keçdi.
Şamuel böyüyərkən Rəbbin həmişə onunla birlikdə olduğunu hiss etdi. Bütün İsrail, Şamuelin Allahın peyğəmbəri kimi şərəfləndiyini öyrəndi. Rəbb Şamuelə vacib həqiqətləri açıqladı. Şamuel də bunları xalqa bildirdi.
SUALLAR
1) Allah nə üçün Elidən razı deyildi?
2) Rəbb Şamueli neçə dəfə çağırdı?
3) Allah Şamuelə nə dedi?