İmanın Zəfəri

İmanın Zəfəri

Müqəddəs Kitab, Birinci Şamuel, 17-ci fəsil

Davud dedi: “Bu gün Rəbb səni mənə təslim edəcək... Bundan sonra bütün dünya biləcək ki, İsraildə Allah var. Bütün bu camaat biləcək ki, Rəbb qılıncla və nizə ilə xilas etməz, çünki bu döyüş Rəbbindir və O sizi bizə təslim edəcək”.

Şamuelin ziyarətindən sonra Davud qoyun otarmağa davam etdi. Yaylağa gedəndə lirasını özü ilə aparardı. Qoyunlar gözəl-gözəl otlayanda o, lirasını çalar, yeni ilahilər bəstələyirdi. Amma bəzən gənc çoban çətin anlar yaşayırdı. Bir dəfə qoyunlarını ayıdan qoruyarkən, az qala bir quzunu itirdi və o an fikirləşdi:

“Mən qoyunlarım üçün etdiyimin eynisini Allah da mənim üçün edir. Mən təhlükədə olduğum zaman məni izləyir və qoruyur”.

Davud lira çalaraq bir ilahi oxudu:

“Rəbb mənim çobanımdır, möhtac olmaram.O məni yaşıl çəmənlərdə dincəldir, sakit axan sular kənarında gəzdirir. Məni yenə də canlandırır, ismi şərəfinə salehlik yolları ilə aparır. Ölüm kölgəsinin dərəsində gəzsəm belə, şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir”.

Şaul yenə çox qəzəbləndi. Sarayda hamı qorxudan titrəyirdi. Ani qəzəblər Şaulu tuturdu. Sözün düzü, sonradan peşman olur və çox kədərlənirdi. Şaulun bir xidmətçisi Davudu saraya dəvət etməyi təklif etdi, çünki onun yaxşı lira çaldığını bilirdilər. Buna görə də Davud, Şaulun sarayına gəldi. Bəs əgər Şaul hüzurundakı gənc adamın Şamuel tərəfindən padşah olaraq məsh edildiyini bilsəydi! Amma onun bu haqda heç bir fikri yox idi və Davudu çox sevmişdi. Davudun çaldığı lira Şaulun ürəyini istiləşdirdi.

Padşah Şaul Filiştlilərə qarşı döyüşə gedəndə, Davud evinə qayıdardı, çünki döyüş meydanında kim bir musiqiçi istəyər ki? Buna görə də, Davud atasının qoyunlarını otarmaq üçün evə qayıtdı; qardaşları isə Şaulun ardınca döyüşə getdilər.

Bir gün Davudun atası onu çağırıb belə dedi: “Yemək götür və düşərgəyə qardaşlarının yanına get”.

Davud ora çatmaq üçün bir neçə saat çəkdi. Qardaşlarına yemək gətirdi, onların yanında əyləşdi və əsgərlərin söhbətinə qulaq asmağa başladı.

Birdən hamı susdu və həyəcanla irəli baxdı. Bir Filiştli, İsrail ordusuna yaxınlaşırdı. O, necə bir döyüşçü idi amma! Onun adı Qolyat idi. O, güclü və əzələli idi. Təxminən üç metrə boyu var idi. Ağır zireh geyinmişdi və əlində nəhəng bir nizə vardı.

Qolyat dedi: “Mənim təklifim hələ də qüvvədədir! Mənə bir adam gətirin, döyüşək. Məni məğlub etsə, məğlubiyyətimizi qəbul edərik. Mən qalib gəlsəm, uduzan siz olursunuz. Yoxsa qorxursunuz? Sizi qorxaqlar!”

Davud qardaşlarından soruşdu: “Daha əvvəl sizlə döyüşmək üçün meydan oxumuşdu?”.

Qardaşları belə cavab verdi: “Dəfələrlə. Amma təbii ki, bu, çox ümidsiz bir vəziyyətdir. Bu nəhənglə döyüşmək qəti ölüm deməkdir!”

Davud təəccüblənərək, “Amma Allah bizim tərəfimizdə deyilmi?” dedi.

Əsgərlər gülərək dedilər:

“Mövzu güc, çeviklik və yaxşı silahlanma olanda Allah nə edə bilər ki?”

Padşah Şaul, Qolyatı məğlub edəcək igid əsgərə qızını ərə verəcəyi sözü belə vermişdi. Amma heç kim Qolyatın qarşısında durmağa cəsarət edə bilmədi.

Şaula, onun üçün bir lira çalan Davudun düşərgədə olduğu deyildi. Şaul Davudu çağırdı.

Davud dedi: “İzin ver Filiştli ilə döyüşüm”.

Padşah cavab verdi: “Bu barədə heç düşünmə! Qolyat güclü və təcrübəli döyüşçüdür, sən isə hələ uşaqsan”.

Davud əminliklə dedi: “Amma mən də sürüdən quzu qaçıranda aslanları və ayıları vurub öldürdüm. O vaxt mənə Allah kömək etdi. Filiştli ilə qarşılaşıb onu məğlub etməyimə də kömək edəcək”.

Şaul belə dedi: “Həqiqətən imanına heyran oldum. Səndən başqa heç kim Qolyata meydan oxuyub, onunla üz-üzə gəlmək istəməz. Mənim zirehimi geyin, qılıncı götür və get! Rəbb səninlə olsun!”

Davud Şaulun zirehini geyinməyə cəhd etdi, lakin ona çox ağır gəldi. O, çətinliklə yeriyə bilirdi. Ona görə də zirehi çıxartdı. Davud əlinə dəyənəyini, beş hamar daş və sapandını götürdü. O, Filiştliyə yaxınlaşdı.

Qolyat bir sapandla ona yaxınlaşan gənci görəndə çox güldü. “İndi sən həqiqətən mənə meydan oxuyursan?” dedi.

Davud belə qışqırdı: “Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə İsrail alaylarının Allahı Ordular Rəbbin ismi ilə gəlirəm”.

O, sapandı ilə daş atıb Filiştlini vurdu. Daş nəhəngin alnını deşdi, dəbilqəsi onu qoruya bilmədi. Qolyat yerə yıxıldı. Davud onun yanına qaçdı, qılıncını çıxartdı və Filiştlini öldürdü.

Davudun Qolyat üzərində qələbəsi İsrailliləri cəsarətləndirdi. Onlar qorxmadan Filiştliləri ölkədən çıxartdılar.

SUALLAR

1) Şaul Davudu hansı silahla təchiz etdi?

2) Qolyat Davudu ələ saldı. Ona nə dedi?

3) Davud Qolyatı necə məğlub etdi?

34. İmanın Zəfəri00:00 / 04:45