Gənc Çoban

Gənc Çoban

Müqəddəs Kitab, Birinci Şamuel, 16-cı fəsil

Rəbb Şamuelə dedi: “İsrail üzərində padşah olmasın deyə Şaulu rədd etdiyim halda sən nə vaxta qədər onun dərdini çəkəcəksən? Yağ buynuzunu yağla doldur və get. Səni Bet-Lexemli Yesseyin yanına göndərirəm. Çünki onun oğulları arasında Özüm üçün padşah təyin etmişəm”.

Bet-Lexem kiçik bir kənd idi. Səyahətçilər üçün cəlbedici bir yer deyildi. Amma, Allahın Şamueli göndərdiyi yer idi. Orada bir ailəni ziyarət edəcəkdi. Ailənin oğullarından biri gələcəkdə İsrail padşahı olacaqdı. Ailənin başçısı Yessey, Şamueli öz evində qonaq etməkdən qürur duydu və onu nahara dəvət etdi. Süfrə artıq qurulmuşdu və Yessey, oğullarını Şamuellə tanış etməyə başladı.

Yessey qürurla dedi: “Bu mənim böyük oğlumdur.”

Şamuel düşündü: “O, indidən əsl padşah kimi nəcib görünür. Uzun boylu və yaraşıqlı. Padşah olaraq məsh etdiyim Şaul da belə idi”.

Amma o vaxt Şamuel Allahın səsini eşitdi, belə deyirdi: “Onun yaraşıqlı və uzun boylu olduğuna baxma. Çünki insan zahirə, Rəbb isə ürəyə baxar. O, padşah olmayacaq”.

Yessey bir-birinin ardınca yeddi oğlunu təqdim etdi. Amma hər dəfə Allah, “Bu mənim seçdiyim deyil” dedi.

Yessey, “Gedək bir şey yeyək” dedi və masaya tərəf getdi.

Şamuel, “Yessey, oğullarının hamısı budur?” deyə soruşdu.

Yessey dedi: “Bir də ən kiçik oğlum var. Çöldə qoyun otarır”.

“Onu bura gətirin” Şamuel dedi.

Çox keçmədən gənc Davud, Şamuelin yanına gəldi. O, yaraşıqlı idi və gözəl gözləri vardı.

Allah Şamuelə dedi: “Dur, onu məsh et. Çünki seçilmiş odur!”

Şamuel yağ buynuzunu götürüb uşağın alnına yağ tökdü və dedi: “Allahın adı ilə səni İsrail xalqına padşah olaraq məsh edirəm. Allah sənə xeyir-dua versin!”

O anda Rəbbin Ruhu Davudun üzərinə endi.

Yessey və oğullarının heyrətdən dilləri tutulmuşdu. Hətta Davud belə o gün başına gələnləri tam başa düşə bilməmişdi.

SUALLAR

1) Allah, Şamuelə nə etməyi əmr etdi?

2) Yesseyin neçə oğlu var idi?

3) Məsh olunmuş padşah kim oldu? Şamuel kimi məsh etdi?

33. Gənc Çoban00:00 / 01:50