
İsrail Xalqı Padşah İstəyir
Müqəddəs Kitab, Birinci Şamuel, 8-10-cu fəsillər
Rəbb Şamuelə dedi: “Sənə dedikləri məsələlərlə əlaqədar xalqın hər sözünə qulaq as, çünki rədd etdikləri sən deyilsən, onlar üzərində hökmranlıq etməyim deyə, yalnız Məni rədd edirlər”.
Şamuel çox qocalmışdı. Onun vasitəsilə Allah illər boyu İsraillilərə rəhbərlik etmişdi. O, mübahisələri həll edən bir hakim idi. O, həm də insanları Allaha itaət etməyə çağıran bir peyğəmbər idi. Amma İsraillilərin istədiyi bir hakim deyildi. Başqa xalqlarda olduğu kimi bir padşahlarının olmasını istəyirdilər.
Onlar Şamuelin yanına gedib belə dedilər: “Bizə hökmranlıq edəcək bir padşah təyin et!”
Bu vəziyyət Şamueli çox kədərləndirdi. Allaha dua etməyə başladı. Allah duaya cavab verdi.
“Xalqın sənə dediyi hər sözə qulaq as. Çünki rədd etdikləri sən deyilsən, padşahları olaraq Məni rədd etdilər”.
Şamuel bütün İsrailliləri topladı və onlara belə dedi: “Allah sizə bir padşah verəcək. Sizə hökmdarlıq edəcək padşahın qaydası belə olacaq: Oğullarınızı döyüş arabaları və süvari qoşununda xidmət etmək üçün aparacaq. Bəzisini torpaqlarını şumlamaq və biçmək, bəzisini isə silah və döyüş arabalarına ləvazimat hazırlamaq üçün işlədəcək. Qızlarınızı aşpaz və çörəkçi işlətmək üçün aparacaq. Ən yaxşı tarlalarını, üzüm bağlarını, zeytun bağlarını alıb ayanlarına verəcək. O, taxılınızın və üzümlüklərinizin məhsullarından onda birini alıb xadimlərinə və digər ayanlarına verəcək. Qullarının ən seçmə cavanlarını götürüb öz işində işlədəcək. Gün gələcək ki, kaş padşah istəməsəydik deyəcəksiniz. Padşahdan qurtulmaq üçün Allaha fəryad edəcəksiniz, amma Rəbb o gün sizə cavab verməyəcək”.
Xalq Şamuelin dediklərinə qulaq asmadı. Təkidlə: “Mütləq üzərimizdə bir padşahın olmasını istəyirik!” dedilər.
Rəbb, Şaulun onlara padşahlıq etməsini buyurdu. Şaul gənc və yaraşıqlı idi. O, hamıdan bir baş hündür idi.
İsraillilər onu görüb çox sevindilər. “Yaşasın Padşah!” deyə qışqırdılar.
Lakin Şaul yaxşı padşah deyildi. O, Allahın əmrlərinə tabe olmadı. Öz istədiyini etdi. Buna görə də, Rəbb Onun nəslinin İsrailə hökmranlıq etməsini istəmədi. Şaulun hakimiyyəti dövründə, Allah gənc bir adamı seçdi. Bu adam Şaulun ölümündən sonra Allahın xalqına hökmranlıq edəcəkdi.
SUALLAR
1) Şamuel İsraillilər üçün nə ifadə edirdi? O nə etməli idi?
2) Xalq nə üçün bir padşah istədi?
3) Allah bu vəziyyətə nə dedi?