
DÜNYANIN YARADILMASI
Müqəddəs Kitab, Yaradılış 1, 2-ci fəsillər Başlanğıcda Allah yeri və göyü yaratdı....
Başlanğıcda Allahdan başqa heç kim yox idi. Hər yer qaranlıq idi. Allah bu vəziyyəti dəyişməyə qərar verdi; göyü və yeri yaratdı. Yaratmaq, yoxdan bir şeyi var etmək deməkdir. Bunu heç kim edə bilməz, yalnız Allah edə bilər! Ona görə də, biz Ona Yaradıcı deyirik. Allah tərəfindən insanlara bəxş edilən Müqəddəs Kitab bizə bu hekayəni izah edir.
İlk gün Allah: “İşıq olsun” deyə buyurdu və işıq oldu. Sonra işığı qaranlıqdan ayırdı və işığa “Gündüz”, qaranlığa da “Gecə” adını verdi. Bu andan etibarən gündüz və gecə bir-birinin ardınca gəldi.
İkinci gün Allah suların üstündə geniş bir sahə (bu gün biz bunu atmosfer adlandırırıq) yaratdı və onu “Göy” adlandırdı. Suyun bir hissəsini yer üzərində, qalanını isə buludlarda saxladı. Sonra Allah qalan boşluğu nəfəs aldığımız hava ilə doldurdu.
Üçüncü gün, Allahın sözünə görə, sulardan torpaq yarandı. Bütün dərinlikləri dolduran su, Allah tərəfindən yaradıldı. Allah quru əraziyə “Yer”, toplanan suları isə “Dəniz” adlandırdı. Allah, yerin necə boş və formasız olduğunu gördü. Buna görə də, “Yer üzündə otlar, kollar, ağaclar olsun” dedi. Və torpaqda çoxlu bitkilər peyda oldu.
Dünya gözəl və rəngarəng oldu! Bitkilər üzərində toxum cücərdi və bu toxumlardan yeni bitkilər yetişdi.
Sonra toxumları meyvədə olan yeni ağaclar böyüdü.
Dördüncü gün Allah günəş, ay və ulduzların yaranmasını əmr etdi. Beləliklə, hər səhər günəş doğdu və hər axşam batdı.
Biz gecə yatarkən hava qaralır. Amma Allahın əmrinə əsasən, ay və ulduzlar gecələr pırıl-pırıl parıldayır. Buna görə də gecə tam qaranlıq deyil. Göydə çoxlu ulduzlar var və biz onları saya bilmərik. Amma günəş və aya görə hansı gündə, ayda və ildə olduğumuzu bilirik.
Allah vaxtı belə yaratmış və hər şeyi öz istədiyi şəkildə nizamlamışdır.
Beşinci gün Allah canlıları yaratmağa başladı.
O əmr etdi: “Sularda canlılar olsun!” və belə də oldu. Allah dərinliklərdə sərbəst üzə bilən nəhəng balinaları, suda ildırım sürəti ilə süzülən irili-xırdalı balıqları yaratdı. O, ən kiçiyinə qədər hər bir okean canlısını yaratdı.
Allah saymaqla bitməyən bir çox şeylər yaratdı.
Hava, həyat və səslə doldu. Allah minlərlə quş növünü yaratdı. Bu quşlar dincəlmək və bəslənmək üçün əzəmətli yaşıllıqların üstündən mavi səmaya doğru süzülərək ağaclara, yerə endilər. Allah bütün heyvanlara xeyir-dua verdi və dedi: “Məhsuldar olun və çoxalın!”. O, bütün balıqların, heyvanların və quşların çoxalmasını istəyirdi.
Və həyatla dolu olan yer, göy və sular canlanaraq coşdu. Bu, beşinci gün idi.
Beləliklə, altıncı gün gəldi.
Allah Yer üzündə daha çox canlılar yaratdı. İnəklər, atlar, donuzlar, pələnglər, şirlər, meymunlar və bir çox heyvanlar; hər biri dünyada öz yerini tapdı. İlanlar və digər sürünənlər peyda oldu. Bu heyvanların heç biri bir-birinə bənzəmirdi, hər biri digərindən fərqli idi.
Beləliklə, Allah yaradılış işini demək olar ki, tamamladı.
Yer, göy, günəş, ulduzlar, balıqlar, quşlar, yer heyvanları və okean canlıları, hamısı var idi. Yer üzü necə də gözəl idi!
Lakin Allah bir şeyin çatışmadığı bilirdi. "Mən bir insan yaratmaq istəyirəm" dedi.
“Heyvanlardakı kimi gözləri, qulaqları və ayaqları olsun; digər canlılar kimi toxumları və meyvələri yesin. Onu özümə bənzər yaradacağam; ona görə də digər canlılardan tamamilə fərqli olsun.
Mən onu düşünməyə vadar edəcəyəm ki, dünyanı dərk etsin. Danışsın, düşüncələrini ifadə edə bilsin. Amma ilk növbədə mənə etibar etsin, Məni sevsin ki, dost ola bilək”.
Və Allah belə dedi: “Gəlin Öz surətimizdə insan yaradaq”. Allah insanı əvvəlcə torpaqdan yaratdı. Sonra, insanın burnuna həyat nəfəsi üfürdü, onu canlandıraraq, onu dərrakəli etdi. İnsan yalnız yerimədi, o həm də yemək yeyə, yata və düşünə bildi.
O, özünü və ətrafındakı dünyanı dərk etməyə başladı. O, gülüb, ağlaya bildi. O, bəzi heyvanlar kimi nəinki keçmişi xatırlamağı, həm də gələcəkdə baş verəcəkləri də təxmin edə bildi.
Özünün və Yaradanının varlığını dərk etdi; ona görə də, hər şeyi başa düşməyə başladı. Allahın onu sevdiyini və onu xoşbəxt etdiyini öyrəndi. İlk insanın adı Adəm idi.
Rəbb Allah Eden bağında bir bağ saldı və Adəmi orada qoydu. Ora Cənnət idi! Bağı sulamaq üçün Edendən bir çay axırdı. Çay dörd qola ayrılırdı: Pişon, Gixon, Dəclə və Fərat. Allah insana işləməyi və bağçaya göz-qulaq olmasını əmr etmişdir.
İş insan üçün ağır deyildi, onu sevindirirdi. Həmçinin, Allah insana yer üzündə yaşaya bilməsi üçün ilahi güc, ağıl və təxəyyül verdi.
Allah insana hər bir heyvana bir ad qoymağı əmr etdi. Adəm də bunu etdi. O, bütün canlılara ad verə bildiyi üçün çox məmnun oldu.
Lakin Adəm bir az məyus idi.
Bir gün işlədikdən sonra dincələrkən, Adəm düşünməyə başladı: “Allah mənə çoxlu yaxşı şeylər verib. Bu o deməkdir ki, Allah məni sevir. Məni əhatə edən hər şeyə rəğmən, özümü nə qədər tənha hiss etdiyimi də bildiyindən əminəm”. Bu fikirlə Adəm yuxuya getdi.
Oyananda, təəccüblə gözlərini ovuşduraraq ətrafına baxdı. Onun düz qarşısında bir qadın dayanmışdı. “Mən artıq tək deyiləm, xəyalını qurduğum bir qadına sahibəm! Allahın mənə həyat yoldaşımı bəxş etməsi necə də gözəldir! Ömür boyu onunla bir olacağam. Çox xoşbəxt olacağıq!" deyə o düşündü.
Adəm və Həvva bağda çox gəzdilər, bir çox yerlər kəşf etdilər. Ancaq bağın ortasında çox diqqətli olmalı idilər.
Bağda iki sirli ağac var idi. Allah bu ağaclara ad vermişdi. Biri “həyat ağacı”, digəri isə “Xeyir və şəri bilmə ağacı” idi.
İnsanlar xoşbəxt idi. Allah, Adəm ilə Həvvanın bir-birini sevib və başa düşdüyünə şahid oldu, bu da yaxşı bir şey idi.
Beləliklə, altıncı gün keçdi.
Yaradılış işini bitirdikdən sonra Allah, yaratdığı hər şeyin çox yaxşı olduğunu gördü. Rəbb yaratdıqlarından razı qaldı. Hər şey mükəmməl idi.
İşıq saçırdı, hava ətirlərlə dolu idi, yer yaşıllıqla örtülmüşdü. Gündüzlər göy qübbəsi günəş işığı ilə dolu idi, gecələr isə ay yumşaq işıq saçırdı. Quşlar, heyvanlar və bütün canlılar mehriban, məsum və xoşbəxt idilər. Lakin onların ən xoşbəxti Adəm və Həvva idi, çünki onlar bir-biri ilə və Allahla danışıb, Ona ibadət edə bilirdilər.
Yeddinci gün Allah heç bir şey yaratmadı. İstirahət etdi. Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi. Beləliklə, yeddinci gün digərləri ilə müqayisədə xüsusi bir günə çevrildi.
Daha sonra Allah öz xalqına bu əmri verdi: “Yeddinci gün, həftənin son günü istirahət edin. O gün bütün imanlıları öz Yaradanı haqqında düşünməyə, Ona ibadət etməyə və Ona qulluq etmək üçün istiqamətləndirin”.
Müzakirə üçün suallar
3 sualNə üçün biz Allahı Yaradan adlandırırıq?
Mələklər və ya insanlar yoxdan bir şey yarada bilərlərmi?
Allahın məşğul olduğu əsas işi nədir və ya kimdir?