
Daşqın
Müqəddəs Kitab, Yaradılış, 6-9-cu fəsillər
"Nuh Rəbbin gözündə lütf tapdı."
Adəm ilə Həvvanın çoxlu nəvələri oldu. Adəm, Həvva və oğulları öləndə, yer üzündə çoxlu insan var idi. O dövrdə insanlar çox yaşayırdı, qocalıqda belə güclü və sağlam idilər. Adəm 930 il, Şet 912 il, Xanokun oğlu Metuşela isə toplam 969 il yaşadı. Xanokdan savayı biz bu insanlar haqqında heç bir şey bilmirik. Müqəddəs Kitab bizə Xanokun saleh insan olduğunu və Allaha sevinclə xidmət etdiyini söyləyir. Xanok 365 yaşında olanda, Allah onu Öz yanına apardı. Bu o demək deyil ki, Xanok ölüb dəfn edilib, lakin Allah sağ şəkildə onu Öz yanına götürdü. Onun oğlu Lemekin “təsəlli” mənasını verən Nuh adlı oğlu oldu. Ailəsi onda təsəlli tapdığı üçün ona bu adı verdi.
Nuhun yaşadığı müddətdə Şetin uşaqları Qabilin nəvələri kimi davranmağa başladılar. Onlar Rəbbi unutdular və çox pis işlər gördülər. Onlar başa düşmədilər ki, Allah onların günah işlətdiyini gördü. Bir-birlərinə qarşı qısqanclıq və nifrət ilə mübahisə edirdilər. Onların əksəriyyəti öz gücünə və qüdrətinə arxayın idi, Allah haqqında heç nə bilmək istəmirdilər. Güclərinin mənbəyinin Allahdan gəldiyini düşünə bilmirdilər. Onun, fəsilləri yaradan, yağışı, günəşi, küləyi göndərən və meyvələrin, məhsulların yetişməsini təmin edən olduğunu unutdular.
Allah artıq insanlar bir-birlərini sevmədiyi üçün kədərli idi. İnsanları yaratdığına görə peşman olmuşdu. O, pisliyə son qoymaq üçün yer üzündəki bütün canlıları məhv etmək qərarına gəldi. Amma Nuh saleh və qüsursuz idi. Nuh 500 yaşında olanda Sam, Ham və Yafəs adlı üç oğlu var idi.
Nuh, pis yoldan Rəbbə tərəf dönmələri üçün insanlara səsləndi. Əgər həyat tərzlərini dəyişib, Allaha üz tutmasalar, Allah dünyanı daşqınla məhv edəcəyi haqqında onlara xəbərdarlıq etdi. Lakin heç kim Nuha qulaq asmadı.
İnsanlar öz həyat tərzlərini dəyişmək, Allahı axtarmaq əvəzinə daha da çox günah işlətdilər. Allah bu vəziyyəti görüb Nuha dedi: “Vaxt gəldi. Yer üzünə böyük bir daşqın gətirəcəyəm. İnsanlar günahlıdır, bir tək səninlə əhd bağlayacağam. Daşqından ancaq sənin ailən, yəni sən, arvadın, oğulların və onların arvadları sağ çıxacaq. Nəhəng bir gəmi düzəlt, adı “Nuhun gəmisi” olacaq. Diqqətlə qulaq as və dediklərimi et. Gəmini əncir ağacından düzəlt, su keçirməyən olması üçün içinə və üstünə qatran vur.
Gəminin uzunluğu 300, eni 50, hündürlüyü 30 qulac olmalıdır. Qapını, gəminin yan tərəfinə qoy və üstündə kiçik bir pəncərə yerləşdir. Gəmi üç mərtəbəsi olsun. Bütün quşlar, heyvanlar və hər növ canlılardan bir erkək və dişi almaq üçün böyük bir gəmiyə ehtiyacın var”.
Nuh və oğulları dərhal işə başladılar. Bu uzun müddət çəkdi. Yoldan keçən insanlar “Nuh nə edir?” deyə soruşurdular. Nuh da gəmi inşa etdiyini dediyində, onlar gülüb keçirdilər.
Nuha belə dedilər: “Bu nəhəng gəmini dənizə necə endirəcəksən?” Nuh cavab verdi: “Sular bura qədər qalxacaq və gəmi üzəcək”. Onlar da, “Nə? bura qədər? Nuh, sən ağlını itirmisən!” dedilər.
Nuh və ailəsinin bütün bu istehzalara dözməsi asan deyildi. Lakin onlar Allaha tam etibar edirdilər və insanlara belə deyirdilər: “Allah, hər bir günahkarı məhv etmək üçün daşqın göndərəcək”.
Böyük gəmi hazır olanda, Allah Nuha dedi: “Əmr etdiyim kimi, sən və ailən gəmiyə minin və heyvanları özünüzlə alın. Bir həftə içində böyük bir daşqın gətirəcəyəm. Bütün yer üzü sularla örtülənə qədər qırx gün şiddətli yağış yağacaq”.
Nuh gəminin qapısını açdı və heyvanlar cüt-cüt içəri girdilər. Nuh, həmçinin özüylə yemək və heyvanları bəsləmək üçün də yeməklər, toxumlar, meyvələr və saman götürdü. Nuh, arvadı, üç oğlu və oğullarının arvadları da gəmiyə mindilər. Beləliklə, gəmidə səkkiz nəfər var idi. Gəminin qapısını Nuh yox, Allah bağladı. O vaxt Nuh, Allah ona əmr edənə qədər gəminin qapısını açmamalı olduğunu dərk etdi.
Sonra, yağışın başladığını eşitdilər. Əvvəlcə sadəcə narın yağış olsa da, sonra daha da şiddətləndi. Saatlarla və günlərlə güclü yağış yağdı. Bir müddət sonra suların şırıltısını eşitdilər və suların yüksəlib gəmiyə çatdığnı hiss etdilər. Nəhayət, sular gəmini qaldırdı və gəmi su üzərində üzməyə başladı.
Qırx gün yağış yağdı. Gəmidəki səkkiz nəfərə elə gəldi ki, bu heç vaxt bitməyəcək. Anidən bir şey insanların və heyvanların qulaqlarını dikmələrinə səbəb oldu. Bu nə idi? Vahiməli bir səssizlik! Yağış dayandı! Gəmi hələ də dalğaların üzərində yüksəlirdi. Uca dağlara qədər bütün yer tamamilə su ilə örtülmüşdü.
150 gündən sonra Allah suları təmizlədi. Hər şey ani oldu. Birdən birə gəmi yelləndi, nə isə çatırdadı və gəmi dayandı. Daşqının başlanğıcından bəri on yeddinci ayın on yeddinci günü, gəmi Ararat dağlarında dayandı. Gəminin oturduğu dağ Ararat dağı idi. Nuh, qırx gün daha gözlədi, kiçik pəncərəni açıb qarğanı bayıra buraxdı. Arvadı soruşdu: “Bunu nə üçün edirsən?” Nuh cavab verdi: “Əgər qarğa qayıtsa, gəmidən kənarda yaşamağa yerin olmadığını biləcəyəm”. Qarğa qayıtmadı və hamı məmnun oldu. Amma Nuh belə dedi: “Qarğalar çox seçici quşlar deyil, uzun müddət uçduqdan sonra bir qayanın küncünə qona bilirlər. Ona görə də, bir göyərçin göndərəcəyəm”.
Göyərçin uçdu, amma tez geri qayıtdı.
Nuh bundan belə nəticə çıxardı: “Sular hələ çəkilməyib, daha bir həftə gözləməliyik”.
Yenə yeddi gün keçdi və Nuh yenə bir göyərçin göndərdi. Gəmidə olan səkkiz nəfər, göyərçinin qayıdıb-qayıtmayacağını səbirsizliklə gözlədi. Nəhayət, göyərçin qanadlarını çırparaq gəmiyə qayıtdı. Onun dimdiyində təzəcə qoparılmış zeytun yarpağı var idi! Yeddi gün sonra Nuh göyərçini göndərdiyində, göyərçin bir daha geri qayıtmadı.
Nuh, bu yolla suların yer üzərindən çəkildiyini anladı. Artıq Allahın onu gəmidən çıxaracağı vaxtı gözləyirdi. Nəhayət, Allah belə dedi: “Sən, arvadın, oğulların və arvadları gəmidən çıxın. Yanınızda olan bütün heyvanları, quşları və sürünənləri də çölə çıxarın”.
Beləliklə, gəminin böyük qapısını açmaq vaxtı gəldi.
Heyvanlar həyəcanla çölə çıxdılar. Heyvanlar gəmidən çıxdı, quşlar da havaya uçdu. Nuhun ailəsi rahatladı. Xoşbəxtliklərinə hakim olub, bir-birlərini qucaqlamamaq üçün özlərini güclə tuturdular. Nuh yenə yaşıl təpələri və otlaqları gördü. Bəs yer üzünün bütün günahkar insanları harada idi? Heç biri ortalıqda yox idi.
Daşqın, Allaha xidmət etmək istəməyən və böyük pislik edən insanlar üçün dəhşətli bir cəza idi.
Daşqından qurtulmuş olmaqla Nuh, Allahın ona olan mərhəmətinin nə qədər dərin olduğunu başa düşdü. Nuh, daş qurbangah tikdi, bir neçə quş və heyvan götürdü və onları Allaha qurban etdi.
Bu qurban Allahı məmnun etdi və Allah ürəyində dedi: “Mən insanlara görə artıq yer üzünü lənətləməyəcəyəm”. İnsanların günahdan əl çəkməyəcəyini bildiyinə görə, “Əkin-biçin, isti-soyuq, yay-qış və gecə-gündüz həmişə var olacaq” dedi.
Allah, Nuha və onun oğullarına xeyir-dua verdi və onlara yer üzünü yenidən insanlarla doldurmağı buyurdu. Allah onlarla əhd bağladı və yer üzündəki bütün heyvanlar, bütün insanlar onların hakimiyyəti altına alındı. Allah, insan və heyvanların daşqınla məhv olmayacağını və yer üzünü məhv edən daşqının bir daha təkrarlanmayacağını vəd etdi. Allah, insanlara xatırlatmaq üçün buludda göy qurşağı şəklində bir işarə qoydu. Göy qurşağı həmişə yağış dayandıqda və günəş parlayanda görünür. Allah Nuha dedi: “Bu, Mənim yer üzündə yaşayan bütün canlılarla bağladığım əhdin əlamətidir”.
Hər dəfə göy qurşağı gördüyünüzdə, onun nə demək olduğunu unutmayın. Bu sadəcə göy üzərində gözəl bir şey deyil, eyni zamanda Allahın insanlara xüsusi qayğısının işarəsidir.
SUALLAR
1) Nə üçün Allah yer üzünə daşqın gətirmək qərarına gəldi?
2) Nuh daşqından necə qurtuldu?
3) Yer üzündəki insanlara fikirlərini dəyişmələri və günah etməyi buraxmaları üçün nə qədər müddət verildi?
4) Yer üzünün quru olub-olmadığını başa düşmək üçün Nuh hansı quşları çölə göndərdi?
5) Allah Nuha nə vəd etdi?
6) Göy qurşağı bizə nəyi xatırladır?