Qabil və Habil

Qabil və Habil

Müqəddəs Kitab, Yaradılış, 4-cü fəsil

"Əgər yaxşı iş görmürsənsə, günah qapının ağzında durub."

Cənnət bağından qovulduqdan sonra, Adəm və Həvva bağdan kənarda yaşadılar. Onların Qabil və Habil adlı iki oğlu oldu, onlar da ataları kimi çox işləməli idilər. Qabil əkinçilik, Habil isə çobanlıq edirdi.

Bu vaxt Allah, Cənnət bağında etdiyi kimi, insanların yanına tez-tez gəlib onlara səslənmədi. Amma arada bir onlarla danışıb, Özünü onlara xatırlatdı.

Bir gün Qabil və Habil Allaha qurban təqdim etmək qərarına gəldilər. Qabil torpağın bəhrələrindən gətirdi. Habil qurbangahda ən yaxşı quzunu qurban kəsdi. Rəbb Allah, Habilin qurbanını qəbul etdi, Qabilinkini isə rədd etdi. Allah üçün vacib olan şey, Onun yanına gələn adamın ürəyinin təmiz olması idi. Qabilin ürəyi düzgün olan işi görmürdü. Qabil çox qəzəbləndi və qaşqabağını salladı. O, qardaşını qısqandı.

Allah Qabilin ürəyində olanı gördü və ona dayanıb, vəziyyət haqqında düşünməsi üçün bir şans verdi. Allah, Qabilə belə dedi: “Sənə nə olub? Ürəyinə bax, necə də təhlükədədir. Sənə şər fikirlər gəlir, amma ona təslim olma”. Lakin Qabil buna itaət etmədi. O, Allahı Habil kimi sevmirdi. Qabil yalnız özünü sevirdi.

Habil haqqında düşündükcə, bir o qədər ona nifrət etdi. Sonra dəhşətli bir şey oldu. Bir gün qardaşlar tarladaykən, Qabil Habilə hücum çəkib onu öldürdü. Yer qan ilə ləkələndi, Habil dünyada ölən ilk insan oldu.

Qabilin qəzəbi o qədər güclü idi ki, bu qəzəb öz qardaşını öldürməyə vadar etdi.

Qısa müddət sonra Qabil Allahın səsini eşitdi. Allah, “Qardaşın Habil haradadır?” deyə soruşdu.

Qabil qəzəblə, “Bilmirəm, mən qardaşımın keşikçisiyəm? - deyə cavab verdi.

Allah belə dedi: “Qardaşının qanının torpağa töküldüyünü gördüm”. Bunu etdiyin üçün səni cəzalandıracağam. Günahın səni idarə etməsinə izn verdin. Buranı tərk edib yad bir yerə gedəcəksən, yer üzündə qaçaq və sərgərdan olacaqsan”.

Beləcə Qabil, Allahın onunla danışdığı yeri tərk etdi.

Qabilin onlardan uzaq yerə getməsi və Habilin ölümü ilə, Adəm və Həvva iki oğlunu itirmiş oldu. Biz sadəcə, Habilin ölümünün onlar üçün nə qədər ağrılı olduğunu təsəvvür edə bilərik, lakin onlar Qabilin pisliyini düşünsələr də, onun üçün də yas tutmuşdular. Nə üçün ilanın təqdim etdiyi qadağan olunmuş meyvəni yedilər? Əgər belə etməsəydilər, Cənnət bağında yaşamaqdan və Allahın hüzurundan gələn sevinci itirməzdilər. Qabil pis olmayacaqdı, Habil də sağ qalacaqdı.

Daha sonra Qabil evləndi və şər ürəkli, qəddar uşaqları oldu. Onlar Allahı sevmədilər, Ona itaət etmədilər. Lakin Allah, Adəm və Həvvaya mərhəmət etdi və onlara daha bir oğul verdi. Onun adı Şet idi, Allaha inanırdı. Bu vəziyyət Adəm və Həvva üçün son dərəcə əhəmiyyətli idi, çünki Xilaskarın, Qabilin ailəsindən gəlməyəcəyini bilirdilər. Qabilin övladlarından fərqli olaraq, Şetin nəvələri Allahı sevirdilər.

Beləliklə, yer üzündə iki nəsil yarandı: bunlar Qabilin övladları və Şetin övladları idi. Müqəddəs Kitab, Şetin nəvələrini Allahın oğulları, Qabilin nəvələrini isə insan oğulları adlandırır.

Müzakirə üçün suallar

3 sual
  1. Nə üçün Allah Qabilin deyil, Habilin qurbanını qəbul etdi?

  2. Qabil nə etdi və nə üçün etdi?

  3. Şetin doğulması nə üçün vacib idi?

3. Qabil və Habil00:00 / 03:34