
Paul və Sila
Müqəddəs Kitab, Həvarilərin İşləri, 16-cı fəsil, 19-40-cı ayələr
Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. Amma Paul bərkdən qışqırıb dedi: “Canına qıyma, hamımız buradayıq!” Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə düşdü. Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız».
Şaul, İsanı tanımamışdan əvvəl imanlı cəmiyyətinə nifrət edib, məsihçilərə zülm verirdi. Amma indi böyük həvəslə Müjdəni yaymağa çalışırdı. Artıq ona Şaul əvəzinə Paul deyirdilər. Yeni adı onda böyük fərq yaratdı. Paul bir neçə imanlı qardaş ilə birlikdə çoxlu səyahət etdi. Onlar Avropaya belə getdilər. Paul hara gedərsə getsin, onun birinci vəzifəsi Yəhudilərlə görüşmək olurdu. Onların Sinaqoqları olmadığı üçün hər şənbə çöldə toplaşırdılar. Bu toplantıların birindən sonra zəngin geyimli bir qadın Paulun yanına gəldi. Onun adı Lidiya idi. O, İsa haqqında daha çox bilmək istəyirdi. Onların söhbəti uzun çəkdi. Nəhayət Lidiya belə dedi:
“Allahın məni öz övladı kimi qəbul etməsi üçün mənimlə birlikdə dua et. Mən vəftiz olunmaq istəyirəm”.
Vəftiz olunduqdan sonra Lidiya, Pauldan və digər imanlı qardaşlardan onun evində qalmalarını xahiş etdi. Lakin Paul və onun dostlarından biri olan Sila, qadının evində çox qalmadılar. Sadəcə bir neçə gün sonra şəhər hakimi onların hər ikisini həbs etdi. Şəhər xalqından bəziləri onları Yunanlara və Romalılara təbliğ etməkdə ittiham edirdilər. Paul və Sila həbsə atıldılar və ayaqları zəncirləndi. Nə ayağa qalxa, nə də hərəkət edə bilirdilər.
Amma hər ikisi də zindanda belə Allahın hələ onlarla birlikdə olduğunu bilirdilər. Allah onları gücləndirib təşviq etdi.
Paul və Sila ilahilər oxuyub sevinclə Allaha güvəndilər. Onlar ilahiləri əvvəlcə astadan, sonra getdikcə yüksək səslə oxudular. Beləcə digər məhbuslar onlara qulaq asırdılar. Başqaları eşitdiklərinə inana bilmədilər, bu adamlar zindanda ilahi oxuyaraq necə xoşbəxt ola bilirdilər?
Amma birdən onların tərənnümünə başqa bir səs qarışdı, bu, alçaqdan gələn pis bir səs idi. Bir neçə saniyə ərzində yer silkələməyə başladı. Zəlzələ oldu! Bina silkələndi, amma dağılmadı.
Zindanın bünövrəsi sarsılanda, təməl daşlar yerindən oynadı, hamının zəncirləri töküldü və qapılar açıldı.
Baş mühafizəçi də zəlzələdən oyandı. Dərhal ayağa qalxdı və artıq qapıların bağlı olmadığını gördü.
“Bütün məhbuslar qaçıb! Buna görə ağır cəzalandırılacağam. Öz həyatıma qəsd etmək ən yaxşı həll yoludur” deyə düşündü.
Paul baş mühafizəçinin özünü öldürmək üçün qılıncını çəkdiyini görəndə dedi: “Canına qıyma, hamımız buradayıq!”.
Baş mühafizəçi heç kimin qaçmadığına əmin olduqdan sonra qorxudan titrəyə-titrəyə Paul və Silaya təşəkkür etdi. Əgər bu adamların Allahı onları azad etmək üçün zəlzələlər göndərə bilirsə, tək həqiqi Allah, O olmalıdır.
“Ağalar, xilas olmaq üçün nə etməliyəm?” o soruşdu.
Paul dedi: “Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız!”
Bundan sonra baş mühafizəçi Paul və Silanı evinə dəvət etdi.
Məmnuniyyətlə qəbul etdilər və getdilər. Orada İsa haqqında danışdılar. Onun günahsız olduğunu, Allahın Oğlu kimi yaşadığını və hər kəsin buna əmin ola biləcəyini bildirdilər. Romalı əsgərlərdən bəhs etdilər. İsanın günahsız olduğu həqiqətinə məhəl qoymadan Onu necə çarmıxa çəkdiklərini söylədilər. Paul və Sila yaşadıqları çətinliklərdən təəccüblənmədiklərini baş mühafizəçiylə dedilər. Onlara İsa Məsihdən daha yaxşı münasibət göstəriləcəyini ummadıqlarını da həmçinin bildirdilər.
Bundan əlavə, baş mühafizəçinin ailəsinə İsanın insanların günahlarını ödəmək üçün öldüyünü də izah etdilər. Buna hər biri daxil idi. İsa çarmıxda bizim günahlarımızı çəkdi ki, insanlar Allahla yenidən barışsınlar. Paul və Sila, İsa Məsihin dirilməsini və Müqəddəs Ruhu izah etməyi də unutmadılar. Müqəddəs Ruhun Ona iman edənlərin qəlbinə daxil olduğunu bildirdilər.
Baş mühafizəçi belə dedi: “Mən də İsaya aid olmaq istəyirəm! Onun məni qəbul etməsini istəyirəm, Onun övladı olmaq istəyirəm”.
Baş mühafizəçinin arvadı da, “Əgər Allah qadınları qəbul edirsə, mən də Ona xidmət etmək istəyirəm” deyə araya girdi.
Paul cavab verdi: “Əlbəttə ki, Müjdə qadınlar və uşaqlara da aiddir! Sizin şəhərinizdən bir qadın çoxdan məsihçi olub”.
Həmin gecə baş mühafizəçi və onun ev əhli vəftiz oldu.
Sonra ev sahibi, Paul və Silaya süfrə açdı. Səhər açılanda dərhal Lidiyanın evinə qayıtdılar. Paul və Sila, Lidiyaya Allahın onları necə qoruduğunu danışdı, o gecə tövbə edib Rəbbə iman edən baş mühafizəçi və onun ev əhlindən bəhs etdilər.
Müzakirə üçün suallar
5 sualPaul və Sila hara aparıldılar?
Məhkumların qaçmasının qarşısını almaq üçün nə edildi?
Paul və Silanın gecə zindanda ilahi oxumasını necə izah edə bilərik?
Paul və Sila zindandan necə çıxdılar?
Baş mühafizəçi ilə ailəsinə nə oldu?