Paul Romaya Gedir

Paul Romaya Gedir

Müqəddəs Kitab, Həvarilərin İşləri, 21-28-ci fəsillər

Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. O bizə yaxınlaşıb Paulun kəmərini götürüb öz əllərini və ayaqlarını bağlayaraq dedi: “Müqəddəs Ruh belə deyir: «Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcəklər». Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. Buna cavab olaraq Paul belə dedi: “Nə olub? Niyə ağlayıb ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram”. Paulu razı sala bilmədikdə “Qoy Rəbbin iradəsi olsun!” deyərək susduq. Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik.

Paul ilə yanındakılar Yerusəlimə çatanda, imanlılar onları görüb çox sevindilər! Paul, öz xidməti vasitəsilə Allahın başqa millətlər arasında etdiklərini bir-bir danışdı və hər kəs Kəlamının gücünə görə Allahı izzətləndirdi. Lakin onların sevinci uzun sürmədi.

Yeddi gün sonra, Yerusəlimdə Paul özünü pak etmək üçün məbədə getdi. Bəzi Yəhudilər onu orada gördülər və onun Məsih İsanın təlimini yayan adam olduğunu başa düşdülər. Onlar Məsih İsa haqqında heç nə bilmək istəmirdilər. Paulu tutdular. Onlar bəyan etdilər ki, o, hər yerdə hər kəsə, xalqımıza, Qanuna və bu Müqəddəs məkana qarşı təlim öyrədərək və başqa millətlərdən insanları gətirərək məbədi murdarlayır. Yəhudilər qəzəbləndilər və Paulu öldürmək üçün onu məbəddən çıxartdılar, çünki bunu məbəddə edə bilməzdilər. Bütün Yerusəlim şəhərinin təşvişə düşməsi xəbəri Roma alayının minbaşısına çatdırıldı. O, Paulu zəncirlə bağlanmasını və qalaya aparılmasını əmr etdi.

Gedərkən, Paul toplaşan izdihama danışmaq üçün icazə istədi. Yəhudilərə Allaha necə dönüb günahlarının bağışlanmasını başa saldı. Əvvəlcə Yəhudilər Paulu diqqətlə dinlədilər. Amma Allah onu digər millətlərə təbliğ etmək üçün göndərdiyini deyəndə, bunu eşidən Yəhudilər qəzəbləndilər. Onlar qışqırdılar ki, Paul öldürülməlidir. Alayın minbaşısı, Paulun sözlərinin onları daha da qəzəbləndirdiyini başa düşdü və Paulu qalaya aparmağı əmr etdi. O, həmçinin adamlarına Paulu döyüb sorğu-sual etməyi də tapşırdı. Amma Paul belə dedi:

“Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?”

Romalılar çaşqın idilər. Onlar Paulu sorğu-sual etməmək qərarına gəldilər, lakin onu azad da etmədilər.

Ertəsi gün Paul, Ali Şuranın qarşısına çıxardıldı. Məhkəmə zamanı bir fikir ayrılığı yarandı. Bəziləri onu günahlandırarkən, bəziləri isə onun səhv heç bir şey etmədiyini qışqırdı. Böyük bir qarışıqlıq oldu. Yəhudilər Paulun ətrafına toplaşdılar. Minbaşı, Paulu parça-parça edəcəklərindən qorxdu. O, əsgərlərinə Paulu qalaya geri aparmalarını əmr etdi.

Ertəsi gecə Rəbb İsa, Paula göründü və ona belə dedi:

“Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır”.

Uzun sınaqlardan və Paulu çoxsaylı öldürmə cəhdlərindən sonra Paulun Roma imperatorunun sarayına göndərilməsi qərarı verildi.

Bunun baş verməsi üçün Paul Romaya getməli və şəxsən imperatora İsa Məsihin Müjdəsini təbliğ etməli idi. Allah Öz planını bu yolla həyata keçirirdi.

Beləliklə, Paul Qeysəriyyəni tərk edərək Romaya doğru yelkən açdı. Bu, onun üçün uzun və təhlükəli bir yol idi.

Adətən ilin o vaxtında Aralıq dənizində güclü tufanlar olurdu. Kiçik bir taxta gəmi ilə dənizdə yelkən açmaq olduqca təhlükəli idi. Paul dənizçilərə xəbərdarlıq etdi, lakin onlar qulaq asmadılar.

Bir gün fırtınaya düşdülər. Yüksələn dalğalar gəmini süpürdü. Dənizçilər gəmini qorumaq üçün yüklərini atmağa başladılar və çoxundan da qurtuldular, lakin vəziyyət daha da pisləşdi. Fırtınaya düşən gəmi bir neçə gün sürükləndi. Hamı ümidini itirmişdi. Paul uğuldayan küləydə qışqıraraq səsini eşitdirməyə çalışdı:

“Dostlarım! Ümidinizi itirməyin! Gəmi məhv olacaq, amma aranızda heç bir can itkisi olmayacaq. Çünki xidmət etdiyim Allahın mələyi bu gecə yanıma gəlib dedi: “Qorxma, Paul, sənin qeysərin qarşısına çıxmağın lazımdır. Bunun üçün dostlarım, cəsur olun! Allaha inanıram ki, hər şey mənə deyilən kimi olacaq!”

Dənizçilər on dörd gün sonra ilk dəfə quru torpaq gördülər. Ancaq quruya çıxa bilmədilər. Daha sonra gəmi qum silsiləsinə çırpılaraq quruya oturdu. Gəminin burnu qumda ilişdi, dalğaların şiddəti ilə arxa tərəfi dağılmağa başladı. Ancaq hamı təhlükəsiz yerə enməyi bacardı!

Rəbb sözünü tutdu! Heç kim boğulmadı, yaralanmadı. İndi artıq Allahın planı gerçəkləşəcəkdi. İsanın adı Romada izzətləndirilməli idi.

Allah möcüzəvi şəkildə Paulu Romaya gətirdi. Orada Paul, imperator qarşısında İsa Məsihə imanı haqqında şəhadət edəcəkdi. Bu imkanı verdiyi üçün Allaha şükür etdi.

Paul Roma şəhərinə məhbus kimi deyil, İsa Məsihin xidmətçisi və göylərin Padşahının həvarisi kimi daxil oldu!

Müzakirə üçün suallar

4 sual
  1. Alayın minbaşı, Paulu nə üçün Ali Şuranın qarşısına gətirdi? Orada nə oldu?

  2. Allah zindanda olan həvarini necə qüvvətləndirdi? Paul üçün bu nəyə görə vacib idi?

  3. Dənizdə gedərkən nə baş verdi?

  4. Allah Paulun nə üçün Romaya gəlməsini istədi?

100. Paul Romaya Gedir00:00 / 04:39