
Tabita Dirilir
Müqəddəs Kitab, Həvarilərin İşləri, 9-cu fəsil, 36-42-ci ayələr
Yafoda İsanın şagirdləri arasında Tabita adlı bir qadın var idi. «Tabita» «Ceyran» deməkdir. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. Bu vaxtlarda o xəstələnib öldü. Onun meyitini yuyub yuxarı mərtəbədəki otağa qoydular. Lod Yafoya yaxın idi, ona görə də Peterin Lodda olduğunu eşidən şagirdlər iki kişini onun yanına göndərdilər və onlar gəlib xahiş etdilər: “Vaxt itirmədən yanımıza gəl”. Peter durub onlarla getdi. Yafoya çatanda onlar Peteri evin yuxarı mərtəbəsinə çıxartdılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına yığıldı və Tabitanın onlarla birlikdə olanda tikdiyi köynəkləri, paltarları göstərirdilər. Peter isə onların hamısını bayıra çıxartdı, sonra diz çöküb dua etdi. Bundan sonra isə ölüyə tərəf dönüb dedi: “Tabita, qalx!” Qadın gözlərini açıb Peteri görən kimi dik oturdu. Peter əlini uzadıb onu ayağa qaldırdı və sonra müqəddəslərlə dul qadınları çağırdı. Tabitanı sağ-salamat onların qarşısına çıxartdı. Bu xəbər bütün Yafoya yayıldı və çox adam Rəbbə iman gətirdi.
Bir gün həvari Peter, Lod adlı bir kəndə getdi. Bura, Yerusəlimdən iyirmi dörd kilometr aralıqda dağlıq bir ərazidə idi. Orada bir çox insan imanlı idi və onlara baş çəkmək Peterin xoşuna gəldi. Eneya adlı bir adam çox xəstə idi. O, səkkiz il iflic olmuşdu, yataq xəstəsi idi. Peter ona dedi:
“Eneya, İsa Məsih səni sağaldır. Qalx!”.
Eneya dərhal ayağa qalxdı. Peter “Sənə şəfa verirəm” deməmişdi, çünki yalnız Məsihin səlahiyyəti ilə xəstələrin sağalacağını bilirdi. Eneyanın iflic olduğunu bilən hər kəs indi onu görmək istəyirdi. Onun sağaldığını görəndə, çoxları Allaha iman etdi.
Dəniz kənarında yerləşən Yafo, Loddan təxminən otuz kilometr uzaqdaydı. Bəzi Lodlular oraya gəlib Peterin İsanın adı ilə iflic adamı necə sağaldıb gücünə qovuşdurduğunu izzah etdilər.
Yafo xalqı bunu eşidəndə Peteri çağırdılar, çünki onların imanlı cəmiyyətindən imanlı bir qadın xəstələnib ölmüşdü. Onun adı Tabita idi. Bu qadın həmişə xeyirxah işlər görür və yoxsullara kömək edirdi. İndi kədərlə onun ölümünə yas tuturdular. Dostları onun dəfnini hazırladılar. Ancaq onu basdırmazdan əvvəl Peterin ziyarətə gəlməsini istəyirdilər. Peter gələndə otağa girdi. Bura Tabitanın yaxın dostları və dəstək verdiyi dul qadınlar toplanmışdı. Qadınlar ağlayaraq Peterə Tabitanın onlar üçün tikdiyi paltarları göstərdilər. Tabita onları çox sevirdi, ona görə də ona çox bağlı idilər.
Peter onların hamısını otaqdan çıxartdı. Hamı gedəndən sonra, diz çöküb Allaha dua etdi və ölü qadına dedi: “Tabita, qalx” .
Qadın gözlərini açdı, Peteri görən kimi dik oturdu. Peter onun əlindən tutub ayağa qalxmağa kömək etdi. Peter insanları, xüsusən də qayğı içində olan dul qadınları çağırdı və Tabitanı diri olaraq onlara təslim etdi. Dostları necə də xoşbəxt idi!
Peterin duası vasitəsilə Allahın göstərdiyi bu möcüzə hər yerə yayıldı və bir çox insan Allaha iman etdi.
SUALLAR
1) Peterin sağaltdığı Lodlu adamın adı nə idi?
2) Peter hansı şəhərə dəvət edildi? Niyə hamı Tabitanı sevirdi?
3) Tabita necə dirildildi?