Xamma Yolunda Qarşılaşma

Xamma Yolunda Qarşılaşma

Müqəddəs Kitab, Luka, 24-cü fəsil, 13-35-ci ayələr

Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.

Şagirdlərdən ikisi çox kədərli və məyus halda Yerusəlimdən Xamma kəndinə gedirdilər. Yolda, son günlərdə baş verənləri başa düşmək üçün öz aralarında söhbət edirdilər. İsanın böyük rəhbər olacağına və xalqını azad edəcəyinə ümid edərək Onun ardınca getmişdilər. Amma indi O, ölmüşdü. Şəhərin başqa yerlərində isə İsanın dirildiyi danışılırdı. Bu xəbər onları təəccübləndirmişdi.

Onlar öz aralarında söhbət edərkən, yad biri onlara qoşuldu. Bu yad, İsa idi. Bir müddət səssizcə onlarla yol getdi və sonra soruşdu: “Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız? Niyə belə kədərlisiniz?”.

Onlardan biri, “Bu günlərdə Yerusəlimdə baş vermiş hadisələrdən xəbərin yoxdu?” deyə cavab verdi.

Sonra şagirdlər baş verənləri Ona danışdılar. Söhbətini bitirdikdən sonra, səssizcə yollarına davam etdilər. İsa onları sakitcə dinlədi və nəhayət belə dedi:

“Müqəddəs Yazıları başa düşə bilərsiniz, elə deyilmi? Əgər başa düşsəydiniz, bütün bunların baş verəcəyini bilməli idiniz. Məsih, Allahın Oğlu insanların günahları üçün əzab çəkib öləcək və göyə yüksələrək Allahın izzətinə qovuşacaq. Bu barədə Müqəddəs Yazılarda; Musanın, Peyğəmbərlərin yazılarında və Zəbur kitabında çox şey söylənmişdir”.

İsa onlara bir çox yazıdan sitatlar gətirdi. Şagirdlər bunların əksəriyyətini bilirdi, lakin ya səhv oxumuşdular, ya da unutmuşdular, bəlkə də peyğəmbərliklərə belə inanmamışdılar. Ancaq indi bütün bunları həqiqətən başa düşmüşdülər. Nə baş verdisə, Müqəddəs Yazılara görə baş verdi! Rəbləri və müəllimləri insanlar üçün ölmək və onları günahlarından xilas etmək üçün gəlmişdi. Onun məqsədi onları Roma imperatorunun hökmranlığından xilas etmək deyildi. Onun ölümü təsadüfi deyildi. Yenidən həyata qayıtmaq üçün ölmüşdü. Görəsən Onu nə üçün dərhal başa düşməmişdilər?

Yad adamın dediklərinə qulaq asdıqca, kədərləri yox oldu. Amma hələ də kiminlə yol getdiklərini bilmirdilər.

Şagirdlər Xammaya yaxınlaşanda, İsanı yeməyə dəvət etdilər və gecələməsini istədilər. Yad adam razılaşdı. Süfrəyə oturanda, çörəyi götürdü, şükür etdi, çörəyi böldü və hər birinə bir tikə verdi.

Hər iki şagird də, “İsa da belə edərdi. Çox qəribədir” deyə düşündülər.

Onlar birdən qarşılarında oturanın İsa olduğunu başa düşdülər! Əvvəlcə Onu tanımamışdılar, amma indi Onun olduğuna heç bir şübhə yoxdur!

O anda İsa qəflətən gözdən itdi.

Onu necə dərhal tanıya bilməmişdilər? Müqəddəs Yazıları onlara izah edərkən ürəkləri sevinclə çırpınırdı! İsa artıq onlarla birlikdə olmasa da, iki dost sevincli idi. İsa dirilmişdi! Onlar o qədər sevindilər ki, həmin gün digər şagirdlərlə xoş xəbəri bölüşməyə qərar verdilər. Onlar dərhal ayağa qalxdılar, cəld Yerusəlimə, bütün şagirdlərin olduğu evə qayıtdılar.

SUALLAR

1) Tələbələrdən neçəsi Xammaya doğru gedirdi? Niyə kədərli idilər?

2) Yolda kim ilə qarşılaşdılar?

3) Onu necə tanıdılar?

90. Xamma Yolunda Qarşılaşma00:00 / 03:18