Allah İbrahimin Məhəbbətini Sınayır

Allah İbrahimin Məhəbbətini Sınayır

Müqəddəs Kitab, Yaradılış, 22-ci fəsil

İndi bildim ki, sən Allahdan qorxursan; öz yeganə oğlunu Məndən əsirgəmədin.

İbrahim və Sara, oğulları İshaq dünyaya gələndən sonra daha da xoşbəxt oldular. Hər üçü də Allahı və bir-birlərini çox sevirdi. İbrahimin zəngin bir adam olduğunu artıq bilirsiniz; lakin ürəyinin əsl xəzinəsi oğlu İshaq idi. İbrahim oğlunu dünyada hər şeydən çox sevirdi. Yalnız Allaha olan sevgisi daha güclü idi.

Bir gün Allah İbrahimin ona olan sevgisinin və etibarının nə qədər dərin olduğunu yoxlamaq istədi.

Allah ona dedi: “Sevimli tək oğlun İshaqı götür və sənə göstərəcəyim bir dağda onu qurban olaraq təqdim et”.

Bunu etmək İbrahim üçün çox çətin idi! Lakin o, Allahı səmimi qəlbdən sevdiyi üçün, Allahın əmrinə tabe olmağa hazır idi. İbrahim bir az odun kəsdi, onu eşşəyə yüklədi, İshaqı və iki nökərini özü ilə götürüb yola düşdülər. Sara evdə qaldı.

Uzun bir yol idi. Səhərdən axşama qədər yol getdilər, arabir qısa fasilələr verirdilər. İshaq həqiqətən də onların hara getdiyini bilmək istəyirdi. “Atam heç səsini çıxarmır. Bunun bir səbəbi olmalıdır. O, hələ mənə heç nə deməyib” deyə düşünürdü.

İbrahimin həqiqətən də bir səbəbi var idi, ona görə də oğluna səfərlərinin məqsədini söyləmirdi.

Bir gecə əvvəl Allah onunla danışdı və o qədər dəhşətli bir şey söylədi ki, İbrahim bunu başa düşməkdə çətinlik çəkdi. Əslində Allah, İshaqın ölməsini istəmirdi. İbrahim, əmrin nə demək olduğunu bilmədən ona itaət edəcəkdirmi? Allah bunu bilmək istəyirdi.

İbrahim bunu bilmirdi. O, həqiqətən də sevimli oğlunu qurban verəcəyini düşünürdü. Bu vəziyyət onu dərindən kədərləndirdi. Amma o, nə qədər çətin olsa da, Allahın istəyini yerinə yetirmək istəyirdi.

Nəhayət, hündür bir dağa çıxdılar. İshaq özünü saxlaya bilməyib soruşdu: “Ata! Odun buradadır. Bu o deməkdir ki, qurban təqdim edəcəksən. Bəs bizim quzumuz haradadır?”

İbrahim heç nə deyə bilmədi. Boğazı düyünləndi.

O, özünü danışmağa məcbur edərək belə dedi: “Oğlum, yandırma qurbanı üçün quzunu Allah Özü təmin edəcək”.

Dağda qurbangah düzəltmək üçün daş yığdılar. İbrahim daşları üst-üstə yerləşdirdi və böyük bir qurbangah tikdi. Sonra oğlunu bağladı, qurbangahdakı odunların üzərinə uzatdı və bıçağı əlinə aldı.

Elə bu vaxt göydən, “İbrahim, İbrahim!” deyə səslənən bir səs eşitdilər.

Yaşlı adam əlində bıçaqla qaldı.

“Buradayam” dedi.

Səs belə dedi: “Uşağa heç nə etmə! İndi itaət etdiyini bildim, oğlunu mənim üçün qurban etməyə belə razı oldun”.

İbrahimin ürəyi yumuşaldı. O, sevinclə qurbangahın qarşısında diz çökdü. O, titrəyən əlləri ilə İshaqın bağını açdı və ayağa qalxmağa kömək etdi. Ata və oğul bir-birini qucaqlayıb sevinc göz yaşları tökdülər.

Olduqları yerin yaxınlığında mələmə səsi eşitdilər. İbrahim və İshaq buynuzları qalın kollara ilişmiş bir qoç gördülər. İbrahim qoçu qurban olaraq təqdim etdi. Beləliklə, İbrahimin haqlı olduğu ortaya çıxdı. Allah Özü quzunu qurban kimi təmin etmişdi.

Dağdan qayıdarkən, içləri rahat və sevincli idi. İshaq, atasının əlindən tuturdu. Hər ikisi də Allahı və başqalarını sevməyin nə demək olduğunu düşünürdü. Həmçinin, inanmaq çətin idi, lakin Allahın insanlara olan sevgisinin hər cür sevgidən daha dərin olduğunu da düşünürdülər.

SUALLAR

1) Nə üçün Allah İbrahimdən oğlunu qurban verməsini istədi?

2) İbrahim Allahın əmr etdiyi şeyi etməkdə qərarlı idimi?

3) İshaqı öldürməkdən İbrahimi nə saxladı?

9. Allah İbrahimin Məhəbbətini Sınayır00:00 / 03:37