Vəd Edilmiş Oğul

Vəd Edilmiş Oğul

Müqəddəs Kitab, Yaradılış, 15-ci fəsil; 18:1-22; 21:1-6

Rəbb onu bayıra çıxarıb dedi: “Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say”. Yenə dedi: “Nəslin o qədər olacaq”. İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.

İbrahim və Sara Kənan torpaqlarında çadırlarda yaşayırdılar. Onların övladları yox idi. İbrahim və Sara xeyli qocalmışdılar. İbrahimin 100, Saranın isə 90 yaşı var idi. Bir gecə Allah İbrahimə dedi: “Göyə bax. Nə görürsən?”

Göy ulduzlarla dolu idi. Saymaq mümkün olmayacaq qədər çox ulduz var idi. Sonra Allah dedi: “Göydəki ulduzlar qədər nəslin olacaq. Onlar Kənan torpaqlarında yaşayacaqlar və lənətli millətlər bu torpaqdan qovulacaq”.

O vaxtlar İbrahimin övladları yox idi, amma yenə də, Allaha güvənirdi və Rəbbin vədini yerinə yetirəcəyindən əmin idi. İbrahim, Allahın vədlərinə inanmaqla düzgün iş görürdü, çünki Allahın hər sözü doğrudur, O hər zaman vədini yerinə yetirir.

Bir gün İbrahim öz çadırında idi. Günorta üç nəfərin ona yaxınlaşdığını gördü. İbrahim onlara tərəf qaçdı, salam verdi və onlardan birinə dedi: “Ey ağam, çadırıma gəl. Sizə su gətirib, ayaqlarınızı yuyacağam, yemək hazırlayacağam. Bir az dincəldikdən sonra yolunuza davam edə bilərsiniz.”

Üç nəfər İbrahimin çadırında dincəlməyə razılaşdılar.

Bu adamların kim olduğunu bilirsinizmi? Onlar mələklər idi. Göydən İbrahimə Allahdan xoş xəbər çatdırmaq üçün enmişdilər. Allah bəzən istəyini açıqlamaq üçün insanlara mələklər göndərir.

Mələklər çadırın yanında, bir ağacın kölgəsində oturdular. Sara çadırda idi. İbrahim ona səsləndi: «Ən yaxşı unumuzu götür, çörək bişir!»

İbrahim körpə və yaxşı bir buzov seçdi və nökərinə dedi: “Get bunu bişir”.

Hər şey hazır olandan sonra, İbrahim yeməyi qonaqlarının qarşısına özü qoydu. Onlar yemək yeyərkən, İbrahim ağacın altında, onların yanında ayaq üstə durdu. Yemək zamanı qonaqlardan biri İbrahimə, “Arvadın Sara haradadır?” deyə soruşdu.

İbram da, “Çadırda” dedi. Qonaq da belə dedi: “Gələn ilin bu vaxtı sənin yanına qayıdacağam; onda arvadın Saranın bir oğlu olacaq”.

Sara mələyin dediyini eşitdi, lakin övlad sahibi ola biləcəyinə inanmadı, çünki çox yaşlı idi. Öz-özünə güldü.

Mələk belə dedi: “Sara niyə güldü? Onun həqiqətən oğlu olacaq! Rəbb üçün mümkün olmayan bir şey varmı?”

Sonra qonaqlar yola düşdülər. İbrahim onları yola salmaq üçün onlarla getdi. Sonra çadırına qayıtdı.

Allah vədini xatırladımı? Həqiqətən də xatırladı, bir il içində Sara bir oğul doğdu. İbrahim və Sara çox xoşbəxt oldular. Uşağın adını İshaq qoydular. İshaq itaətkar bir oğlan kimi böyüdü və Allah onu sevdi.

Allah bu şəkildə vədini yerinə yetirdi. O, İbrahim və Saraya oğul sahibi olacaqlarını vəd etmişdi və onlara bir oğul verdi. İbrahim, Allahın vədinə inanmaqla yaxşı iş etdi. Allah da İbrahim Onun sözlərinə iman etdiyi üçün məmnun oldu. Bunu ona salehlik saydı. Allahın hər bir vədi etibarlıdır. Allah hər şeyə qadirdir və Onun üçün hər şey mümkündür.

SUALLAR

1) Allah İbrahimə neçə nəsil verəcəyini vəd etdi?

2) İbrahim, səyahətçi kimi davranıb onu ziyarət edən mələklərlə necə rəftar etdi?

3) Allah, İbrahim və Saraya necə bir xəbər verdi?

4) Allah vədini yerinə yetirdimi?

5) Nə üçün Allah İbrahimə belə bir xeyirxahlıq göstərdi?

8. Vəd Edilmiş Oğul00:00 / 03:13