
Yaqubun Yuxusu
Müqəddəs Kitab, Yaradılış, 28-ci fəsil
O, yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır... Rəbb nərdivanın üstündə durub deyirdi: ...Mən həmişə səninləyəm, gedəcəyin hər yerdə səni qoruyacağam.
Rivqa, Yaqubu qaçmağa razı salmağa çalışdı və dedi: “Getməlisən!” Bir nökərin dediyinə görə, Esav qəzəblə Yaqubu öldürməklə hədələmişdi.
Rivqa dedi: “Baban İbrahimin yaşadığı torpaqlara get. Qardaşım Lavan orada yaşayır. Sən burada olmasan, qardaşın bir neçə ildən sonra sakitləşər. Sənə xəbər göndərərəm, sən də dönərsən”.
Rivqa, Yaqubu getməsinə izin verməsi üçün əri İshaqa nə deyəcəyini bilirdi.
O, İshaqa dedi: “O, imansız qadınla evlənməməlidir. İmanlı bir arvada ehtiyacı var”.
İshaq bu fikirlə razılaşdı. Həm də, gedəcəyi yer İbrahimin məmləkəti idi. İllər əvvəl öz arvadı da oradan gəlmişdi. Yaqubun da özünə orada arvad tapması yaxşı fikir idi.
İshaq, Yaqubu çağırıb dedi: “Yaqub, oğlum, sənin arvadın bu torpaqlardan olmamalıdır. Get ananın məmləkəti Xarana. Arvadını orada tap! Allah sənə xeyir-dua versin!"
“Yaxşı,” deyə Yaqub düşündü və dedi: “Məni atam göndərir. İndi Esavdan gizlənə bilərəm. Həm də, vəziyyət elə görünmür ki, mən ömrümün boyu qaçacağam”.
Yaqub yol üçün atasından heç nə istəmədi. Özü ilə nökər, mal-qara, hətta eşşək belə götürmədi. Yaqub yola təkbaşına çıxdı. O, özünü çox pis hiss etdi. O kasıb, piyada gedən bir qərib idi, əvvəl heç getmədiyi uzaq bir diyara yeriyirdi. Yatmağa nə çadırı, nə də evi var idi. Gecə daş götürüb başının altına qoyub yerə uzandı. Ətrafda vəhşi heyvanlar var idi, lakin Allah Yaqubu səyahəti boyu qorudu. Allah, Yaqubun özünü necə pis hiss etdiyini bilirdi və ona gözəl bir yuxu görəsədir.
Yaqub yuxuda gördü ki, yerin üzərində bir nərdivan durmuş və onun başı göylərə çatmışdır. Allahın mələkləri nərdivandan çıxıb-düşürdülər. Allah Özü nərdivanın üstündə durmuşdu. O, Yaquba dedi: “İbrahim və İshaqla danışan RƏBB Mənəm. Üzərində yatdığın torpaqları sənə və nəslinə verəcəyəm. Saysız-hesabsız nəsliniz olacaq. Bütün millətlər sənin nəslin vasitəsilə xeyir-dua alacaq. Yaqub, hara getsən, Mən səninlə olacağam və səni qoruyacağam”.
Yaqub oyandı. “Bu, sadəcə bir yuxu deyildi. Allah özü burada idi. Mənimlə danışdı!" deyə fikirləşdi.
Yaqub başının altına qoyduğu daşı sütun kimi qoydu. Belə dua etdi: “Allahım, getdiyim bu təhlükəli yolda məni qorusan, ata evinə salamat qayıtsam, ömrüm boyu Sənə qulluq edib, ibadət edəcəyəm. Mənə verəcəyin hər şeyin onda birini sənə verəcəyəm”.
SUALLAR
1) Nə üçün Yaqub uzaq bir ölkəyə getmək üçün evini tərk etdi?
2) Yaqub yuxusunda nə gördü?
3) Allah Yaquba nə dedi?