YAQUB VƏ ESAV

YAQUB VƏ ESAV

Müqəddəs Kitab, Yaradılış, 24, 25, 27-ci fəsillər

Esav dedi: «...ilk oğulluq haqqı nəyimə lazımdır?»

Bir müddət sonra İshaq böyüdü və Rivqa ilə evləndi. Onların iki oğlu oldu. Adları Esav və Yaqub idi. Onlar əkiz idilər, amma bir-birlərinə oxşamırdılar.

Böyük oğlu Esav müstəqil, güclü və azadlığı sevən biri idi. Ox və yayı ilə meşələrdə, təpələrdə ovlamağı çox sevirdi. Heç durmadan günlərlə, həftələrlə ova gedərdi. Oxla vurduğu ov əti ilə evə qayıdardı. Esav, İshaqın ən sevdiyi oğlu idi.

Rivqa isə Yaqubu sevirdi. O, qardaşı kimi macəraçı deyildi. Yaqub elə çadırda oturardı.

O, atasının sürülərinə baxır, ailə üzvlərinə gündəlik işlərdə kömək edirdi.

Esav ilk doğulan uşaq idi. Bir neçə dəqiqə əvvəl doğulsa da, ilk oğulluq hüququ onun idi, bu varislik hüququ idi.

Ölüm döşəyindəki bir ata oğullarından sadəcə birinə xüsusi lütf edərdi, bu o zamanlar adi bir hal idi. Belə bir lütf; əmin-amanlıq, güc və ailə firavanlığı, nökərlər, mal-qara və digər əmlakı vəd edirdi.

Bundan əlavə, o, Allahın lütfünü vəd edirdi. Bu ənənəyə görə, bu xüsusi lütf böyük oğlu Esava məxsus idi.

Bu vəziyyət Yaqubu məyus edirdi. O, ilk övladlıq hüququnu çox istəyirdi. O, atasının malından nəinki ikiqat paya sahib olacaqdı, həm də atasının neməti ilə birlikdə, Allahın lütfünə nail olmaq onun üçün daha vacib idi. Esav isə tam əksinə, ilk övladlıq hüququnun faydalarını düşünmürdü. Onun işi gücü ovçuluq idi.

Bir gün Esav həmişəki kimi ovda olarkən, Yaqub ev işlərində anasına kömək edirdi. Uzaqdan qoxusu gələn ləzzətli mərci şorbası bişirirdi. Esav ovdan yorğun qayıtmışdı. O, tarlalarda uzun sürən ovdan taqətdən düşmüş və çox acımışdı. Bundan əlavə, atasına qənimət gətirə bilmədiyi üçün də çox qəzəbli idi. Ov alətini yerə atdıqdan sonra “Mənə yeməyə bir şey gətir” dedi.

Yaqub tərəddüd etmədən dedi: “Yemək müqabilində mən ilk oğulluq haqqını ala bilərəmmi?”

“İlk oğulluq haqqının mənə nə faydası var? Mən acından ölmək üzrəyəm” - deyə Esav gileyləndi.

Beləliklə, Esav bir kasa mərcimək şorbası müqabilində ilk oğulluq hüququnu satdı. Yaqub çox sevindi. İlk addım atılmışdı. İndi onun etməli olduğu yeganə şey, vəziyyəti tərsinə çevirmək idi. Atasının Esava deyil, ona xeyir-dua verməsi idi.

İllər keçdi. İshaq kor olmuşdu və artıq yataqdan qalxa bilmirdi. Bir gün Esavı çağırdı. Ona, “Oğlum, mən indi ölmək üzrəyəm. Böyük oğlum kimi sənə xeyir-dua vermək istəyirəm. Get, yayını, oxdanını götür və mənim üçün heyvan ovla. Ləzzətli bir yemək bişir, sənə xeyir-dua verim” dedi.

Esav yayını və oxdanını götürdü və heç kimə bir söz demədən getdi. Lakin anası Rivqa, çadırın kənarından İshaqın dediklərini eşitmişdi. O, qorxuya düşdü və belə dedi: “Onda ərim Esava xeyir-dua verəcək! Ancaq Allah bir dəfə ona xeyir-dua alacaq şəxsin Yaqub olacağını demişdi. Bundan əlavə, O Yaqubu çox sevirdi”. Beləliklə, nə edəcəyinə qərar verdi!

Rivqa birbaşa Yaqubun yanına qaçdı və eşitdiklərini ona danışdı. Sonra astadan dedi: “İki oğlaq mənə gətir. Onları Esavın həmişə etdiyi kimi bişirim. Bu yeməyi atana apar, özünü Esav kimi apar. Beləliklə, o, sənə xeyir-dua verəcəkdir”.

Artıq günün yarısı keçmişdi, hər şey hazır idi.

Rivqa Esavın paltarını çıxarıb Yaquba verdi. Yaqub paltarları geyindi. Sonra Rivqa Yaqubun boynunu və əllərini oğlaq dərisi ilə örtdü ki, İshaq Yaqubu tüksüz dərisindən tanıya bilməsin, çünki Esavın əlləri tüklü idi. Yaqub yeməyi götürüb atasının çadırına getdi. “Mən buradayam, ata” dedi.

İshaq başını qaldırıb dedi: “Kimdir?”

Yaqub udqundu və yalan danışdı.

O dedi: “Mən sənin ilk oğlun Esavam. Mən sənin dediyini etdim. Qalx, gətirdiyim ov ətini ye ki, mənə xeyir-dua verəsən”.

İshaq çaşdı, sanki qarşısındakı Esav deyildi.

“Yaxın gəl oğlum, sənə toxunmaq istəyirəm” dedi.

Yaqubun alnına muncuq muncuq tər doldu. O qorxmuşdu. Bəs atası onun yalanını ifşa etsəydi, nə olardı?

İshaq oğlunun əllərinə toxundu, amma toxunduğu yerlər oğlaq dərisi ilə örtülmüşdü. İshaq dedi: “Çox qəribədir. Səsin Yaqubun səsinə oxşayır, amma əllərin Esavın əlləri kimidir. Düzünü de, sən Esavsan?”

“Bəli, mən Esavam!” deyə,Yaqub yalan danışdı.

İshaq yeməyini bitirib belə dedi: “Gəl, oğlum, yaxınlaş və məni öp”.

Yaqub yaxınlaşıb atasını öpdü. İshaq onun paltarını iylədi və bütün şübhələri aradan qalxdı.

“Oğlum, Allahın bizə verəcəyini vəd etdiyi yaşıl çəmənliklər kimi qoxursan. Gəl, diz çök” dedi.

Yaqub çarpayının yanında diz çökəndə, atası əllərini onun başına qoydu. Sonra təntənəli şəkildə dedi:

“Allah sənə yer üzünün meyvələrindən və mal-qaralarından bol-bol versin. Xalqlar sənə qulluq etsin, ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin, sənə xeyir-dua verənlər xeyir-dua alsın”.

Yaqub çadırdan çıxarkən, Esav ovdan qayıdırdı.

Esav dedi: “Ata, mən buradayam. Sənin üçün yemək hazırladım. Mənə xeyir-dua verə bilərsən”.

İshaq qorxaraq soruşdu: “Nə? Bəs səndən əvvəl yanıma kim gəldi? Mən kimə xeyir-dua verdim?”

O an həqiqət bütün çılpaqlığı ilə üzə çıxdı.

Esav bağırdı: “Yaqub məni ikinci dəfədir aldadır! Əvvəlcə mənim ilk övladlıq haqqımı aldı. İndi də mənim yerimə o xeyir-dua aldı! Mənə də xeyir-dua verə bilərsən, elə deyilmi?”

İshaq kədərlə belə dedi: “Edə bilmərəm oğlum. Mən Allahın vəd etdiyi ilk oğulluq xeyir-duasını sadəcə bir dəfə edə bilərəm. Sənə də xeyir-dua verə bilərəm, amma ikiniz arasında sən artıq ilk ola bilməzsən”.

SUALLAR

1) İshaqın oğullarının adları nə idi? Onlar nə edirdilər?

2) Esavı özünə yemək gətirməyə göndərəndə İshaq nə planladı?

3) Rivqa İshaqı aldatmaqda necə iştirak etdi?

4) Yaqubun atasına və qardaşına etdiyi şey bizim dostlarımız və ailəmizlə münasibətimizdə yaxşı nümunə olurmu? Olursa, niyə, olmursa, niyə?

10. YAQUB VƏ ESAV00:00 / 06:22