
İsanın Çarmıxa Çəkilməsi
Müqəddəs Kitab, Luka, 23-cü fəsil, 33-49-cu ayələr
Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. Amma İsa deyirdi: “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər”. Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. Camaat durub tamaşa edirdi.... Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü, günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. İsa uca səslə nida edərək dedi: “Ey Ata! Ruhumu Sənin əlinə verirəm”. İsa bunu deyib son nəfəsini verdi.
Roma əsgərlərindən ibarət bir batalyon çarmıxda ölümə məhkum edilmiş İsanı və iki cinayətkarı qamçılayıb onlara bağıraraq yol boyu sürüklədilər. Bir çox insan Romalıların cinayətkarları edam etdikləri yerə qədər arxalarınca getdi. Bu yerin adı “kəllə yeri” mənasını verən Qolqota idi. Romalılar məhbusları çarmıxlarını özləri daşıması üçün məcbur edərdilər. Bu, məhbusu döydükdən sonra verilən əlavə cəza idi. Buna görə də İsa, ağır taxta çarmıxı belində daşımalı idi.
Yolun yarısında İsa çox zəiflədi. Batalyonun başçısı çarmıxı İsadan alıb Şimon adlı Kirenalı bir nəfərin boynuna yüklədi. Böyük bir izdiham arasında İsanın ardınca gedən çoxlu qadın var idi. Onun necə əziyyət çəkdiyini görüb ağladılar.
Edam yerinə gələndə, əsgərlər öz vəzifələrini amansızcasına davam etdilər. İsanı yerdə yatarkən çarmıxa mıxladılar. Sonra bir çuxur qazdılar, çarmıxı qaldırıb çuxura qoydular və oraya sabitlədilər. Əsgərlər digər iki cinayətkara da eyni şeyi etdilər. İki cinayətkar İsa ilə birlikdə çarmıxa çəkildi, biri İsanın sağında, biri isə solunda idi.
İsanın bir neçə yaxın dostu, Onu edam yerinə qədər müşayiət etdi. Qadınlar ağlayırdılar. Amma bəziləri bir az uzaqda dayanıb, İsaya lağ edirdilər.
“Əgər sən Allahın Oğlusansa, çarmıxdan en və özünü xilas et! O zaman sənə inanacağıq!” deyirdilər.
Çarmıxa asılmış cinayətkarlardan biri İsaya böhtan atdı. Amma digəri onu danladı.
“Sakit ol! Biz haqlı olaraq cəzalandırıldıq. Biz əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi!”
Cinayətkar İsaya dedi: “İsa, Padşahlığına gələndə məni xatırla!”.
İsa dedi: “Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan!”
Birdən bütün yer üzünə qaranlıq çökdü. Günəş işığını saçmırdı.
İsanın çəkdiyi fiziki ağrı şiddətli idi, lakin onun emosional ağrısı daha da dərin idi.
Bütün dünyanın günahları Onun üzərində idi. Bir neçə saatlıq təsvirolunmaz işgəncələrdən sonra İsa uca səslə nida edərək dedi: “Ey Allahım, Allahım, niyə Məni tərk etdin?”
O anda İsa bütün insanların günahı üçün Atanın qəzəbinin gücünü görmüşdü. Bu qəzəblə günahlı heç bir insan üzləşə bilməzdi. Yalnız eyni zamanda həm insan, həm də Allah olan İsa Məsih buna dözə bilərdi!
“Tamam oldu! Ey Ata, Ruhumu Sənin əlinə verirəm!”
Bunlar İsanın son sözləri idi.
Bunu dedikdən sonra son nəfəsini verdi. Başı önə əyildi. İsa öldü.
Elə həmin gecə Arimateyalı Yusif (İsaya iman edən zəngin bir adam idi, amma əvvəl bunu açıqlamaqdan qorxmuşdu) Pilatın yanına gəldi və İsanın cəsədini çarmıxdan endirib, Yəhudi adətlərinə görə dəfn etmək üçün icazə istədi. Pilat razılaşdı.
Nikodim daha əvvəllər bir gecə Rəbbin hüzuruna gəlmişdi və gizlicə Ona iman etmişdi. Nikodim də Yusifə kömək etdi. Yəhudilərin dəfn ənənəsinə uyğun olaraq istifadə etmək üçün lazım olan hər şeyi gətirdi. Bunlar: cəsədi sarımaq üçün parça, cəsədi yağlamaq üçün mirra və əzvay qarışığı idi. İsanın cəsədini ətirlərlə birgə kətan parçaya sarıdılar. Çarmıxa çəkildiyi yerin yaxınlığındakı qayaya oyulmuş bir məzara qoydular. Məzarın girişi nəhəng yastı daşla möhürləndi. Yusif və Nikodim hər şey bitirdikdən sonra evlərinə qayıtdılar.
Ertəsi gün baş kahinlər və fariseylər, İsanın üçüncü gün diriləcəyini dediyini xatırladılar. Pilatın yanına gəldilər və İsanın olduğu məzarı mühafizə etmək üçün əsgərlər göndərməsini xahiş etdilər. Onların qorxduqları şey, İsanın şagirdlərinin Onun cəsədini oğurlayıb, sonra Onun dirildiyini deməkləri idi. Pilat onlara bir mühafizəçi batalyonu verməyə razı oldu. Bundan əlavə, Yəhudilər məzarı möhürləyirdilər ki, heç kim məzara gizlicə girməsin. Bu yolla səlahiyyətdə olanlar İsanın cəsədini diqqətlə qorudular, çünki onlar İsaya görə başlarının dərdə girməsindən qorxurdular.
SUALLAR
1) İsanı çarmıxa çəkilmək üçün hara apardılar? Ona çarmıxı daşımağa kim kömək etdi?
2) “Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər!” İsanın bu sözlərindən nə başa düşürük?
3) İsanın ölümü nəyə görə bizim üçün bu qədər vacibdir?
4) Arimateyalı Yusif, Məsihi sevdiyini necə sübut etdi? O nə etdi?
5) Ali Şuranın üzvləri niyə Rəbbin ölümündən sonra bu qədər narahat oldular?