Peter İsanı İnkar Edir

Peter İsanı İnkar Edir

Müqəddəs Kitab, Luka, 22-ci fəsil, 54-62-ci ayələr

İsanı tutub apardılar və baş kahinin evinə gətirdilər. Peter isə uzaqdan Onun ardınca gedirdi. Həyətin ortasında tonqal qalanmışdı. Peter gəlib onun ətrafında oturanların arasında oturdu. Qarabaşlardan biri tonqalın işığında oturan Peteri gördü. Ona diqqətlə baxıb dedi: “Bu adam da İsa ilə birlikdə idi”. Amma Peter “Ay arvad, mən Onu tanımıram!” deyərək Onu inkar etdi. Bir az sonra başqa bir adam onu görüb dedi: “Sən də onlardansan”. Amma Peter dedi: “Ay kişi, mən deyiləm!” Bir saata yaxın vaxt keçdi və digər bir adam təkidlə dedi: “Doğrudan da, bu adam da Onunla birlikdə idi, çünki Qalileyalıdır”. Peter isə dedi: “Ay kişi, dediyini başa düşmürəm”. Elə o danışdığı an xoruz banladı. Onda Rəbb dönüb Peterə baxdı. Peter Rəbbin “bu gün xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən” dediyi sözü yadına saldı. Ona görə oradan çıxıb hönkür-hönkür ağladı.

Cümə səhəri idi. İsanı baş kahin Qayafanın yanına apardılar. Ali Şuranın üzvləri İsanı sorğu-sual etmək və cəzalandırmaq üçün baş kahinin evində toplaşdılar.

Peter İsanı uzaqdan izləyirdi. O, İsanın sorğu-sual edildiyi evin həyətinə girməyi bacardı. Hava soyuq idi.

Xidmətçilər və əsgərlər həyətin ortasında isinmək üçün qalanan tonqalın yanında oturdular. Peter də onlarla birlikdə oturdu.

Birdən onun yanında oturan bir qadın dedi: “Sən İsanın şagirdlərindən biri deyilsənmi? Yoxsa mən səhv edirəm?”

“Xeyr, yox, mən deyiləm”. Peter onu inandırmağa çalışdı.

Bu, onun birinci dəfə İsanı inkar etməsi idi. Əslində isə elə bu yaxınlarda bunu heç vaxt etməyəcəyini demişdi.

Peter həyətə bir saat idi ki gəlmişdi. İsanın başına gələn hər şeyi eşitmiş və görmüşdü. O, izdihamın arasında gizləndi, çünki Ali Şuranın məhkəməsi qurtarana qədər gözləmək istəyirdi. Bir qulluqçu Peterə baxıb dedi:

“Sən Onunla bir idin!”

Peter, “Kim? Mən Onu tanımıram!” deyə cavab verdi.

Bu, Rəbbi ikinci dəfə inkar etməsi idi.

Bu zaman məhkəmədə dəhşətli bir gurultu yüksəldi. İsanı ələ salıb, Ona hücum edirdilər, hətta bəziləri Onu döyməyə başladı. Bir müddət sonra kimsə Peterə dedi:

“Doğurdan da, sən də onlardansan, çünki nitqin səni ifşa edir!”.

Peter, İsa ilə necə sərt davrandıqlarını görəndə, eyni şeyin onun da başına gələcəyindən qorxdu. “Mən bu İsanı tanımıram!” dedi.

Elə həmin anda xoruz banladı və yeni günün başlandığını bildirdi.

Peter, İsanın ona Pasxa bayramı vaxtı, bir gecə əvvəl şam yeməyində dediklərini xatırladı. “Bu gecə xoruz banlamazdan əvvəl Məni üç dəfə inkar edəcəksən” demişdi. Peter inkar etdiyi Rəbbə baxdı və Onun da ona baxdığını gördü.

Peter utandı və çox kədərləndi. O, çölə qaçıb hönkür-hönkür ağladı. Rəbbin ona necə baxdığını heç vaxt unutmayacaqdı.

Müzakirə üçün suallar

3 sual
  1. Peteri kim İsanın şagirdi kimi tanıdı?

  2. Peter necə cavab verdi? Bunu neçə dəfə təkrarladı?

  3. Peter niyə hönkür-hönkür ağladı?

85. Peter İsanı İnkar Edir00:00 / 02:10