
Son Pasxa Bayramı
Müqəddəs Kitab, Yəhya, 13-cü fəsil, 1-32-ci ayələr
Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. Axşam yeməyi zamanı... O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.... Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.
İsrail xalqı Pasxa bayramını ilin ən mühüm bayramı hesab edirdi. İsa bayramı şagirdləri ilə keçirmək istəyirdi.
O, Peter və Yəhyaya dedi: “Yerusəlimə girəndə qarşınıza səhənglə su daşıyan bir nəfər çıxacaq. Onun ardınca gedin və onun girəcəyi evə girin. Oranın sahibindən Pasxa yeməyini yeyəcəyimiz qonaq otağını soruşun. Ev sahibi sizə hər şeyi hazırlanmış böyük bir otaq göstərəcək”.
Şagirdlər İsanın dediklərini etdilər.
Həmin gecə Yerusəlimdə bir evdə böyük bir otaqda toplandılar. Ənənəyə görə, onlar əvvəlcə ilahilər oxudular, lakin sonra İsa ənənəvi olmayan, çox qeyri-adi bir şey etdi. Ləyənə su töküb doldurdu, şagirdlərdən birinin qarşısında diz çöküb ayaqlarını yumağa başladı. Şagirdin ayağını yuyandan sonra ikinci şagirdə, sonra üçüncüyə keçdi... Şagirdlərin gözləri təəccübdən böyüdü. Bunun nə demək olduğunu bilmirdilər. Adətən bir zadəgan evində xidmətçilər qonaqların ayaqlarını yuyardı. Amma İsa onların xidmətçisi deyildi! O, müəllim idi, Allahın Oğlu idi, lakin bir xidmətçi işini görürdü!
Sıra Peterə çatanda, Peter belə deyərək etiraz etdi: “Ya Rəbb, Sən mənim ayaqlarımı heç vaxt yumayacaqsan!”
İsa ona baxdı və belə dedi: “Əgər ayaqlarını yumasam, Mənim yanımda yerin olmaz”.
Bu vəziyyət Peteri bir anlığa düşünməyə vadar etdi. Söhbət sadəcə ayaqların yuyulmasından getmirdi. Bunun İsa üçün xüsusi əhəmiyyəti var idi.
Şagirdlərin ayaqlarını yuyub qurtarandan sonra, İsa yerinə qayıtdı. “Mənim sizə nə etdiyimi bilirsinizmi?” deyə soruşdu.
Şagirdlər səssizdilər, çünki əslində heç biri bunu tam başa düşməmişdi.
“Sizə etdiyimin eynisini etməniz üçün bir nümunə göstərdim” dedi.
Şagirdlər, “Eynisini etmək? Xidmətçi olacağıq? İsa həqiqətən bizdən bunu gözləyir?” deyə fikirləşdilər.
İsa davam etdi: “Siz məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. Amma yenə də, ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarınızı yumalısınız. Qul ağasından, elçi də onu göndərəndən üstün deyil. Siz mənim xidmətçilərim və elçilərimsiniz. Ona görə də qonşunuza xidmət etməkdən çəkinməyin”.
İndi axşam yeməyinə başlaya bilərdilər. Şagirdlər yeməyi gətirdilər və İsanın dua etməsini gözlədilər. Dua etməzdən əvvəl İsa bir daha şagirdlərini təəccübləndirdi. Onlara, yaxınlaşan ölümünü xatırlatdı. “Mənə güləcək, məni döyəcəklər. Mən öldürüləcəyəm. Amma üçüncü gün diriləcəyəm”dedi.
Şagirdlər bu sözlərdən çox məyus oldular. Rəbb belə dedi: “Mən əzab çəkməzdən əvvəl bu Pasxa yeməyini sizinlə birgə yeməyi çox arzulayırdım. Çünki gələn səfər Pasxanı qeyd etməyim sadəcə Allahın Padşahlığında olacaq”.
Sonra İsa çörəyi götürdü, dua və şükür etdi. Çörəyi böldü və şagirdlərə verdi. “Bu Mənim bədənimdir. Bu çörək bölündüyü kimi, Mənim bədənim də sizin üçün bölünəcək. Məni xatırlamaq üçün bunu edin” dedi.
Yeməkdən sonra İsa bir kasa götürdü və içinə biraz şərab tökdü və belə dedi: “Bu, sizin üçün tökülən Mənim qanımdır. Bu, Allahla insanlar arasındakı yeni əhddir”.
O, qabı yanında oturan şagirdə verdi, şagirdlərin hər biri şərabdan içdi.
Şam yeməyi sona çatırdı. Bu dəfə onların Pasxa bayramını qeyd etmələri adət etdikləri kimi deyildi. Şagirdlər İsanın dediklərinin yalnız kiçik bir hissəsini başa düşdülər. Lakin onlar Rəbbin axırıncı şam yeməyi zamanı söylədiklərinin mənasını tezliklə başa düşəcəkdilər.
SUALLAR
1) Yerusəlimdə Pasxa bayramına hazırlığı kim etməli idi?
2) İsa nə üçün şagirdlərinin ayaqlarını yudu?
3) İsa bu nümunə ilə şagirdlərinə və ardıcıllarına nəyi göstərmək istədi?
4) Rəbb şagirdlərinə hansı əmri verdi?