
Məryəm Bet-Anyada İsaya Qiymətli Yağ Çəkir
Müqəddəs Kitab, Mark, 14-cü fəsil, 3-9-cu ayələr
İsa Bet-Anyada cüzamlı Şimonun evində süfrəyə oturanda bir qadın Onun yanına gəldi və qadının əlində içində çox bahalı xalis nard yağı olan ağ mərmər qab var idi. Qadın qabı sındıraraq yağı İsanın başına tökdü. Bəziləri acıqlanıb bir-birlərinə dedilər: “Bu ətir niyə boş yerə israf olunur?” Lakin İsa dedi: “Qadını rahat burax niyə onu incidirsiniz? O, Mənim üçün gözəl bir iş gördü”.
Pasxa bayramından altı gün əvvəl İsa şagirdləri ilə Bet-Anyaya gəldi. Həmişəki kimi İsa; Marta, Məryəm və Lazarın evində qaldı. Ertəsi gecə İsanın sağaltdığı cüzamlı Şimonu ziyarət etdilər.
Marta masada yemək paylayırdı. Birdən Məryəm ayağa qalxdı, içində çox bahalı ətir (xüsusi yağ) olan ağ mərmər qabı götürüb İsanın yanına gəldi. O, kövrək qabın möhürlənmiş ağzını ehtiyatla sındırdı. Məryəm bu ətirli yağı İsanın başına və ayaqlarına tökdü. Uzun saçlarını açdı və saçları ilə İsanın ayaqlarını sildi. Bütün evi bahalı yağın qoxusu bürümüşdü.
Bəziləri Məryəmə acıqlandılar. Bahalı yağın bu qədər boş yerə xərclənməsindən məyus olmuşdular. Daha sonra İsaya xəyanət edəcək olan Yəhuda İskaryot dedi: “Axı bu ətiri üç yüz dinardan çox qiymətə satıb pulunu yoxsullara vermək olardı”.
Bunu kasıbları çox düşündüyü üçün demədi, özü bir oğru idi. Yəhuda İsaya verilən ianələrin olduğu çantanı daşıyır, bu pulun bir hissəsini özü üçün ayırırdı.
Rəbb şagirdlərin mızıldanmasını kəsərək sərt bir səslə dedi: “Məryəm Mənim üçün gözəl bir iş gördü! Yoxsullar həmişə sizin yanınızdadır, istədiyiniz anda onlara kömək edə bilərsiniz, amma Mən həmişə yanınızda olmayacağam. Qadın bu ətiri Mənim bədənimə tökməklə Məni dəfn üçün hazırlayıb! Dünyanın hansı yerində Müjdə vəz edilərsə, bu qadının etdiyi iş də danışılacaq ki, o yada salınsın!”
Müzakirə üçün suallar
3 sualİsa Bet-Anyada kimin evində qaldı? Oraya nə vaxt gəldi?
Məryəm nə etdi?
Şagirdlərdən hansı Məryəmin etdiyindən məmnun deyildi?