
Dul Qadının İanəsi
Müqəddəs Kitab, Mark, 12-ci fəsil, 41-44-cü ayələr
İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxırdı. Bir çox varlı adam oraya böyük məbləğdə pul atırdı. Bir kasıb dul qadın da gəlib bir kodrant məbləğində iki lepton pul atdı...
İsa Yerusəlimə gələndə, şagirdləri ilə birlikdə məbədin bayır həyətinə tərəf getdi. İsa məbədin ianə qutusunun qarşısında oturub xalqın oraya necə pul atmasına baxdı. İnsanların diqqətini cəlb etmək üçün çox pul atan zəngin Yəhudiləri gördü.
Bir kasıb dul qadın da gəldi, qutuya iki xırda pul atdı. Rəbb bu pulun yoxsul qadın üçün çox şey ifadə etdiyini bilirdi. O, şagirdlərini çağırıb onlara dedi: “Bu kasıb dul qadın ianə qutusuna hamıdan çox pul atdı. Çünki onların hamısı varlarının artığından verdi, bu qadın isə kasıblığına baxmayaraq, dolanmaq üçün əlində nə varsa, hamısını verirdi”.
Baş verənlər şagirdlər üçün yaxşı dərs oldu. İsanın onlara göstərmək istədiyi bu idi: Allah üçün önəmli olan ianənin ölçüsü deyil, ürəyindən gələni verməkdir! Şagirdlər də gələcəkdə imanlı cəmiyyətinə rəhbərlik edərkən eyni şeyi etməli idilər.
SUALLAR
1) Məbədin bayır həyətində olarkən İsa və şagirdlərinin diqqətini nə cəlb etdi?
2) İsa nə üçün məbədə verilən böyük ianələrdən təsirləndi?
3) İsa niyə dul qadını nümunə olaraq göstərdi?