İsa Qalib Şəkildə Yerusəlimə Girir

İsa Qalib Şəkildə Yerusəlimə Girir

Müqəddəs Kitab, Matta, 21-ci fəsil, 1-11-ci ayələr

Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: “Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!”

Pasxa bayramına bir neçə gün qalmışdı. İsa və şagirdləri Bet-Anyadan Yerusəlimə doğru yola çıxmışdılar. Bir çox insan onların ardınca getdi. İsa dəfələrlə Yerusəlimdə əzab çəkəcəyini söyləmişdi. Lakin bu dəfə çox şən bir mərasim idi. İzdiham qələbə rəmzi olaraq xurma budaqlarını yelləyərək İsanı qarşıladı. Yerusəlim xalqı nəhayət onların arzularının Onun tərəfindən həyata keçəcəyinə ümid edirdi. Peyğəmbərlər vasitəsilə Allahın vəd etdiyi Yəhudilərin Padşahı olan Məsih onları Romalıların hökmranlığından qurtaracaqdı. Nazaretli İsa belə bir Padşah olmaq üçün ən yaxşı seçim idi!

Rəbb insanların nə düşündüyünü bilirdi. Lakin Müqəddəs Yazıları da bilirdi. Zəkəriyya peyğəmbər İsa haqqında belə demişdir: “Budur, təvazökar Padşah eşşəyə minib sənin yanına gəlir”.

İsa, Səmavi Atasının iradəsini yerinə yetirmək istəyirdi. Buna görə də şagirdlərini bir eşşək tapmaq üçün yaxınlıqdakı kəndə göndərdi.

Şagirdlər onlara deyiləni etdilər. Eşşəklə sıpasını gətirib üzərlərinə paltarlarını qoydular və Rəbb sıpanın bəlinə mindi.

Onun ardınca gedən xalq sevinclə belə nida edirdi: “Hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!” Qədim İbrani dilində “hosanna” “Rəbb, indi xilas et” deməkdir. Bəziləri “Rəbbə şükürlər olsun” mənasını verən “Halelluyah” deyə ucadan nida etdilər.

Getdikcə izdihamı bir həyəcan bürüdü. Hamısı Allaha ibadət etdi və belə nida etdilər: “İsa, Sən Allahın bizi xilas etmək üçün göndərdiyi Şəxsən!”

İnsanlar xurma budaqlarını İsanın qabağında yola sərirdi. Daha da yüksək səslə belə bağırdılar: “Səni izzətləndiririk! Sən Allahın elçisi kimi gəldin. Sən Yəhudilərin Padşahısan, bizə sülh gətirdin!”

Bəziləri İsanın gedəcəyi yerə paltarlarını sərdilər. Padşahlar şəhərə girərkən sərildiyi kimi, İsanın qabağında sərmək üçün uzun xalçaları yox idi. Lakin İsanın vəd edilmiş Xilaskar olduğunu göstərmək istəyirdilər. İsa onların Padşahı olacaqdı!

Daha çox insan şövqlü izdihama qoşuldu. Hər yerdə üzlər gülürdü, insanlar bayram edir, Rəbbi izzətləndirir və Ona ibadət edərək şən səslər çıxarırdılar!

Amma bəziləri bu sevinci bölüşmürdü. Bəzi fariseylər məyus bir halda kənarda durub, bütün əyləncələri seyr edirdilər. Nəhayət, İsanın yanına gəlib Ona belə dedilər: “Sən bunu dərhal dayandırmalısan! Əgər Romalılar xalqın sənə Padşah dediyini eşitsələr, başın bəlaya girər. Bu adi insanlar nə deyə bağırdıqlarını heç bilmirlər. Onları danla və de ki, sussunlar!”

Fariseylər İsanı qısqanmışdılar. Adi insanlar arasında dini liderlərdən daha nüfuzlu idi. Yəhudi xalqı üzərində hökmdar kimi öz güclərini itirməkdən qorxurdular.

İsa belə cavab verdi: “Xeyr, hammı sussa belə, daşlar dilə gələr! Qoyun insanlar Rəbbi izzətləndirsinlər!”

Eyni zamanda Rəbb, indi Onu yüksək səslə izzətləndirənlərin bir neçə gün sonra Ona xəyanət edəcəyini və Onu tərk edəcəyini də bilirdi. Onların məhəbbəti tezliklə nifrətə çevriləcək və Onu çarmıxa çəkəcəkdilər.

Müzakirə üçün suallar

3 sual
  1. İsanın ardınca Yerusəlimə gedənlər Ondan nə gözləyirdilər?

  2. İsa Yerusəlimə necə daxil oldu?

  3. İsa üçün hansı daha vacib idi: padşah olmaq, yoxsa Atasının iradəsini yerinə yetirmək (çarmıxda ölmək)? Niyə?

79. İsa Qalib Şəkildə Yerusəlimə Girir00:00 / 03:27