İbram və Lut

İbram və Lut

Müqəddəs Kitab, Yaradılış, 13-cü fəsil, 18:20-33, 19-cu fəsil

İbram Luta dedi: “Qoy mənimlə sənin və çobanlarımla çobanların arasında mübahisə olmasın, çünki biz qohumuq”

Vaxt keçdikcə İbram və Lut çox zəngin oldular. Onların çoxlu qızıl və gümüşü var idi. Onların qoyun sürüləri, öküzləri, dəvələri və eşşəkləri var idi. Ancaq sonra ciddi problemlə üzləşdilər. Sürülər o qədər artdı ki, otlaqlar onlar üçün çox dar oldu. Buna görə də, çobanlar dava etməyə başladılar.

İbram Luta dedi: “Öz aramızda və çobanlarımız arasında mübahisə və çəkişmələrin olması düzgün deyil. Biz qohumuq. Gəl ayrılaraq, aramızda məsafə yaradaq, sən sola getsən, mən sağa gedəcəyəm. Sən sağa getsən, mən sola gedəcəyəm”.

İbram, Luta məskən salması və yaşaması üçün özünə torpaq seçməyə icazə verdi. Lut, İordan çağının kənarındakı düzənliyin çox münbit olduğunu gördü. Müqəddəs Kitab, buranı Allahın bağı, cənnəti kimi təsvir edir. Lut yaşamaq üçün bu gözəl torpaqları seçdi. O, ətraf xalqlardan tamamilə ayrı bir həyat yaşayırdı. Sodom və Homorra şəhərlərinin əhalisi çox pozğun idi; Lut, Allahın bir gün bu yerləri məhv edəcəyini ağlına belə gətirə bilməzdi. Bu torpaqlara nə olacağı haqqında heç bir fikri yox idi. Lut Allaha bağlı idi, lakin əxlaqsız insanların yanında yaşamağa etiraz etmirdi.

Bir müddət sonra Allah İbrama bu şəhərlərlə bağlı verdiyi qərarı belə bildirdi: “Sodom və Homorra xalqı günaha qərq olublar! Aşağı enəcəm və onlar üçün hazırladığım cəzanı tədbiq edimmi deyə baxacağam”.

İki mələk Sodoma göndərildi. İbram Allaha belə suallar verməyə başladı: “Əgər təsadüfən əlli nəfər saleh adam tapsan, bu şəhərə rəhm edərsənmi?”

Allah da mərhəmət edəcəyini vəd etdi. İbram soruşduqca soruşdu, hər səfərində saleh insanların sayını 45, 30, 20 və 10-a qədər azaltdı. İbram xahiş etdikcə Allah onların xatirinə şəhəri qoruyacağını vəd etdi.

Axşam iki mələk Sodoma gəldi. Lut şəhər darvazalarının yanında oturmuşdu. Burada şəhərin görkəmli şəxsləri toplanardı. Mələkləri görən kimi ayağa qalxdı, onların qarşısında baş əydi və evində gecələmələrini istədi. Onlar isə “yox, gecəni çöldə keçirəcəyik” dedilər.

Lut, Sodom əhalisinin ümumiyyətlə yadellilərə qarşı pis davrandığını bilirdi. Buna görə də, mələklərin onun evinə gəlməsini təkid etdi. Yeməklərini bitirən kimi çöldən dəhşətli səs-küy eşitdilər. Şəhər camaatı toplanmış, Lutdan onun yanına gələn yadelliləri istəyirdi. Lutun qonaqlarını qoruduğunu görəndə, onu hədələməyə başladılar. Lakin, mələklər camaatın gözlərini kor etdilər.Mələklər Luta belə dedilər: “Ailəni tez şəhərdən çıxar, çünki günahlarına görə şəhəri məhv edəcəyik. Onların günahları o qədər çoxdur ki, onlara qarşı fəryad Rəbbə gəlib çatmışdı”.

Lakin Lutun kürəkənləri ona inanmadılar və bunun zarafat olduğunu zənn etdilər. Lutun özü də evdən çıxmağa tələsmədikdə, mələklər onun, arvadının və qızlarının əlindən tutub şəhərdən kənara çıxartdılar. Çünki Allah onları qorumaq istəyirdi. Allah onlara arxalarına baxmadan şəhərdən qaçmağı əmr etmişdi. Lakin Lutun arvadı Allahın əmrinə qarşı çıxdı. Dönüb şəhərə baxanda duz sütununa çevrildi. Bu vaxt Lut və qızları qaçmağa davam etdilər...

Rəbb; Sodom və Homorra üzərinə göydən odlu kükürd yağdırdı. Bu şəhərlər və onların ətrafındakılar, İordan çayı vadisindəki mal-qaralar da tələf oldu. İndi bu yerdə Ölü dəniz var.

SUALLAR

1) Lut harada məskunlaşmağa qərar verdi?

2) Sodom və Homorranı müdafiə edib-etməyəcəyini öyrənmək üçün İbram Allaha hansı sualları verdi?

3) Allah bu şəhərlərdəki pozğun xalqları necə cəzalandırdı?

7. İbram və Lut00:00 / 03:39