
İsa Kor Adamı Sağaldır
Müqəddəs Kitab, Mark, 10-cu fəsil, 46-52-ci ayələr
Sonra onlar Yerixoya gəldilər. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxanda Timay oğlu Bartimay adlı bir kor dilənçi yol kənarında oturmuşdu. Nazaretli İsanın orada olduğunu eşitdikdə, “Ey Davud Oğlu İsa! Mənə rəhm elə!” deyə bağırmağa başladı. Çox adamsa ona qadağan edib susdurmaq istədisə də, o “Ey Davud Oğlu! Mənə rəhm elə!” deyə daha ucadan bağırdı. İsa dayanıb dedi: “Onu çağırın”. Onlar bu kor adamı çağıraraq dedilər: “Cəsarətli ol, qalx, O səni çağırır”. O, üst paltarını üstündən atdı və yerindən sıçrayaraq İsanın yanına gəldi. İsa ondan soruşdu: “Nə istəyirsən, sənin üçün edim?” Kor adam Ona dedi: “Rabbuni, gözlərim açılsın”. İsa ona dedi: “Get, imanın səni xilas etdi”. Həmin an bu adamın gözləri açıldı və o da İsanın ardınca getdi.
Bartimayın dilənçi olduğunu hamı bilirdi. Dolanışıq üçün dilənirdi, çünki o kor idi. İsa şagirdləri ilə birgə böyük izdihamla Yerixodan çıxıb Yerusəlimə doğru gedirdilər. Bartimay yolun kənarında oturmuşdu.
Bartimay hər gün kədərli bir ifadə ilə yol kənarında oturardı. Tək xəyal etdiyi şey gözlərinin açılıb, dünyadakı hər şeyi; insanları, çiçəkləri, dağları, dərələri görmək idi! Bir gün biri ona İsanın korların gözlərini açdığını demişdi.
Bartimay belə düşündü: “Bu, çox gözəl olardı. İsa mənim də gözlərimi sağaltsaydı! Amma kor olaraq Onu necə tapa bilərəm ki?”
Həmin gün Bartimay həmişəki yerində oturdu. O, səslərdən küçədə qeyri-adi nəsə bir şeylər baş verdiyini hiss edə bilirdi. Bir an durdu, sonra yoldan keçən birindən nələr baş verdiyini öyrənməyə çalışdı. “Orada nə baş verir?” o soruşdu. Adam, “İsa keçir!” - deyə cavab verdi.
Bartimay, “İsamı?” dedi.
Həyəcanla dolaraq, “İsa, kömək et! İsa, mənə rəhm et!” deyə bağırmağa başladı.
Yoldan keçənlər “Sus!” deyə onu azarlayaraq, onu susdurmağa çalışdılar. “Çox bağırma! İsanın ətrafını çoxdan böyük bir izdiham doldurdu! Bağırmasan daha yaxşı olar!” dedilər.
Lakin Bartimay onlara qulaq asmadı. “İsa, mənə kömək elə!” deyə bağırmağa davam etdi.
İsa onu eşitdi və dayandı. “Məni çağıran adamı gətirin!” dedi.
Şagirdlər Bartimeyin yanına gəlib dedilər: “İsa səni eşitdi, səninlə tanış olmaq istəyir. Qalx, yanına get”.
Bartimay dərhal sıçradı. Kimsə onun qolundan tutub apardı.
Bartimay mehriban bir səsin ona belə səsləndiyini eşitdi: “Nə istəyirsən, sənin üçün nə edim?”
Bartimay kəkələyərək “Rəbb, gözlərim açılsın!” dedi.
İsa, “Gözlərin açılsın! İmanın səni xilas etdi” dedi.
Və Bartimay birdən görməyə başladı! Müvəqqəti olaraq parlaq işıqdan gözləri qamaşdı! Həyatında ilk dəfə bütün əzəməti ilə şəkillər və rənglərlə dolu dünyanı görürdü! Bu inanılmaz idi! İndi artıq İsanın üzünə yaxşı baxa bilirdi. Bu üz necə də sevgi və dostluq saçırdı! Bartimay, ona göstərdiyi xeyirxahlığına görə Rəbbə necə təşəkkür edəcəyini bilmirdi!
Uşaq kimi hoppanıb Allahı izzətləndirdi. İsa və şagirdləri başqa bir yerə gedərkən, onların ardınca getdi.
SUALLAR
1) Yerixodan olan kor adamın adı nə idi?
2) Kor adam İsaya necə səsləndi? Ondan nə etməyi xahiş etdi?
3) Sağaldıqdan sonra nə etdi?