
İsa Uşaqlara Xeyir-dua Verir
Müqəddəs Kitab, Luka, 18-ci fəsil, 15-17-ci ayələr
Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. Amma İsa uşaqları yanına çağırıb dedi: “Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur”.
İsanın ətrafına izdiham toplaşdığı günlərdən biri idi. İsa “Allah” və “Allahın Padşahlığı” haqqında danışırdı. O, fariseylərin verdiyi hiylə və məkrli suallara səbirlə cavab verir və saysız-hesabsız xəstələrə şəfa verirdi. Ətrafına böyük bir izdiham yığılmışdı. Başqa bir qrup İsaya tərəf gedirdi. Bunlar uşaqlı qadın və kişilər idi.
İzdihamın içindən biri onlara dedi: “Gözləyin, hara gedirsiniz?”.
Bir qadın, “İsanı görüb, uşaqlarımıza xeyir-dua verməsini istəyirik” deyə cavab verdi.
Orada duranlardan biri istehza ilə qışqırdı: “Uşaqlar? İsanın sizin uşaqlarınızla məşğul olmaqdan başqa vacib işləri yoxdur? Sağalmağı gözləyən xəstələri görmürsünüzmü? Onun ciddi məsələlərdən, Allahın Padşahlığı haqqında danışdığını eşitmirsinizmi? Siz isə bura bu mövzuda heç bir xəbəri olmayan övladlarınızla, hətta yeni doğulmuş körpələrinizlə gəlirsiniz!”
Qadın belə cavab verdi: “Onlara hər şeyi başa düşməklərinə ehtiyac yoxdur, sadəcə Allahın onları sevdiyini bilsinlər. Buna görə də İsadan soruşmaq istəyirəm...”
“İsa dəyərli vaxtını uşaqlara sərf etməyəcək!” deyə cavab verildi.
Qadın, “Xahiş edirəm buraxın keçək!” dedi.
Mübahisə daha da böyüdü. İsa insanların mübahisə etdiyini görüb belə dedi: “Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur”.
Şagirdlər heyrətlə İsaya baxdılar. Bu sözlərdən məmnun olan ana və atalar, uşaqları ilə birlikdə İsanı görmək üçün izdihamın arasından keçdilər. Şagirdlər çaşbaş oldular, nə baş verəcəyini görmək üçün yaxınlaşdılar.
İsa dönərək onlara belə dedi: “Sizə doğrusunu deyirəm: kim Allahın Padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz”.
Sonra İsa kiçik uşaqları qucağına aldı və bir-bir onlara xeyir-dua verdi. Daha böyük uşaqlara da üzərlərinə əllərini qoyaraq xeyir-dua verdi.
Müzakirə üçün suallar
2 sualŞagirdlər nə üçün uşaqların İsanın yanına gəlməsinə icazə vermədi?
Rəbb “Allahın Padşahlığı uşaqlara məxsusdur” deyərkən nə demək istədi?