İtmiş Oğul Məsəli

İtmiş Oğul Məsəli

Müqəddəs Kitab, Luka, 15-ci fəsil, 11-32-ci ayələr

İsa bunu da danışdı: Bir adamın iki oğlu var idi. Oğlanlardan kiçiyi atasına dedi: “Ata! Var-dövlətindən payıma düşəni mənə ver”. Atası da varını onların arasında bölüşdürdü. Bir neçə gün sonra kiçik oğul nəyi vardısa, yığıb uzaq bir diyara yollandı. Orada pozğun həyat sürüb var-dövlətini heç-puç etdi. Oğlan hər şeyini xərclədikdən sonra o ölkədə böyük bir aclıq oldu. O korluq çəkməyə başladı… Oğlan özünə gəlib dedi: “Durub atamın yanına gedəcəyəm və ona deyəcəyəm: “Ata, mən göyə və sənə qarşı günah etdim.” O durub öz atasının yanına getdi. Oğul hələ uzaqda ikən atası onu gördü. Ona rəhmi gəldi və qaçıb onun boynuna sarıldı və öpdü. “…bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı” dedi.

İsa fariseylərə başqa bir məsəl çəkdi. Bir adamın iki oğlu var idi. Onların hər ikisi də yetkin idi və atalarına ev işlərində kömək edirdilər.

Oğullardan böyüyü kömək edirdi, amma bunu könülsüz edirdi. Ancaq bu məsəl kiçik oğul haqqındadır. Atasından nəsihət almaqdan, onu dinləməkdən yorulmuşdu. Əgər tək yaşasa, öz qərarını özü versə, daha yaxşı olacağını düşünürdü.

Bir gün atasının yanına gəlib dedi:

“Ata! Sən öləndə oğlun olaraq mirasının yarısı mənim haqqımmdır. Amma sənin ölməyini gözləmək istəmirəm. Gec-tez mənim olacağına görə mülkündən payıma düşəni indi almaq istəyirəm. Mən həyatdan zövq almaq və öz şərtlərimlə yaşamaq istəyirəm!”

Atası bu sözlərdən çox qırılmışdı. Bilirdi ki, oğlu pulu alan kimi çox güman ki, evi tərk edəcək. Amma atası onu qalmağa məcbur etmədi, çünki oğlunun seçiminə hörmətlə yanaşırdı. Ona görə də ona öz payını verdi.

Qısa müddətdən sonra kiçik oğlu uzaq bir ölkəyə getmək üçün evdən ayrıldı, bahalı paltarlar aldı, pulunu keyfiyyətli yeməklərə və əyləncəyə xərcləyərək yaşadı.

Çox keçmədi ki, ətrafdakılar onun zəngin olduğunu və var-dövlətiylə lovğalandığını gördülər. Varlı qəribin əhatəsində dolaşanlar var idi, çünki onların bütün xərclərini o ödəyirdi. Gənc oğlan nəhayət dostluq tapdığını düşünürdü. Amma onlar əsl dost deyildilər, ondan sadəcə pul mənbəyi kimi istifadə edirdilər.

O, belə bir həyat yaşamaqdan böyük həzz alırdı. O, çox səyahət edir, əyləncələrdə iştirak edir, dostları ilə gəzirdi. Hər istəyini yerinə yetirə bilirdi.

Evini düşünmürdü.

Gənc adam azğın həyatına qərq olmuşdu. Hər gün pul itirdiyini və tezliklə bitəcəyini dərk etmirdi.

Bir gecə o, başqa böyük bir əyləncə üçün pul ödəməli oldu, pulunun çatmadığını biləndə dəhşətə gəldi. “Mənim pulum bitdi. Mənə kömək etməlisiniz. Dostların bunu etməsi lazımdır, elə deyilmi?” deyə ağzından qaçırdı.

Dostları da, “Dostlarınmı?” deyə etiraz edərək, “Biz qonaq çağırıb pul ödəyə bilməyənlərin dostu deyilik. Uğurlar!” onlar dedilər.

Bu sözlərdən sonra onu tərk etdilər.

Gənc, qalan son pulunu əyləncə məkanının sahibinə verməli oldu.

Çox keçmədi ki, gənc adam yoxsul həyat sürməyə başladı. O, küçələrdə yaşamağa məcbur olub, şəhərdə sərsəri kimi dolaşırdı. Həmin vaxt ölkədə böyük aclıq baş verdi. Buna görə də heç kim onunla kiçik bir yeməyi belə bölüşmək istəmirdi. Üstəlik, iş də tapa bilmirdi.

Uzun axtarışlardan sonra, həmin ölkənin vətəndaşlarından biri onu öz xidmətinə cəlb etdi. O, cüzi pul müqabilində yaylaqda donuz otarmalı idi. Əvvəllər o, belə bir işdə çalışmaq fikrini alçaldıcı hesab edirdi, amma indi qürurunu bir kənara qoymuşdu. Mədəsi quruldayırdı. O, hətta donuz yemini də yeməyə razı idi, lakin ağası buna icazə vermirdi. Burada ac, cırıq paltarlar içində, alçaldılmış və palçıq içində donuzlarla oturmuşdu. Uzun müddətdən sonra ilk dəfə evi düşündü.

“Mən çox axmaqlıq etdim! Kaş ki, evi tərk etməsəydim! Atam üçün işləyən hər hansı qulluqçu məndən daha yaxşı yaşayır” deyə düşündü.

Qərar verdi: “Mən nə edəcəyimi bilirəm. Evə gedəcəm. Şübhəsiz ki, atam artıq mənə bir oğul kimi davranmayacaq. Ondan belə bir şey gözləməyə haqqım da yoxdur. Atam artıq mənə dəstək olmaz. Amma bəlkə mənə yazığı gələr və məni maaşlı bir işdə işlədər”.

Evə gedən yol ona heç bitməyəcək kimi gəlirdi. Amma nəhayət uzaqdan atasının evini gördü. Gənc adam dayandı. Sanki davam etməyə gücü yox idi. Atası ilə görüşməyə cəsarəti varmıydı, onda belə əmin deyildi.

Birdən ona tərəf qaçan bir adam gördü. Kim olduğunu görmək üçün gözlərini qıydı. Gələn adam atası idi!

Qoca sevinclə əl yellədir, həyəcan içində nəsə deyirdi. Oğul atasının onu yenidən gördüyü üçün sevindiyinə inana bilmirdi! Atası ona qəzəbli deyildimi? Onu hələ də sevirdi?

Atası onu özünə çəkib, bərk-bərk qucaqlayıb öpdü. Sonra evə tərəf getdilər. Evdə ata, xidmətçilərə belə dedi:

“Oğluma ən gözəl paltarı gətirin. Kökəldilmiş dananı gətirin, kəsin; yeyib-şadlanaq! Çünki bu oğlum ölmüşdü, yenə həyata qayıtdı. O itmişdi, tapıldı!”

SUALLAR

1) İsa fariseylərə hansı məsəli çəkdi?

2) Bu məsəldən öyrəndiyimiz dərs nədir?

3) Məsəldəki ata və oğul sizə kimləri xatırladır?

74. İtmiş Oğul Məsəli00:00 / 04:41