İtmiş Qoyun Məsəli

İtmiş Qoyun Məsəli

Müqəddəs Kitab, Luka, 15-ci fəsil, 3-7-ci ayələr

İsa onlara bu məsəli çəkdi: “Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? Tapanda isə onu sevinclə çiyinlərinə qoyar... Sizə bunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq”.

Bir gün İsa, ilahiyyatçılara və fariseylərə bu məsəli danışdı.

Həmişə qoyunlarına çox yaxşı baxan bir çoban var idi. Yüz qoyunu var idi, hər gün itmiş qoyun varmı deyə onları yoxlayırdı. O, yaxşı çoban idi. O, qoyunlarını sevir, çəmənlikdə keçən hər gündən sonra onları sağ-salamat evə gətirmək üçün əlindən gələni edirdi. Amma bir gecə saydıqdan sonra, sürüdə doxsan doqquz qoyun olduğunu gördü.

Çoban bir daha saydı, yenə doxsan doqquz çıxdı! Bir qoyun əskik idi! Bəlkə, qayadan yıxılıb, ya da canavar tərəfindən öldürülmüşdü. Çoban nə olursa olsun qoyunu tapmağa qərar verdi.

Bir daha sürünü yoxladı. Gördü ki, burnunda qara ləkə olan quzu itib.

Çoban tövlənin qapısını düzgün bağladıqdan sonra, bu qoyunu axtarmağa getdi.

Doxsan doqquz qoyununun tək qaldığını düşünərək narahat oldu. Amma gözləyə bilməzdi, çünki itən qoyun hər an ölüm təhlükəsi ilə üzləşə bilərdi.

O, çox narahat idi, sürətlə qaçmağa başladı! Dağa çatanda yorğunluqdan ölürdü. Amma axtarmalı idi. Hərdən bir dayanıb ucadan kiçik qoyununa səslənir, ya da onun mələməsini eşidə bilmək ümidi ilə ətrafa qulaq asırdı, ancaq sadəcə öz səsinin əks-sədası gəlirdi.

Qayadan düşmədiyinə ümid edirdi! Çoban qayalara dırmaşıb quzuya dəfələrlə səsləndi.

Birdən cavab olaraq mələmə səsi eşitdi.

Çobanın ürəyi sürətlə döyünürdü. Quzu hələ sağ idi!

Səsin gəldiyi tərəfə qaçdı. Orada idi! Quzu dik bir sıldırım yamacın dar tərəfində idi. O, ilişib qalmışdı, hərəkət edə bilmirdi.

Çoban qayanın ətrafına göz gəzdirdi, qoyuna əlçatması üçün bir yol varmı deyə baxdı.

“Təhlükəli, lakin mümkündür” dedi və getməyə qərar verdi.

Çoban aşağı düşüb qoyunu çiyninə alıb ehtiyatla dırmaşmağa başladı. O, necə də xoşbəxt idi! Qoyun da qurtarıldığı üçün xoşbəxt kimi görünürdü. Çobanın boynuna yapışmışdı.

İsa sözlərini belə bitirdi: “Allah da, Ondan uzaqlaşan insanları belə axtarır. Sizə bunu deyirəm, beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq”.

Müzakirə üçün suallar

3 sual
  1. İsa fariseylərə hansı məsəli danışdı?

  2. Bu məsəl ilə bağlı ən çox nəyi xatırlayırsınız?

  3. Tövbə nədir?

73. İtmiş Qoyun Məsəli00:00 / 02:24