
İsa Suyun Üzərində Yeriyir
Müqəddəs Kitab, Mark, 6-cı fəsil, 45-56-cı ayələr
İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi... Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar... Lakin bu anda İsa onlara müraciət edib dedi: “Cəsarətli olun, Mənəm, qorxmayın!” Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi.
O gecə şagirdlər Qalileya gölündə bir qayıqda idilər. İsa onların yanında deyildi. Dağda təkbaşına dua edirdi. Şagirdlər bir saat avar çəkmişdilər. Çox güclü külək əsdiyi üçün su qalxmışdı. Qayıq dalğalara görə yellənirdi və onlar Kefernahuma doğru keçməli idilər. Vəziyyət getdikcə daha da təhlükəli hala gəlirdi, lakin onlar yola davam etməli idilər, çünki İsa onların qarşı tərəfə keçməsini söyləmişdi. Özü də ora sonra gələcəyinə söz vermişdi.
Şagirdlər sahilə çatmaq üçün çalışsalar da, külək əsdiyi üçün bunu edə bilmədilər. Fırtına o qədər şiddətli idi ki, irəli getməkdə çətinlik çəkirdilər.
Birdən şagirdlər suyun üzərində qayığa yaxınlaşan bir işıq nöqtəsi gördülər. Yaxınlaşdıqca bunun insan olduğunu anladılar. Şagirdlərdən bəzisi hətta qorxudan qışqırdı. Bir insan şəkli suyun üzərində yeriyirdi! Amma bu mümkün deyildi!
Görəsən bu bir kabusdu? Axı bu fövqəltəbii bir şey idi? Onlara tərəf yaxınlaşan bu kabus kimi şeyin kim olduğunu izah edə bilmədilər!
Adamı indi aydın görə bilirdilər. Külək güclü olduğundan və səsləri batırdığına görə O bağırdı, beləcə səsi uzaqdan eşidildi.
“Qorxmayın! Mənəm!” dedi.
Bu, müəllimləri İsa idi! Onun səsini dərhal tanıdılar və rahat nəfəs aldılar. Onun qayığa yaxınlaşmasını gözlədilər. Amma onlardan biri gözləmək istəmədi. Peter səbirsiz bir adam idi. Üstəlik, o, İsanı o qədər sevirdi ki, onun yanına qaçıb onu ilk salamlayan olmaq istəyirdi. Amma suyun üzərində yeriyib, batmamaq mümkün deyildi.
Peter belə düşündü: “Niyə də olmasın? İsa suyun üzərində yeriyə bilirsə, mən də edə bilərəm! Təbii ki, təkbaşına yox, Onun köməyi ilə”.
Bu fikir ağlından keçəndə, “Ya Rəbb, əgər Sənsənsə, mənə əmr et ki, suların üstü ilə yanına gəlim” dedi.
İsa, “Gəl!” dedi.
Peter qayığın kənarına gəlib ayağını suyun üstünə basdı. Sanki möhkəm yer kimi göründü. Sonra o biri ayağını da basdı və İsaya tərəf yeriməyə başladı.
Suyun üstündə yeriyirdi! O, getdikcə İsaya yaxınlaşırdı.
Birdən Peter böyük bir dalğanın ona tərəf gəldiyini gördü. Su və dalğalar onu vurdu. Bu onu qorxutdu. Peter artıq İsaya baxmırdı, qorxu içində idi. Gördüyü tək şey yaxınlaşan dalğa idi. O, qayığın yanındakı düz səthə basdığı kimi bu dalğanın üstünə də basa bilərdimi? Bu anda batmağa başladı və, “Ya Rəbb, məni xilas et!” deyə qışqırdı.
İsa elə orada idi. O, əlini uzadıb boğulmaq üzrə olan Peteri tutdu.
Belə dedi: “Ey imanı az olan adam! Nə üçün şübhə etdin?”
Peteri xilas edən öz imanının gücü deyildi. Onu xilas edən İsa Məsih, Allahın Oğlu idi.
Bu vaxt digər şagirdlər də onlara tərəf qayığla gəldilər. İsa və Peter qayığa mindilər. Təəccüblüdür ki, külək həmin anda dayandı. Qayıq yavaş-yavaş suda hərəkət etdi.
Baş verənlər şagirdlərə təsir etmişdi. İsaya yaxınlaşdılar və bir padşah kimi Onun qarşısında ehtiramla yerə yıxıldılar.
“İsa, Sən doğrudan da Allahın Oğlusan!” dedilər.
Əgər İsa onlara kömək etməsəydi, onların hamısı öləcəkdi. Həmin gecə şagirdlərin öyrəndikləri şey bu oldu.
SUALLAR
1) Şagirdlər gecə harada suda gedirdilər? Nə üçün İsa onlarla birlikdə deyildi?
2) Göldə nə baş verdi? Suda gedərkən şagirdləri çox qorxudan şey nə idi?
3) Rəbb suyun üzərində necə yeriyə bilərdi?
4) Peter nə üçün qəfildən batmağa başladı?