
Quyunun Yanında Qarşılaşma
Müqəddəs Kitab, Yəhya, 4-cü fəsil, 4-29-cu ayələr
O, (Məsih) Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona “Mənə su ver, içim” dedi.
Bu mənzərəni təsəvvür edin: bir qrup insan qızmar günəş altında gəzir. Onlar kiçik Sixar şəhərinə yaxınlaşır və Yaqubun əsrlər əvvəl qazdığı quyunun yanında dayanırlar. Biz bu qrupu tanıyırıq: İsa və şagirdləri. Nahar vaxtı yaxınlaşanda İsa, şagirdlərini yemək almaq üçün şəhərə göndərdi. Özü isə Quyunun yanında qaldı.
Haradasa günortaya yaxın vaxtı idi, günəş yüksəlmişdi. Günün bu saatında ətrafda adətən heç kim olmazdı, amma bir qadın şəhərdən çıxmış, su səhəngini daşıyaraq quyuya doğru gəlirdi. Qadın quyu başında insanlarla qarşılaşmaq istəmirdi. Su almaq üçün xüsusilə günün ən isti saatını seçmişdi. Şəhərdəkilər ona xor baxırdılar, çünki günahkar davranışları var idi.
Qadın quyudan su çəkərkən, İsa birdən ona dedi: “Mənə su ver, içim”.
Qadın İsanın onunla danışmasına çox təəccübləndi, çünki O, Yəhudi idi. O dövrdə Yəhudilərin Samariyalılarla heç bir əlaqəsi yox idi. İsa, qadınla ən vacib şeylər, yəni iman və Rəbbə düzgün ibadət etmək haqqında danışdı. İsa dedi: “Allah Ruhdur və Ona ibadət edənlər Ruhda və həqiqətdə ibadət etməlidirlər”.
Rəbb, Allaha ibadət etdiyimiz yerin həqiqətən heç bir əhəmiyyəti olmadığını bildirmişdi. Biz hər yerdə Allaha dua edə bilərik, çünki Allah hər yerdədir. Qadın diqqətlə qulaq asdı və Müqəddəs Ruh ona İsanın sözlərinin nə haqqında olduğunu anlamağa kömək etdi. O, bir müddət həqiqəti axtarmışdı. O belə dedi: “Bilirəm ki, Məsih deyilən məsh olunmuş Şəxs gələcək O gələndə bizə hər şeyi bildirəcək. Etməli olduğumuz şey Allahı razı salmaqdır”.
İsa cavab verdi: “Səninlə danışan Odur, O Mənəm”.
Artıq qadın həqiqəti bilirdi. Onun etməli olduğu yeganə şey, Onun Xilaskar olduğuna iman etmək idi.
Samariyalı qadın çox xoşbəxt idi! Bu xəbəri hamı ilə bölüşmək üçün dərhal şəhərə getdi. O, artıq ona xor baxanlardan qorxmurdu, çünki onun bütün günahlarını götürən Xilaskarla görüşmüşdü. Qadın Sixar xalqını quyuya çağırdı. Məsih olduğunu deyən adamla tanış olmalarını istədi. Hamı çaşqınlıq içindəydi, quyuya tərəf qaçdılar. Onlar da Məsihi görmək istəyirdilər.
Bir çox samariyalılar qadının şəhadəti vasitəsilə Allaha iman etdilər. Samariyalılar İsanın yanına gələndə, İsanın onlarla qalması üçün təkid etdilər. İsa orada iki gün qaldı, onlarla danışdı. Onun sözlərinə görə daha çox insan iman etdi və bunu qadına sevinclə belə bildirdilər:
“Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur”.
SUALLAR
1) İsanın yaxınında olduğu quyu harada idi?
2) Qadın niyə günorta su almaq üçün orada idi?
3) İsa Samariyalı qadına nə dedi?
4) Qadın nə üçün sevinclə dərhal şəhərə qayıtdı? Şəhər xalqına nə dedi?