
Gecə Ziyarətçisi
Müqəddəs Kitab, Yəhya, 3-cü fəsil, 1-21-ci ayələr
Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. O, gecə ikən İsanın yanına gəlib dedi: “Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz”. İsa ona cavab verdi: “Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz”. ... Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun.
Pasxa bayramı zamanı İsa bir çox möcüzələr göstərdi və insanların çoxu Ona iman etdi. Onu Məsih və Xilaskar kimi qəbul edənlər əsasən kasıb insanlar idi. Varlılar isə ona güvənmir və şübhə edirdilər.
Ancaq Yerusəlimdə Rəbbə həqiqətən ehtiyacı olan bir adam var idi və Onu şəxsən görmək istəyirdi.
Gündüz vaxtı İsanı görməyə cəsarət etməmişdi, çünki çox hörmətli bir insan idi. O, Ali Şuranın üzvü və farisey idi. Onun adı Nikodim idi.
İnsanlarla başını işə salmaq istəmirdi, buna görə də gecə gəldi, İsanın olduğu evə girdi və belə dedi:
“Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz”.
Nikodim İsanın böyük bir müəllim olduğunu düşünürdü, amma Onun Allahın Oğlu olduğunu bilmirdi. Birdən İsa heç kəsin yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməyəcəyini dedi.
Nikodimin bunu başa düşməsi çox çətin idi. Buna görə də İsadan soruşdu:
“Bir adam yenidən necə doğula bilər? Yaşlı bir adam ikinci dəfə anasının bətninə girib doğula bilərmi?”
İsa ona yenidən doğulmanın Ruhdan doğulmaq olduğunu dedi. Amma Nikodim əlaqə yarada bilmədi, bunu başa düşmək onun üçün çox çətin idi. Buna görə də Rəbb nə demək istədiyini belə izah etdi: “Hər kəs günahkardır və özlüyündə günahdan ayrıla bilməz. Yalnız Müqəddəs Ruh insanları dəyişdirə və daha yaxşı insanlar edə bilər”.
Bunun necə olduğu bir sirrdir. Bunu aydınlaşdırmaq üçün İsa Nikodimə belə dedi: “Yel istədiyi yerdə əsir. Onun səsini eşidirsən, amma haradan gəlib hara getdiyini bilmirsən. Ruhla doğulanlar da belədir”.
Lakin Nikodim hələ də İsanın nə demək istədiyini başa düşmürdü. “Bu necə ola bilər?” deyə soruşdu.
İsa ona günahdan qurtulmağın yeganə yolunun Allahın Oğluna inanmaq olduğunu açıqladı. Allah, Oğlunu insanların günahları üçün ölsün deyə göndərmişdi. İsa həmçinin bunu da bildirdi:
“Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.”
Bir müddət sonra Nikodim İsaya iman etdi və Ruhdan doğuldu. O, Allahın Oğluna inanmaqdan utanmadı, bunu insanlardan gizlətmədi. Bəzi adamlar İsaya qarşı üsyan edəndə, Nikodim Onu müdafiə etdi.
SUALLAR
1) Nikodim nə üçün İsanı şəxsən görmək istəyirdi?
2) Allahın Padşahlığını necə görmək olar?
3) Allah, Öz Oğlunu niyə dünyaya göndərdi?