Nineva Xalqı Tövbə Edir

Nineva Xalqı Tövbə Edir

Müqəddəs Kitab, Yunus, 3-4-cü fəsillər

Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu... “Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq”.

Bir neçə həftə ərzində Yunus Ninevada idi. O, şəhərin küçələrində dolaşırdı və Allahın ona dedikləri ilə bağlı vəz edirdi.

“Qırx gündın sonra Nineva dağılacaq” dedi.

Heç kimin onunla lağ etməməsi ona qəribə gəldi. Heç kim ona hücum etmədi, ya da təhdid etmədi. Əksinə, xalq ona inandı. Eşitdikləri cəza ədalətli idi, çünki bir çox millətlərlə vuruşmuş və pislik etmişdilər. Etdikləri pis əməllərin cəzasız qalmayacağını anladılar.

Padşahın da peyğəmbərdən xəbəri var idi. Verdiyi hökmü də eşitmişdi.

Padşah belə buyurdu: “Hər kəs Allaha dua etsin. Bəlkə onda bizə mərhəmət edər. Həmçinin hər kəs oruc tutsun. Tövbə əlaməti olaraq bahalı paltarlar yerinə çula sarının”.

Qırx gündən sonra Yunus Ninevanın dağılacağını düşünürdü. Amma heç bir şey olmadı. Günün sonunda belə Nineva hələ yerində idi. Yunus qəzəbləndi. Nə üçün onda onlara təbliğ etmiş və Allahın gələcək hökmünü bildirmişdi? Bu hökm Ninevanın zalım xalqını ölümlə cəzalandırmaq üçün idi.

Yunusun qaldığı təpə çox isti idi. Bu da Yunusu qəzəbləndirdi. Ertəsi günü səhər yuxudan oyananda, yaxınlıqda böyük bir bitki gördü. Yunus bitkinin yarpaqlı kölgəsində özünü daha yaxşı hiss etdi.

Bitkini orada tez böyüdən Allah idi. Lakin ertəsi gün Allah bitkini qurutdu.

Yunus o qədər məyus oldu ki, ölmək istədi. Allah ona belə dedi:

“Bitki bir gecədə ortaya çıxdı və bir gecədə yox oldu. Sən zəhmətini çəkmədiyin, yetişdirmədiyin bitkiyə acıyırsan, bəs mənim bu qədər insanın yaşadığı Nineva şəhərinə necə acımayım?

O zaman Yunus Allahın səbrinin və mərhəmətinin nə qədər böyük olduğunu və Onun bağışlamağa nə qədər hazır olduğunu öyrəndi.

Müzakirə üçün suallar

3 sual
  1. Yunus Ninevada nəylə bağlı vəz etdi?

  2. Yunus vəz edərkən Ninevalılar necə reaksiya verdilər?

  3. Rəbb Ninevaya nə etdi?

42. Nineva Xalqı Tövbə Edir00:00 / 01:46