
Yunus Qaçır
Müqəddəs Kitab, Yunus, 1-4-cü fəsillər
Rəbbin sözü... Yunusa nazil oldu: “Qalx, Ninevaya – o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır”. Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı.
Qədim dövrlərdə Allah xüsusi insanlar; peyğəmbərlər seçərdi və Allah Öz sözlərini çatdırmaq üçün onları padşahlara və hətta millətlərə göndərərdi. Allahın onlara dediklərini etməli idilər. Yunus adlı bir adam da bu peyğəmbərlərdən biri idi.
Bir gün Allah ona qeyri-adi bir əmr verdi.
Allah buyurdu: “Yunus, Ninevaya get və xalqa xəbərdar et!”.
Yunus əvvəlcə səhv eşitdiyini düşündü. Nineva böyük və qüdrətli qonşu ölkə Aşşurun ən böyük şəhəri idi. Orada vəz etmək mümkün deyildi! Oradakı insanlar onu ələ salacaqdılar. Bəlkə də onu döyüb öldürəcəkdilər.
“Əsla Ninevaya getmərəm!” deyə Yunus qərarını verdi.
Bu vəzifəni yerinə yetirməmək üçün Allahdan qaçmağa və yad bir ölkədə gizlənməyə qərar verdi. Yol haqqını ödəyib bir gəmiyə mindi və gəmi yola düşdü.
Əvvəlcə hər şey qaydasında görünürdü, heç bir problem görünmürdü. Lakin onlar uzaqlaşıb açıq dənizi keçərkən, şiddətli bir tufan qopdu. Dəniz dəhşətli şəkildə yellənməyə başladı. Gəmiçilər qorxuya düşdülər və gəmi batmaq üzrəykən allahlarına yalvardılar: “Bizə kömək edin! Bizi qurtarın! Bizi eşidin, ey allahlar!”
Ancaq fırtına şiddətlə davam edirdi. Sizcə Yunus dua edirdi? Yaşayan Allahın kim olduğunu bilirdi, amma dua etmirdi, çünki Allahın onu görməsini istəmirdi. Yunus gəminin aşağı hissəsinə endi, uzanıb bərk yuxuya getdi. Bu zaman gəminin rəisi onun yanına gəlib onu oyatdı.
“Qalx və inanırsansa, Allahına dua et! Batdığımızı görmürsən?!”
Yunus fırtınanın qopduğundan şübhələndi. Bu, Allahdan qaçması ilə bağlı ola bilərdi. Ancaq yenə də Allahla danışmaq istəmədi.
Gəmiçilər göyərtədə durmuşdular.
Külək uğuldayanda onlardan biri qışqırdı: “Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?”.
Püşk Yunusa düşdü.
Gəmiçilər belə dedilər: “Sən kimsən? Sən nə etdin? Allah səni cəzalandırır, sənin cəzana görə bəla bizim başımıza da gəldi!”
Yunus belə cavab verdi: “Dənizi və torpağı yaradan göylərin Allahına ibadət edirəm. İndi mən Ondan qaçıram. Məni Ninevaya göndərdi, amma mən getmək istəmədim”.
Gəmiçilər donub qalmışdılar, çünki bu adamla nə edəcəklərini bilmirdilər.
Yunus belə dedi: “Məni götürüb dənizə atın! Onda dəniz sakitləşər. Çünki bilirəm, bu böyük fırtına mənə görə baş verdi”.
Gəmiçilər dedilər: “Yox, biz bunu edə bilmərik”. Lakin bütün səylərinin boşa getdiyini anlayanda, tanımadıqları Allaha onları bağışlaması üçün dua etdilər. Sonra Yunusu qaldırıb dənizə atdılar.
Dənizdə fırtına dayandı. Əvvəlcə gəmiçilər buna inana bilmədilər. Sonra göyərtədə diz çöküb həqiqi Allaha dua etdilər.
Bəs Yunusa nə oldu? O boğuldu?
Yox, boğulmayıb! Allah heç vaxt peyğəmbərinin ölməsini istəməmişdir. O, Yunusun Nineva xalqına vəz etməsini istədi. Buna görə də, Allah Yunusu udmaq üçün böyük bir balıq yetirdi. Yunus peyğəmbər üç gün üç gecə bu balığın qarnında qaldı. Qaldığı müddət o, həmişə Allaha dua etdi. Allah nəhayət balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.
Yunus quruya çıxanda dedi: “Rəbb necə də qüdrətlidir! Fırtınaya, dəniz canlılarına belə əmr edir, onlar da tabe olurlar” deyə düşündü.
Beləliklə, dərhal Ninevaya doğru yola düşdü.
SUALLAR
1) Nə üçün Yunus Ninevaya getmək istəmədi? Hara və necə qaçdı?
2) Fırtına niyə qopdu?
3) Fırtına niyə dayandı? Yunus quruya necə çıxdı?