Süleyman Müdriklik istəyir

Süleyman Müdriklik istəyir

Müqəddəs Kitab, Birinci Padşahlar, 2-ci, 3-cü fəsillər

Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi:”Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol. Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolları ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və göstərişlərinə əməl et...”

Padşah Davud ölməzdən əvvəl Yerusəlimdəki İsrail rəhbərlərinin hamısını çağırdı. Onlara Hüzur Çadırı əvəzinə, Rəbb üçün bir məbəd tikməyi düşündüyünü dedi. Amma Allah ona bunu etdirmədi, çünki Davud çox vuruşmuşdu və vaxtı olmamışdı.

Davud dedi: “Oğlum Süleyman, Rəbb üçün məbəd tikəcək. Allah mənə bunları vəd etdi: Süleymanı tərk etməyəcək və Onun əmrlərinə tabe olarsa, padşahlıqda taxtını həmişə qoruyacaq”.

Davud hamıya Allahın əmrlərinə tabe olmağı və Ona ürəkdən xidmət etməyi əmr etdi. Bütün ağsaqqallar və Davudun oğulları yeni padşah Süleymana tabe olmağa and içdilər.

Rəbb Süleymana xeyir-dua verdi. Süleyman güclü bir padşah oldu. Onu təkcə öz xalqı deyil, qonşu xalqlar da sevir, hörmət edirdilər.

Padşahlığının əvvəlində təvazökar və minnətdar olan Süleyman, Rəbdən bir şey istədi. Gecə Rəbb, gənc padşaha yuxusunda göründü və ona dedi:

“Sənə nə verməyimi istədiyini söylə.”

Süleyman dedi: “Sən həmişə atama dəstək oldun. İndi onun yerinə məni padşah etdin. Amma mən çox gənc və təcrübəsizəm. Ya Rəbb, mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?”

Rəbb cavab verdi: “Özün üçün uzun ömür, var-dövlət deyil, dərrakə istədiyin üçün istədiyini verəcəyəm. Hətta sənə elə bir var-dövlət və şöhrət verəcəyəm ki, heç kimsə sənin kimi ola bilməyəcək. Əgər atan Davud kimi əmrlərimə və hökmlərimə əməl etsən, sənə uzun ömür verəcəyəm”.

Süleyman oyandı və yuxusunda ona vəd etdiklərinə görə Allaha şükür etdi.

Bir gün iki qadın padşahın yanına körpə ilə gəldi. Onlar istəyirdilər ki, padşah onların ikisini dinləyib hökm versin. Qadınlardan biri dedi: “Biz bir evdə yaşayırıq. Təxminən eyni vaxtda övlad dünyaya gətirdik. Bir gecə, bu qadının oğlu öldü. Oğlunun öldüyünü biləndə, mən yatarkən oğlumu götürmüş və öz ölü uşağını mənim qoynuma qoymuş”.

Digər qadın dedi: “Yox, sağ olan uşaq mənim oğlumdur, ölən isə səninkidir”.

Padşahın önündə onlar beləcə mübahisə etdilər.

Bu, qərar verməsi çətin bir vəziyyət idi. Hamı padşahın qərarını gözləyirdi. Süleyman xidmətçisinə belə dedi: “Bir qılınc gətirin, uşağı iki yerə ayırın; yarısını birinə, yarısını isə o birisinə verin!”

Uşağın əsl anası fəryad etdi: “Aman, ağam, uşağı öldürməyin! Ona ver!”

O biri qadın isə dedi: “Uşaq nə mənim, nə də sənin olsun, onu yarıya bölsünlər!”.

Bu yolla padşah hansı qadının uşağın anası olduğunu üzə çıxardı. Birinci qadın uşağın anası idi!

Bütün İsrail, padşahın verdiyi müdrik qərarı eşitdi. Bütün xalq ona daha çox hörmət etdi, çünki gördülər ki, hökm etmək üçün onda Allahın hikməti var.

SUALLAR

1) Allah, Davudun nə üçün məbəd tikməsini istəmədi?

2) Süleyman Allahdan nə istədi?

3) Süleyman qadınlar arasındakı münaqişəni necə həll etdi?

38. Süleyman Müdriklik istəyir00:00 / 02:49