Casuslar

Casuslar

Müqəddəs Kitab, Saylar, 13, 14-cü fəsillər

Rəbb Musaya dedi: “İsrail övladlarına verəcəyim Kənan torpağına nəzər salmağa adamlar göndər; atalarının hər qəbiləsindən bir rəhbər göndər”.

Yeşua dedi: “Həqiqətən münbit torpaqdır”.

Musa Yeşuanı başqa on bir qəbilənin nümayəndələri ilə göndərmişdi. Onlar Vəd Edilmiş Torpağı kəşf edəcəkdilər. Qırx gün ölkəni dolaşdılar. Qayıdıb xalqa ölkənin bərəkətli torpaqlarını, yaşıl otlaqlarını, meşələrini izah etdilər. Bundan əlavə, üzərində bir salxım üzüm olan bir üzüm budağı da gətirdilər. O qədər böyük idi ki, adamlardan ikisi budağı dirəkdə daşıdılar. Bütün casuslar bir ağızdan dedilər: “Kənan ölkəsində həqiqətən süd və bal axır”.

Birdən tərəddüd etdilər. Nəhayət, onlardan biri cəsarətini toplayıb dedi: “Musa, nə qədər yaxşı olursa olsun, bu torpağa hücum edə bilmərik. Orada yaşayan xalq bizdən qat-qat güclüdür!”

Digər casuslar oranın xalqından bəhs etdilər. Onların hündür boylu olduqlarını və qalalı şəhərlərdə yaşadıqlarını söylədilər.

Bütün icma qəzəblə qışqırmağa başladı. Hamı Musaya qəzəbləndi, çünki Musa onları belə çıxılmaz vəziyyətə salmışdı. Birdən kimsə səsini yüksəltdi. Bu, Yəhuda qəbiləsindən Kalev idi, o da yeni ölkəni araşdıranlardan biri idi.

O, qışqırdı: “Biz onları məğlub edə bilərik! Mənə inanın! Amma hər şeydən əvvəl Rəbbə inanın! O bizə bu ölkəni verəcəyini vəd etdi. O, bizə kömək edə bilər!”

Yeşua da Kalevlə eyni fikirdə idi. Belə dedi: “Qorxmayın, cəsur olun! Qorxu təhlükəni daha da artırır. Sadəcə, Allaha qarşı çıxmayın!”

Bütün xalq uca səslə fəryad etdi, qəzəbli İsraillilər Yeşuanın və Kalevin sözünü kəsdilər. O qədər narazı və qəzəbli idilər ki, onlara qulaq asmırdılar belə. Ancaq birdən hamı Hüzur çadırının üstündəki buludu aydın gördü. Allahın izzəti Hüzur çadırında zühur etdi.

Narazılıq edən xalq, dərhal susdu.

Musa, Hüzur çadırına tərəf qaçdı. Allahın İsraillilərə nə deyəcəyini bilmək istəyirdi.

Uca Allahın hökmü bu idi: “Mənə inanmadıqları üçün onları vəba ilə cəzalandıracağam!”

Musa, xalqın günahını bir daha bağışlaması üçün Allaha yalvardı.

Allah cavab verdi: “Sənin istəyinə görə bu insanları məhv etməyəcəyəm. Amma izzətimi, Misirdə və səhrada göstərdiyim əlamətləri görüb, mənə itaətsizlik edən, Mənə xor baxan bu xalqın heç biri atalarına vəd etdiyim ölkəni görməyəcək. Onları Vəd Olunmuş Torpaqlara buraxmayacağam! Qırx il səhrada dolaşacaqlar, yalnız bundan sonra yeni ölkə onlara veriləcək. O vaxt da onların hamısı ölmüş olacaq. Kənana yalnız indi gənc olan Yeşua və Kalev çata biləcək”.

Müzakirə üçün suallar

3 sual
  1. Ölkəni kim araşdırmalı idi? Bunlar neçə nəfər idi? Onlardan ikisinin adı nə idi?

  2. Kənan ölkəsində nə gördülər?

  3. Bu hekayədən nə öyrəndik?

24. Casuslar00:00 / 02:41