
Tunc İlan
Müqəddəs Kitab, Saylar, 21:4-9-cu ayələr
Rəbb Musaya dedi: “Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın”.
İsraillilər uzun müddət səhrada dolaşdılar. İsrail xalqı Kənan torpağına yaxınlaşanda, bulud başqa istiqamətə doğru hərəkət edirdi, ona görə də onlar yenidən səhraya qayıtmalı olurdular. Onlar bu vəziyyətdən çox sıxılmışdılar, çünki bütün həyatları boyu Vəd Olunmuş Torpaqlara getmək istəmişdilər. Əgər xalq deyinməsəydi, Allah onları çoxdan Kənan torpağına aparardı. Lakin Allah onların Kənan torpağına girmələrinə icazə vermədi.
Bir gün yenə Allaha və Musaya qarşı çıxaraq belə dedilər:
“Bizi Misirdən niyə çıxardın? Səhrada acından öləcəyik. Burada nə çörək, nə də su var. Bundan əlavə, bu dadsız yeməkdən də iyrənirik”.
Allah onları cəzalandırmaq üçün zəhərli ilanlar göndərdi. İlanlar vuranda, bir çox insan öldü.
İsraillilər fikirlərini dəyişdilər və Musaya belə dedilər: “Rəbbə və sənə şikayət etməklə günah işlətdik. Yalvar ki, Rəbb ilanları bizdən uzaqlaşdırsın”.
Musa xalq üçün dua etdi. Allah onun dualarını eşitdi və belə dedi: “Tuncdan bir ilan düzəlt və onu dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın”.
İlan vuran hər kəs düşərgə qurduqları yerin hər tərəfindən tunc ilanı görə bilirdi. Ona baxan kimi sağalır, güclənir, sağlıqlarına qovuşurdular. Allaha güvənən və tunc ilana baxan İsraillilər, sağalıb Allaha ibadət etdilər. Amma təəssüf ki, hamı buna inanmadı. Sadəcə tunc ilana baxıb sağalmağın kifayət olmadığını düşündülər. İnanmadılar, baxmadılar və öldülər. Əslində, onları xilas edən tunc ilan deyil, Allah idi! Allahın onlardan istədiyi tək şey, Ona inanmaları və Onun onları xilas etməsinə razı olmaları idi.
SUALLAR
1) İsraillilər səhrada uzun müddət qaldıqdan sonra nə etdilər?
2) İnsanları cəzalandırmaq üçün Allah nə göndərdi?
3) Allah, ilanlar vurmuş insanları sağaltmaq üçün Musaya nə etməyi əmr etdi?