
Sina Dağı
Müqəddəs Kitab, Çıxış, 19; 20; 24; 31:18-ci fəsillər
Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi. Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi.
İsraillilər dağın ətəyində düşərgə saldılar, çünki bulud dirəyi orada yox idi. Allah Musaya dağa çıxmağı əmr etdi. Orada ona vacib bir şeyi izah edəcəkdi. Musa dağın başına çatanda, Allah ona dedi: “İsrail övladlarına mərhəmətimi gördün. Mən onları Misirdən çıxartdım. Mənim əmrlərimə tabe olacaqlarmı? Get, onlardan soruş”.
Musa xalqın yanına qayıdıb, bu haqda onlardan soruşdu. Onlar da, “Allah nə desə, onu da edəcəyik” dedilər.
Musa yenidən dağa çıxdı və xalqın sözlərini Allaha çatdırdı. “İsrail sənin əmrlərini yerinə yetirəcəyinə söz verir” dedi.
Allah belə dedi: “Musa, sənin vasitənlə onlarla danışacağam. Xalqın yanına dön və onlara Mənimlə görüşmək üçün hazırlaşmalarını söylə”.
Musa xalqın yanına enib İsraillilərə belə dedi:
“Üç gündən sonra Allah danışacaq, Onu dağın zirvəsində bir bulud içində görəcəksiniz. Buna hazır olun, paltarlarınızı yuyun. Təmiz, ağ paltarda Rəbbin hüzurunda durum”.
Bundan əlavə, Musa dağın ətrafında bir sərhəd çəkməyi əmr etdi. Beləliklə, heç kim təsadüfən dağa yaxınlaşıb və ya toxunub ölməzdi. Hətta onun heyvanlarının dağa yaxınlaşmasına izn yox idi, çünki ora Allahın izzəti ilə dolacaqdı.
Üç gün sonra, səhər tezdən insanlar güclü ildırım eşidib çox qorxdular. Musa onlara çadırlarından çıxıb, gözlərini Allaha çevirmələrini söylədi.
Onların gördükləri çox vahiməli idi. Sina dağının hər tərəfini tüstü bürüdü, bütün dağ titrəyirdi, çünki Allah dağa alov içərisində enmişdi. Dağ tüstü ilə örtüldü, göy guruldadı, şimşək çaxdı, xalq qorxudan titrəyirdi.
Allah Musaya dedi: “Mənim yanıma, dağın təpəsinə gəl”.
Musa Allaha itaət etdi və bütün camaatın qarşısında yuxarı çıxdı. Allah ona belə dedi:
“Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm. Məndən başqa allahların olmasın. Özün üçün büt oyma, bütlərin önündə əyilmə, onlara səcdə qılaraq ibadət etmə. Allahın Rəbbin adını boş yerə dilinə gətirmə. Şənbə gününü yadda saxlayıb təqdis et. Altı gün çalışıb bütün işlərini gör. Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, heyvanların, yanında qalan yadelli də heç bir iş görməsin. Ata-anana hörmət et ki, ömrün uzun olsun. Qətl etmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalandan şahidlik etmə. Heç kimin heç bir şeyinə tamah salma”.
Musa dağın başında tünd qaranlığa girdi və camaatın dediklərini Allaha çatdırdı. “Səni eşidəndə çox qorxdular. Bir daha onlarla danışmağını istəmirlər” dedi. Allah belə dedi: “Qorxmaları yaxşı şeydir. Səninlə danışacağam, sən dediklərimi onlara çatdıracaqsan”.
Allah, Musaya dağa çıxmağı və orada Onunla qalmağı əmr etdi. Musa qırx gün Allahla tək qaldı və bu müddət o yemədi və içmədi. Allah buludun içindən onunla danışdı və onu yaşatdı.
Allah, İsrail xalqına Onun üçün bir məbəd tikməyi əmr etdi. Bunu bizə Müqəddəs Kitab deyir. Bu məbəd sökülüb bir yerdən başqa yerə köçürülə bilən çadır olmalı idi. Bu çadırın adı Hüzur Çadırı idi. Allah onlardan əbrişim ağacından qızılla örtülmüş sandıq düzəltmələrini istədi. Bu sandıqda On Əmrin yazılı olduğu müqəddəs şəhadət lövhələri saxlanılacaqdı. Bu sandığın adı Əhd Sandığı idi.
Allah, üzərində şəxsən Özünün yazdığı On Əmrin olduğu iki şəhadət daş lövhəsini Musaya verdi.
SUALLAR
1) Allah dağın başında kiminlə danışmaq üçün səsləndi?
2) Musa nə üçün dağın ətrafına sərhəd çəkdi?
3) Nə üçün xalq artıq Allaha qulaq asmaq istəmədi?
4) Musa dağın başında nə qədər qaldı?
5) Musa ilə danışandan sonra Rəbb ona nə verdi?