
Manna və Qaya
Müqəddəs Kitab, Çıxış, 16; 17:1-7-ci fəsillər
Səhrada bütün İsrail övladlarının icması Musa ilə Harunun əlindən giley-güzar etdi. İsraillilər onlara dedilər: “Siz bizi bu səhraya ona görə gətirdiniz ki, bütün bu camaatı aclıqdan öldürəsiniz”.
Rəbb Musaya dedi: “Budur, Mən sizin üçün göydən çörək yağdıracağam”.
İsraillilər səhrada yol getdilər. Su qaynaqları gördükdə dayandılar, özləri və mal-qaraları ilə birlikdə susuzluqlarını yatırdılar və orada bitən xurma ağaclarının kölgəsində dincəldilər. Sonra Sin səhrasına doğru davam etdilər.
Misirdən çıxanda yemək üçün özləri ilə çörək götürmüşdülər, o da çoxdan bitmişdi. İndi nə yeyəcəkdilər? İsraillilər, Allahdan yemək istəməliydi. Allah onları sevərdi, onların aclıqdan ölmələrinə izn verməzdi. Lakin onlar hələ də Allaha güvənməyi öyrənmədikləri üçün, giley-güzar etməyə başladılar. Musanın və Harunun yanına gedib dedilər:
“Kaş biz Misirdə olarkən ölsəydik! Heç olmasa orada doyunca ət yeyirdik. Amma siz bizi acından öldürmək üçün bu səhraya gətirdiniz!”
Xalq, Allah və Musaya qarşı necə də nankor idilər! Lakin mərhəmətli və səbirli Rəbb, Musaya dedi:
“Mən xalqımın dediklərini eşitdim. Mən onlara yemək göndərəcəyəm”.
Ertəsi gün səhər İsraillilər çadırlarından çıxanda, yerin ağappaq olduğunu gördülər. Musa onlara dedi:
“Bu Allahın sizə göydən göndərdiyi çörəkdir. Onu yığıb çadırlarınıza aparın”.
İsraillilər bu səmavi çörəyi (manna) toplamağa başladılar, hamı kifayət qədər topladı. Allah çörəyi səhər tezdən göndərmişdi. İnsanlar bu çörəyi günəşdə əridiyi üçün dərhal toplamalı idilər.
Musa onlara dedi:
“Artıq yığmayın, hər kəs yeyə biləcəyi qədər yığsın, çünki Allah sizə hər gün çörək göndərəcək”.
Amma bəziləri Musaya itaət etmədi və ertəsi səhər üçün də çörək yığdılar. Bu çörəkdən səhəri gün də yemək istəyirdilər, ancaq artıq yığdıqları çörəklər qurdlandığı üçün onları atmalı oldular.
Bundan az müddət sonra, İsrail xalqının suyu tükəndi. Səhrada çay, göl və quyu yox idi. Allah onların susuzluqdan ölməsinə icazə verəcəkdimi?
Əlbəttə ki, yox.
Lakin İsraillilər Allahdan kömək istəmək əvəzinə, gedib Musanı gileyləndilər. “Niyə bizi Misirdən çıxartdın? Övladlarımızı və heyvanlarımızı səhrada susuzluqdan öldürmək üçünmü?” deyə giley-güzar etdilər.
İsraillilər o qədər qəzəblənmişdi ki, Musanı az qala daşqalaq edəcədilər. Musa yenə Rəbbə fəryad etdi.
“Axı mən bu xalq ilə nə edim?” o fəryad etdi.
Allah Musaya dedi:
“Əsanı götür, dağa qalx. Özünlə bir neçə İsrail ağsaqqalı götür. Qayaya yaxınlaşanda, əsanla qayaya vur, qayadan su çıxacaq”.
Musa qayaya vurdu və tər-təmiz, şirin su fışqırdı. Susuz insanlar üçün dadı necə də xoş idi! Hamının ağzı, dodaqları qurumuşdu amma, indi su içə bilirdilər, su qablarını doldurur, heyvanlarına su verirdilər.
İsrail xalqı giley-güzar edib Allaha güvənmədi, amma səhrada olduqları müddətdə Allah onları tək buraxmadı.
SUALLAR
1) Səhra nəyə bənzəyirdi?
2) İsraillilər ac olanda nə etdilər?
3) Allah onları necə yedizdirdi?
4) Səhəri gün üçün əlavə yığılan çörək niyə xarab oldu?
5) İsraillilər suları qurtaranda nə etdilər?
6) Allah onları su ilə necə təmin etdi?