
Yanan Kol və Böyük Məqsəd
Müqəddəs Kitab, Çıxış, 3-12-ci fəsillər
Rəbb dedi: “Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim... Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa... aparım”.
Bir gün Musa, Sina dağında qoyunlarını otarırdı. Birdən qəribə bir şey gördü. Bir koldan alov qalxırdı. “Nə qəribədir! Kol yanır, amma tükənmir!” dedi. Musa çaşqın halda kola yaxınlaşmaq qərarına gəldi. O anda bir səsin ona belə dediyini eşitdi:
“Musa! Musa! Mən İbrahim, İshaq və Yaqubla danışan Allaham. Mən İsraillilərin əzab-əziyyətini gördüm və fəryadını eşitdim. Onları əsarətdən azad edib, süd və bal axan torpağa, Kənan torpağına gətirməyə qərar verdim. Bax, səni, xalqım İsraili Misirdən çıxarmaq üçün Fironun yanına göndərəcəyəm. Qorxma, mən həmişə səninləyəm, sənə kömək edəcəm”.
Musa belə cavab verdi: “Məni göndərəcəksən? Amma ya Rəbb, xalqımın yanına gedib “Məni sizə atalarınızın Allahı göndərib” desəm, “Onun adı nədir?” deyə soruşacaqlar”.
Yanan koldan cavab gəldi: “Var Olan Mənəm. Mən tək Allaham, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam».
Musa dedi: “Yaxşı, amma gözəl, səlis danışa bilmirəm. Dili ağır, cəsarətsiz adamam. Buna görə də, İsraillilər, xüsusən də firon mənə qulaq asmaz”.
Allah belə dedi: “İnsanları Mən yaratmadımmı? Onlara danışmağı öyrətmədimmi? Səni rahatlıqla danışdıra bilərəm, ağzından lazım olan sözləri çıxara bilərəm”.
Lakin Musa müqavimət göstərməyə davam etdi.
“Yalvarıram, başqasını göndər!” dedi.
Allah qəzəbləndi və belə dedi:
“Yox Musa! Sən gələcəksən! Əgər danışmağa qorxursansa, yanında qardaşın Harunu da götür, o səndən yaxşı danışa bilir. Amma səni İsrail xalqını əsarətdən qurtarıb gətirmən üçün göndərirəm!”
Beləliklə, Musa Misirə qayıtdı. Allahın ona əmr etdiklərini yerinə yetirəcəkdi. Musa və Harun, fironu İsrailliləri buraxması üçün razı salmağa çalışsalar da, firon bunu heç cür qəbul etmədi. İsraillilər daha da çox işləməyə məcbur etdirildi və onların cəzası daha da ağırlaşdırıldı. Allah, firona və Misir torpaqlarının üzərinə müsibətlər, həşəratlar və xəstəliklər kimi on bəla göndərdi, lakin firon, insanları Vəd Olunmuş Torpaqlara göndərməyi rədd etdi.
Musa vasitəsilə Allah əmr etdi: “Hər bir ailə qüsursuz, bir yaşında erkək quzunu götürüb Pasxa qurbanı kimi kəsməlidir. Pasxa bayramının mənası 'yan keçmək' deməkdir. Heyvanın qanını bir ləyənə tökülüb, axşam evlərin yan və üst qapı çərçivələrinə sürtmülməlidir”. Rəbbin mələyi Misirdən keçdi və bütün ilk doğulanları öldürdü. Mələk qapısında qan izi olan evlərin üzərindən isə yan keçdi.
Atalar belə deyirdi: “Yeməkdən əvvəl bir neçə şey etməliyik. Hər biriniz, uzun səfərə gedirsiniz kimi paltarlarınız üstünüzdə olmalıdır. Əsanız əlinizdə olmalıdır. Əti tez yeməlisiz. Bu gün Rəbbin Pasxa bayramıdır. Allah bu günü xatırlayıb, nəsillər boyu qeyd etməyi əmr etmişdir”.
Bütün ailələr süfrəyə toplandılar. Yemək olaraq, acı otlarla ət qızartmışdılar. Uşaqlar dadı xoşlamadılar, amma ataları vəziyyəti onlara belə izah etdi:
“Misirdəki ağır köləliyimiz bu otlar qədər acı idi.”
Həmin axşam yedikləri çörək də fərqli idi.
Analar belə dedi: “Çörək mayasızdı! Musanın əmri ilə mayasız çörək bişirdik. Mayasız çörək, bu yerdən ayrılmağa hazır olduğumuzu göstərir, çünki uzun yola çıxarkən mayalı çörək bişirməyə vaxt qalmadı”.
Nəhayət, ailələr yuxuya getdilər. Ertəsi gün səhər, İsraillilər evlərinin yaxınlığında gözləyirdilər. Bu, onların uzun müddətdir gözlədikləri böyük gün idi?
Atlı bir İsrailli qasid gəldi və xəbər verdi.
Uzaqdan qışqırdı: “Hər şey Rəbbin dediyi kimi oldu! Bu gecə hər bir Misirli ailə ilk doğulan oğlunun ölümüylə əziyyət çəkdi. Fironun oğlu da öldü. Firon, Allahın əmrinə mane ola bilmədi. Allah buna icazə verməyəcəyini göstərdi”.
Xalq soruşdu: “İndi nə etməliyik?”.
Qasid dedi: “Artıq yığılmısınız, getməyə hazırsınız. Əşyalarınızı da yanınıza götürün və görüş yerinə gedin”.
İnsanlar evlərinə gedib, hazır olan əşyalarını aldılar. Atalar, ən böyük oğullarının əlini tuturdular. Qapı çərçivələrinin üstündə və yanındakı qanı göstərib belə deyirdilər:
“Bu qan İsraillilərin burada yaşadığına işarədir. Oğlum, bu qan səni Allahın qəzəbindən xilas etdi!”
Pasxa bayramı belə yarandı. Bu gün, Allahın Öz xalqını Misirdən çıxartdığı gün idi.
Firon, Musa və Haruna belə dedi: “Çıxın gedin! Siz və İsraillilər, xalqımın arasından çıxıb gedin!”
Misirlilər onların dərhal ölkəni tərk etmələrini israr etdilər.
Allah onları çıxardana qədər İsraillilər Misirdə toplam 430 il yaşadılar. Qadınlar və uşaqların yanında təqribən altı milyon kişi var idi.
SUALLAR
1) Musa səhrada nə görəndə təəccübləndi?
2) Allah Musaya nə əmr etdi?
3) Firon beşinci bəladan sonra İsraillilərin getməsinə izn verdimi?
4) Pasxa Bayramının mənası nədir?