Köləlikdə Keçən İllər

Köləlikdə Keçən İllər

Müqəddəs Kitab, Yaradılış Kitabı, 37:13-36-cı ayələr

Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar...

Bir gün Yaqub, Yusifi qoyunları otaran qardaşlarının yanına göndərdi. Ona belə dedi: “Get, qardaşlarına və sürüyə bax. Hər şey yolundamı, deyilmi, mənə xəbər gətir”.

Yusif atasının işlərini görmək üçün çox həvəsli idi və buna görə də, dərhal yola düşdü. Özü ilə nə eşşək, nə də nökər götürdü. Gözəl paltarını geyindi və atası ilə sağollaşdı.

Yusif qardaşlarını axtarmağa davam etdi və nəhayət bir nəfər ilə qarşılaşdı. Bu adam, qardaşlarının sürünün yanında olduğunu söylədi. Qardaşları Yusifi uzaqdan gördülər. Bir-birinə belə dedilər: “Baxın, yuxu görənimiz gəlir. Gəlin onu öldürüb bir quyuya ataq. Sonra atamıza deyərik ki, onu vəhşi heyvan parçaladı. Görək o zaman yuxuları necə olacaq!”

Yusif onlara yaxınlaşanda böyük qardaş Ruven dedi: “Onu öldürməyin. Gəlin qan tökməyək. Gəlin onu o quyuya ataq”. Ruvenin məqsədi, Yusifi quyudan xilas edib, atasına geri qaytarmaq idi.

Qardaşlar Yusifi öldürməmək qərarına gəldilər. Yusif onlara çatanda, qardaşları onun əynindəki əlvan paltarı çıxartdılar. Yusif onların məqsədini başa düşdü. Qışqırdı və onu buraxıb atasının yanına geri aparmaları üçün yalvardı amma, qardaşları ona qulaq asmadılar, çünki pis ürəkli idilər.

Yusifi dərin, boş bir quyuya atdılar. Orada, taqətdən düşmüş, ac və susuz qaldı. Atasını bir daha görməyəcəyi fikri ürəyini parçaladı.

Yusifin ağlama və iniltisindən xəbərsiz, zalım qardaşları yeməyə oturdular. Sonra bir tacir karvanı gördülər. Misirə ədviyyat, balzam və başqa mallar daşıyırdı. Qardaşlardan biri olan Yəhuda belə dedi: “Mənim bir fikrim var! Bu karvan Misirə gedir. Gəlin Yusifi kölə olaraq sataq! Uzaq yerə gedəcəyi üçün, onu öldürməyimizə ehtiyac qalmaz”.

Karvan yaxınlaşanda, qardaşlar tacirlərə tərəf qaçdılar.

“Sizə bir kölə satmaq istəyirik. O, yaraşıqlı, on yeddi yaşında, sağlam və güclüdür. Onu Misirdə yaxşı qiymətə satıb, çoxlu qazanc əldə edə bilərsiniz” dedilər.

Yusifin qardaşları onu quyudan kəndirlə çıxartdılar. Tacirlər Yusifi müayinə etdikdən sonra onu iyirmi gümüşə aldılar.

Bir müddət sonra qardaşlar, ataları Yaquba Yusifin keçi qanına boyanmış rəngli paltarını gətirdilər. Vəhşi heyvanın onu parçalayıb yediyini dedilər.

Günlərlə Yaqub sevimli oğlu üçün yas tutdu. Heç bir şey onun kədərinə təsəlli verə bilmədi.

Müzakirə üçün suallar

3 sual
  1. Yusifin qardaşlarının planı nə idi?

  2. Yusifin qardaşlarından hansı onu xilas etməyə çalışdı?

  3. Yusifin qardaşları ona nə etdilər?

15. Köləlikdə Keçən İllər00:00 / 02:30