Misirdə

Misirdə

Müqəddəs Kitab, Yaradılış, 39, 40, 41-ci fəsillər

Rəbb Yusiflə idi və o, işlərində uğur qazanırdı.

Tacirlər Yusifi Misirə aparıb Potifara satdılar. Potifar fironun xidmətçisi, mühafizəçilər rəisi idi. Yusif dərhal Misir dilini öyrəndi və etdiyi hər işdə uğur qazandı. Tezliklə o, ağası Potifarın nökərlərinin idarəçisi oldu. Allah Yusifi yad ölkədə tək buraxmadı, ona kömək etdi. Yusif buna çox sevindi.

Arvadından fərqli olaraq, Potifar Yusiflə yaxşı davranırdı. Bir gün Potifar yoxkən, onun arvadı Yusifi etmədiyi bir şeydən ötrü günahlandırdı. Buna görə də Yusifi zindana atdı. Orada belə Allah onu tək buraxmadı.

Zindanın baş nəzarətçisi Yusifin etibarlı bir insan olduğunu anladı. Bütün məhbusları Yusifin ixtiyarına verdi. Bir gecə Fironun məhbus olan saqisi və çörəkçisi yuxu gördülər. Onlar çox narahat idilər.

Yusif belə bir təklif etdi: “Əgər Allah yuxularınızın mənası haqqında mənə yol göstərərsə, sizə izah edərəm. Yuxunuzu mənə danışın”.

Saqi və çörəkçi yuxularını danışarkən, Yusifin çox düşünməsinə ehtiyac qalmadı. Yuxuların mənasını Allahın Özü açıqlamışdı.

Çox keçmədi ki, zindandan uzaqda, çox fərqli bir yerdə başqa biri qəribə yuxu gördü. Bu adam Misir fironu idi. Yuxusunda yeddi inəyin Nil çayından çıxdığını gördü. İnəklər kök və parlaq tüklü idi. Çayın kənarında otlayırdılar. Sonra Nil Çayından daha yeddi inək çıxdı. Amma onlar çirkin və cılız idilər. Onlar bir dəri və bir sümük idi. Çirkin inəklər kökləri yeyirdilər, amma yenə də əvvəlki kimi arıq görünürdülər.

Firon oyandı, çox keçmədi ki, yenidən yuxuya getdi və başqa bir yuxu gördü. Bu dəfə, bir saplaqda yeddi sünbül çıxdığını gördü. Sünbüllər dolu və yaxşı idi. Ancaq birdən daha yeddi cılız, yanmış sünbül göründü. Cılız sübbüllər dolğun olanları uddular. Baxmaq qorxulu idi.

Çaşqın və narahat olan Firon soyuq tərlər tökərək oyandı. Bu yuxuların yozula biləcəyini bilirdi, görəsən mənası nə idi?

Firon düşündü, amma yuxusunda gördüklərinin izahını edə bilmədi. O, Misirin bütün sehrbazlarını və müdriklərini sarayına çağırdı. Hamısı bir yerə toplananda, Firon onlara yuxularını danışdı. Lakin bu müdriklərin heç biri yuxunun mənasını yoza bilmədi. Firon qəzəblə onların hamısını qovdu. Bu vaxt baş saqi zindandaykən Yusifin, yuxusunu yozduğunu xatırladı. Saqi Firona Yusif haqqında danışdı və Firon dərhal Yusifi yanına çağırtdı.

“Yuxuları yoza bilirsən, elə deyilmi?” deyə Yusifdən soruşdu.

Yusif dedi: “Yox, mən edə bilmərəm. Sadəcə Allahım yozmağıma kömək edir” dedi.

Firon yuxusunda gördüklərini ona danışdı.

Yusif dedi: “Hər iki yuxunuz eyni məna daşıyır. Yuxunuzda gördüyünüz yeddi yaxşı bəslənmiş inək və yeddi gözəl sünbül, Misirdə yeddi bolluq dolu il deməkdir. Yeddi çirkin inək və yeddi quru sünbül, yeddi il aclıq olacağını bildirir. Aclıq o qədər şiddətli olacaq ki, ondan əvvəlki bolluq illəri heç vaxt xatırlanmayacaq. Bu barədə iki dəfə yuxu görməyin mənası budur ki, Allah qəti qərarını verdiyini və onu tezliklə həyata keçirəcəyini göstərir”.

Firon çox narahat oldu.

“Bu təhlükənin qarşısını almağın bir yolu yoxdur?” o soruşdu.

Yusif cavab verdi: “Bir yol var. Aclıq gələcək, amma buna hazır olmalısan. Taxıl ehtiyacını qabaqcadan görə bilən bir müdrik adam təyin etməyi tövsiyə edirəm. Gələcək məhsuldar illərin bütün məhsullarını yığsınlar, Fironun nəzarəti altında şəhərlərdə saxlasınlar. Aclıq gələndə, kifayət qədər ehtiyat olacaq”.

Firon bu təklifdən məmnun qaldı. O, ayağa qalxıb Yusifə belə dedi:

“İndi ki, Allah sənə bütün bu şeyləri bildirdi, deməli, sənin kimi ağıllı və müdrik adam yoxdur. Bütün xalqım sənin əmrinlə idarə olunacaq. Səni bütün Misir ölkəsinə başçı təyin edirəm. Taxtdan başqa səndən heç bir üstünlüyüm olmayacaq”.

Firon üzüyünü barmağından çıxardı və qüdrət simvolu olaraq Yusifin barmağına taxdı. Ona, bahalı və gözəl paltarlar geyindirdi. Boynuna qızıl zəncir taxdı. Firon, bundan əlavə Yusifə at arabası verdi və o keçərkən hər kəsin onun qarşısında əyilməsini əmr etdi.

Beləliklə, Yusif Misirin başçısı oldu. Ölkənin başçısı olaraq Yusifin çox çalışması lazım idi. Ölkənin hər yerində böyük anbarların tikilməsini əmr etdi. Vaxtını tətillə, bayramla, ya da yaxşı vaxt keçirməklə itirmirdi. O, ancaq xalqın rifahını düşünürdü.

Yusif Allaha hədsiz dərəcədə minnətdar idi. Allah onu zindandan qurtarmışdı. Onu xoşbəxt edən bahalı geyim və güc deyildi. İnsanlara yaxşılıq etmək, onları aclıqdan qorumaq onu məmnun edirdi.

Çox keçmədən Yusif evləndi və iki oğlu oldu. O, həmişə qoca atasını düşünür və bir gün onu görmək ümidini heç vaxt itirmirdi. O həmçinin, qardaşlarını da unutmadı, etdikləri əməllərindən peşman olmalarına ümid etdi. Yusif ürəyində qardaşlarına nifrət etmirdi. Allahın onun Misirdə qul kimi satılmasına icazə verdiyini bilirdi. Allah bunu sadəcə Misir xalqını, yaxınlaşan aclıqdan xilas etmək üçün deyil, həm də Yaqubun bütün ailəsini xilas etmək üçün etdi.

SUALLAR

1) Tacirlər Yusifi satın aldıqdan sonra onu hara apardılar?

2) Yusifi kimə satdılar?

3) Allah Misirdə Yusifə necə kömək etdi?

16. Misirdə00:00 / 05:31