
İsa Xəstə Qadına Şəfa Verir
Müqəddəs Kitab, Luka, 8-ci fəsil, 42-48-ci ayələr
İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı. Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı... İsa da ona dedi: “Qızım, imanın səni xilas etdi. Arxayın get”.
İsa qayıqla Kefernahuma qayıdanda, böyük bir izdiham Onu orada gözləyirdi. İnsanlar şəhərin dar küçələri ilə Onun ardınca gedirdilər. İsa çətinliklə yeriyirdi, çünki izdiham onu hər tərəfdən sıxırdı.
Birdən Rəbb dayandı, dönüb dedi: “Mənə toxunan kim idi?”.
Ondan qüvvət çıxdığını bildi. Şagirdlər təəccübləndilər və belə dedilər: “Ustad, izdiham Səni əhatə edib sıxışdırır”. Yenə də, “Kim Mənə toxundu?” deyirsən.
İsa onlara cavab vermədi, lakin Ona toxunanı axtarmağa davam etdi.
İsanın ardınca gedənlər arasında bir xəstə qadın da var idi. On iki ildir ki, çoxlu həkimlərdə müalicə almışdı, varını-yoxunu həkimlərə xərcləmişdi, amma bunun heç bir faydası olmamışdı. Sonra İsanın möcüzələrini eşidib sağalmaq üçün Onun yanına gəldi. Onu görməz deyə İsaya yaxınlaşdı və fikirləşdi: “Sadəcə paltarına toxunsam, sağalaram”. Qadın, Onun şəfa vermə gücünə sahib olduğunu bilirdi! O, İsa Məsihin paltarının parçasına toxunduqda, dərhal sağaldığını hiss etdi.
İsa, şübhəsiz ki, Ona kimin toxunduğunu bilirdi. Amma qadının cəsarətini toplayıb bunu yüksək səslə elan etməsini gözləyirdi. Nəhayət, qadın bunu etdi!
Qorxudan titrəyərək irəli atıldı, İsanın ayağına düşdü və hər şeyi Ona dedi. İsadan aldığı cavab sevgi dolu idi. İsa belə deyirdi: “Qızım, imanın səni xilas etdi. Arxayın get”.
SUALLAR
1) Rəbb və şagirdləri hansı şəhərə gəldilər?
2) Xəstə qadın nə etdi?
3) Qadın necə sağaldı?