Odlu Soba

Odlu Soba

Müqəddəs Kitab, Daniel, 3-cü fəsil

Şadrak, Meşak və Aved-Neqo padşaha cavab verdi: “... qulluq etdiyimiz Allahımız bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin də əlindən qurtaracaq”.

Çox keçmədən, padşah Navuxodonosor, Danielin Allahının tək həqiqi Allah olduğunu unutdu. Qızıldan bir heykəl düzəltdi. Beləliklə, xalq bu heykələ sitayiş edəcəkdi. O, möhtəşəm bir mərasim hazırladı. Bu mərasimə Danielin dostları da daxil, bir çox adam çağırıldı. Xəbər göndərildi. Buna görə musiqi başlayanda hamı yerə əyilib heykələ səcdə edəcəkdi. Buna tabe olmayan hər kəs odlu sobaya atılacaqdı.

Bayram başladı, musiqi səsi eşidildi, üç gənc Yəhudidən başqa, hamı yerə əyildi və qızıl heykələ səcdə etdi. Nökərlər bu vəziyyəti padşaha çatdırdılar. Navuxodonosor çox qəzəbləndi. O, gəncləri yanına çağırdı və onlara belə bir seçim təklif etdi:

“İndi, ya yerə əyilib heykələ səcdə edəcəksiniz, ya da odla qızmış sobaya atılacaqsınız! Onda görək hansı allah sizi mənim əlimdən xilas edəcək?”

Şadrak, Meşak və Aved-Neqo padşaha belə dedilər:

“Qulluq etdiyimiz Allah bizi odla qızmış sobadan xilas etməyə qadirdir və sənin əlindən də qurtaracaq. Amma bizi qurtarmasa belə, biz sənin allahlarına qulluq edən deyilik və qoyduğun qızıl heykələ səcdə etməyəcəyik”.

Buna cavab olaraq Navuxodonosor sobanı adətən qızdırdıqlarından yeddi dəfə artıq qızdırmağı əmr etdi. Sonra ordusunun ən güclü əsgərlərinə əmr etdi ki, gəncləri bağlayıb odla qızmış sobaya atsınlar.

Əsgərlər Şadrak, Meşak və Aved-Neqonu sobanın qapısına apardılar. Soba o qədər isti idi ki, alovun istisi əsgərləri yandırıb-yaxaraq öldürdü. Üç gənc oğlan bağlı olaraq odla qızmış sobaya atıldılar. Padşah da bu vəziyyəti seyr edirdi. Birdən təəccüb və qorxu içində sobanın içində izah edə bilmədiyi bir şey gördü. O, dərhal ayağa qalxdı və müşavirlərinə belə dedi:

– Üç nəfəri sobaya atmayıblar?

Müşavirlər, “Doğrudur!” dedilər.

Navuxodonosor belə mızıldandı: “Amma mən dörd nəfər görürəm. Onlar odda, bağlanmadan, zərər görmədən gəzirlər. Dördüncüsü Allahın Oğluna bənzəyir”.

Padşah sobaya yaxınlaşıb səsləndi:

“Ey Allah-Taalanın qulları Şadrak, Meşak və Aved-Neqo! Çıxın və buraya gəlin!”

Üç nəfər oddan çıxıb padşaha yaxınlaşdılar. Padşahın müşavirləri bunu qeyd etdilər: Alovun təsirindən adamların başlarında bir tük belə yanmayıb, paltarları dəyişməyib, odun hisi də onlara hopmayıb. Bu, həqiqi bir möcüzə idi, çünki ən güclü əsgərlər belə açıq sobaya yaxınlaşanda ölmüşdülər.

Navuxodonosor, gənc Yəhudilərin ibadət etdikləri Allahı şərtsiz güc kimi qəbul etdi. O, bəyan etdi: “Şadrakın, Meşakın və Aved-Neqonun Allahına alqış olsun! O, mələyini göndərdi və ona güvənən qullarını xilas etdi. Onlar öz Allahlarından başqa heç bir allaha ibadət edib səcdə qılmamaq üçün canlarını təhlükəyə atdılar!”

Navuxodonosor üç dosta vəzifələrini və hüquqlarını geri verdi. Beləliklə, onların nüfuzu daha da artdı.

SUALLAR

1) Navuxodonosor necə bir əmir verdi?

2) Danielin dostları niyə qızıl heykələ səcdə etməkdən imtina etdilər?

3) Allah onları necə qurtardı? Navuxodonosorun reaksiyası necə oldu?

45. Odlu Soba00:00 / 03:03