
Belşassarın Ziyafəti
Müqəddəs Kitab, Daniel, 5-ci fəsil
Elə bu an bir insan əlinin barmaqları göründü və şamdanın yanında padşah sarayının divarının suvağı üzərinə nəsə yazdı. Padşah yazan əli gördü.
Navuxodonosor öldükdən sonra, Belşassar Babil padşahı oldu. O, vaxtını əyləncəyə, ziyafətlərə həsr edirdi. Babil şəhəri mühasirədə olarkən, padşah öz sarayında böyük ziyafət verirdi.
Onun minlərlə zadəganı ziyafətə gəlmişdi, şərab su kimi axırdı. Sərxoş olan Belşassar, gümüş və qızıl qabların gətirilməsini əmr etdi. İçkilərini onlarla içəcəkdilər. Babillilər Yerusəlimi yağmalayanda, Belşassarın atası Navuxodonosor qabları Yerusəlimdəki məbəddən götürmüşdü. Belşassar və yanındakılar bu qablardan su içərək bütlərini və bütlərinin güclərini təriflədilər. Bütlərin özlərini təhlükəsiz saxlamaq üçün kifayət qədər güclü olduğuna inanırdılar.
Amma birdən otaqda tam səssizlik çökdü. Padşah və yanındakılar dəhşət içində saray divarına baxdılar. Bir insan əli divara naməlum sözlər yazırdı. Amma yazılanları heç kim oxuyub izah edə bilmirdi. Padşahın üzü soldu, dizləri titrəməyə başladı. Yazının tam mənasını bilmədiyi üçün özünü çarəsiz hiss etdi.
Ucadan qışqıraraq Babil falçılarını və müdriklərini çağırtdı. Padşah Belşassar yazını oxuya bilənə böyük mükafat vəd etdi, lakin heç kim onu oxuya bilmədi. Sonra anası mələkə ona dedi ki, padşahlıqda bunu oxuya bilən bir adam var. O, içində Allahın ruhunun olduğunu bildirdi. Onun adı Daniel idi. Daha əvvəllər padşah Navuxodonosor onu bütün müdriklərin başçısı təyin etmişdi.
Daniel, Belşassarın hüzuruna gətiriləndə padşah belə dedi:
“Mən eşitmişəm ki, səndə Allahın ruhu var və sən nuranilik, dərrakə və böyük müdriklik sahibisən. Babilin bütün müdrikləri mənə yazının mənasını izah edə bilmədilər. Əgər indi bu yazılanı oxuyub mənasını sən izah edə bilsən, səxavətlə mükafatlandırılıcaqsan”.
Daniel belə cavab verdi: “Qoy hədiyyələrin özünə qalsın və mükafatlarını da başqasına ver. Yazılanı isə oxuyub mənasını izah edə bilərəm”.
Daniel belə davam etdi: “Allah yer üzündəki bütün padşahlar və padşahlıqlar üzərində hökmrandır. Amma sən, ey Belşassar, Rəbbin qarşısında itaətkarlıq etmədin. Qürurlu idin və yerini bilmirdin. Rəbbin məbədinin qablarını sənin hüzuruna gətirdilər və sən, əyanların, arvadların, cariyələrin bunlarla şərab içdiniz. Sən qızıl-gümüş, tunc, dəmir, ağac və daşdan olub, görməyən, eşitməyən, anlamayan allahlara həmd etdin, ancaq nəfəsin əlində olan və etdiyin hər şeyə göz qoyan Allahı izzətləndirmədin. Buna görə də Allah bir əl göndərib bu sözləri yazdı. Yazılan sözlər budur: Mene, Mene, Teqel və Parsin. Bu sözlərin mənası isə budur: Mene - Allah sənin padşahlıq müddətini hesabladı və ona son qoydu. Teqel - sən tərəzidə çəkildin və yüngül olduğun bilindi. Peres - sənin padşahlığın bölünərək Midiyalılara və Farslara verildi”.
Belşassar həmin gecə öldürüldü. Babil, Fars padşahı Kir tərəfindən fəth edildi. Beləliklə, böyük Babil padşahlığı yox oldu.
SUALLAR
1) Babil mühasirəyə alınarkən Belşassar nə edirdi?
2) Ziyafətdə şərabı nə ilə içdilər?
3) Belşassar və onun əyanları nə gördülər? Bunu Belşassara kim izah etdi?
4) Belşassarın sıxıntısı nə idi? Ona nə oldu?